7 saylı xüsusi internat məktəbilə bağlı qalmaqal böyüyür Hadisə

7 saylı xüsusi internat məktəbilə bağlı qalmaqal böyüyür

Nahid Cavadovun valideynləri uşağın məktəbdə yıxıldığını deyirlər
Hicran Hüseynova: "Kimsə cinayətə yol veribsə, cəzalandırılacaq"

"Komitə olaraq Suraxanı rayonunda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində baş verən hadisə diqqətimizdədir".
APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədri bildirib ki, hazırda bununla bağlı komissiya yaradılıb və onlar 7 nömrəli xüsusi internat məktəbinə cəlb olunublar: "Əgər kimsə orada cinayətə yol veribsə, əlbəttə ki, o insanlar cəzalandırılacaq. Bu işlə hazırda hüquq-mühafizə orqanları məşğul olur. Hər hansı bir uşağa təzyiq olunubsa, aidiyyatı orqanların tədbir görəcəyinə əminəm".
Nahid Cavadovun babası Racəddin Cavadov və Təhsil Hazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamalarında uşağın məktəbdə yıxıldığını bildiriblər.
Qeyd olunub ki, hadisə ilə bağlı müvafiq araşdırma aparılır, Təhsil Nazirliyində xüsusi komissiya yaradılıb. Faktla bağlı yekun məlumat ekspertizanın rəyindən sonra məlum olacaq və müvafiq araşdırmanın nəticələri açıqlanacaq.
Hadisə yerində Nahid Cavadovun anası və atası ilə telefon əlaqəsi yaradılıb. Valideynlər jurnalistlərə açıqlamalarında uşağın yıxıldığını deyiblər. Onlar bu hadisənin köhnə müdirlə yeni müdirin ədavətinin nəticəsi ola biləcəyini də güman ediblər.
Qeyd edək ki, sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində II sinif şagirdi Nahid Cavadovun müəllim tərəfindən dəyənəklə döyülməsi barədə məlumatlar yayılıb. Sonradan isə "youtube"də Nahid Cavadovun videosu yayılıb. O, Afaq adlı müəllimə tərəfindən döyüldüyünü deyib.
Lakin maraqlıdır ki, məktəblərdə təhlükəsizlik kameraları quraşdırılmasına rəğmən, bu kimi halların araşdırılmasında kamera görüntülərindən istifadə olunmayıb. Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib ki, internat məktəbdə müşahidə kameraları olsa da, baş vermiş hadisəni bu kameralar vasitəsi ilə izləmək mümkün deyil.
Cəsarət Valehov bildirib ki, hadisə ayaqyolunda baş verib, bu kimi yerlərdə isə etik səbəblərdən kameralar quraşdırılmır. Qeyd edək ki, Təhsil Nazirliyinin hadisə ilə bağlı yaydığı açıqlamada hadisənin ayaqyolunda baş verdiyi, Nihad Cavadovun ayağının sürüşərək yıxıldığı, bu səbəbdən xəsarət aldığı bildirilir. Məlumatda qeyd olunur ki, ayaqyolunda yıxılan Nihadı X sinif şagirdi ayaqyolundan çıxarıb.
Xatırladaq ki, Təhsil, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri hadisə yerində araşdırma aparmağa başladıqlarını açıqlayıblar.