Aİ ölkələrinin bir çox vətəndaşı Avropa Komissiyasına kimin rəhbərlik etdiyini bilmir Dünya

Aİ ölkələrinin bir çox vətəndaşı Avropa Komissiyasına kimin rəhbərlik etdiyini bilmir

Avropa İttifaqı ölkələri vətəndaşlarının böyük bir hissəsi Avropa Komissiyasına (AK) kimin rəhbərlik etdiyindən xəbərsizdir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Public First" şirkətinin "Politico" nəşri üçün keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Məlumatlara görə, Fransada rəyi soruşulanların 20%-dən çoxu AK rəhbəri vəzifəsini tutan Ursula fon der Leyenin kim olduğunu bilmədiyini bəyan edib. İspaniyada respondentlərin 10%-i, Almaniyada isə 5%-i bunu etiraf edib. "Politico" qeyd edir ki, Fon der Leyen Aİ vətəndaşlarının rəğbətini və etimadını qazana bilməyib — əgər onlar ümumiyyətlə onun kim olduğunu bilirlərsə.

Sentyabrın 13-15-də Almaniya, İspaniya və Fransada hər ölkədən 2 mindən çox yetkin yaşlı respondentin iştirakı ilə keçirilən sorğunun nəticələri Fon der Leyenin çərşənbə günü Strasburqda Aİ-nin vəziyyətinə həsr olunmuş illik proqram çıxışı ərəfəsində dərc edilib.

Tədqiqatın nəticələri həmçinin göstərib ki, çox az sayda vətəndaş onun çıxışını canlı efirdə izləməyi planlaşdırır. Üç ölkə üzrə orta hesabla respondentlərin təxminən 10%-i müraciəti diqqətlə izləyəcəyini, üçdə biri isə təfərrüatlara varmayacağını bildirib.

"Fon der Leyen bütün Avropada hakimiyyətdə olan liderlərin məğlubiyyətinə səbəb olan siyasi elitaya inamsızlıq əhval-ruhiyyəsi ilə üz-üzədir", — deyə "Public First"in sosioloji tədqiqatlar şöbəsinin rəhbəri Seb Rayd bildirib. Onun sözlərinə görə, AK rəhbəri "avropalıları Aİ-nin gündəliyində onların yaşayış minimumunun bahalaşması ilə bağlı ciddi narahatlıqlarının nəzərə alındığına inandırmaq üçün böyük səy göstərməli olacaq".

Məryəm Quliyeva