Azərbaycanlı alim beynəlxalq fondun Bakı bölməsinin rəhbəri seçilib Hadisə

Azərbaycanlı alim beynəlxalq fondun Bakı bölməsinin rəhbəri seçilib

Özbəkistanda Beynəlxalq Babur İctimai Fondunun idarə heyətinin iclasına keçirilib.
İclasda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri" şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova) təmsil edib.
Tədbirdə fondun sədri, professor Zakirjon Maşrapov çıxış edərək bildirib ki, 25 il əvvəl yaradılan bu təşkilatın Bakı bölməsinin yaradılmasına zəruri ehtiyac var.
Vurğulanıb ki, fondun bir çox ölkələrdə - Türkiyə, Qazaxıstan, Hindistan, Koreya Respublikası, Əfqanıstan, Yaponiya, Çin və digər ölkələrdə bölmələri ictimai əsaslarla fəaliyyət göstərir.
Tədbirdə Almaz Ülvi fondun Bakı bölməsinin rəhbəri seçilib.
Qeyd edək ki, Özbəkistan Prezidenti Şövkət Mirziyevin təşəbbüsü ilə Əndican Vilayətində 2017-ci il "Zəhirəddin Məhəmməd Babur İli" elan edilib. Bu məqsədlə Əndican şəhərində Baburun anadan olmasının 534 illiyi münasibətilə "Dünya mədəniyyəti tarixində Zəhirəddin Məhəmməd Baburun əsərlərinin rolu" mövzusunda beynəlxalq konfrans təşkil edilib.
Konfransda azərbaycanlı alim Almaz Ülvinin "Z.M.Baburun "Baburnamə"sinin Bakı nüsxəsinin təsviri və əsərdə Əlişir Nəvai izləri" mövzusunda məruzəsi dinlənilib.