“Yeni media və yeni çağırışlar” Hadisə

“Yeni media və yeni çağırışlar”

Mətbuat Şurasının və Multimedia Mərkəzinin təşkilatçılığı ilə konfrans keçirilib

Mətbuat Şurasının və Multimedia Mərkəzinin təşkilatçılığı "Yeni media və yeni çağırışlar" mövzusunda konfrans keçirilib.
APA-nın məlumatına görə, konfransda Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, müxtəlif dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri, media mütəxəssisləri və digər qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, internet mediası ictimai-siyasi həyata və insanların həyatına yüksək sürətlə daxil olub. O deyib ki, Azərbaycanda 1,2 milyondan çox "Facebook" istifadəçisi, 30 min bloqger, 50 internet radio və televiziyası var: "İKT üzrə milli strategiyada nəzərdə tutulan işlər uğurla davam etdirilir. Artıq 40-a yaxın dövlət qurumu öz məlumatlarını elektron formada istifadəçilərinə təqdim edir".
Qeyd edək ki, tədbir iki paneldən ibarət olub. Birinci paneldə "İnternet mediasının inkişaf tendensiyası və perspektivləri", ikinci paneldə isə "Sosial mediadan informasiya əldə edilməsi və informasiyaların yayılmasında effektiv istifadə imkanları" mövzuları müzakirə olunub.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev konfransda çıxışı zamanı deyib ki, yeni medianın rolundan danışıb: "Virtual informasiya məkanının genişlənməsi bir tərəfdən hər bir ölkə və xalq üçün öz həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, vətəndaşın öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun reallaşması üçün əlverişli şərait yaradırsa, digər tərəfdən də milli informasiya mühitinin pozulmasına və nəticə etibarilə milli dəyərlər sisteminin mənfi təsirlərə məruz qalmasına, xarici dairələr tərəfindən yerli ictimai rəyin və siyasi proseslərin məqsədli şəkildə yönəldilməsinə və cəmiyyətin həyatına kənar müdaxilələrə yol açır".
V. Əliyev bildirib ki, qlobal informasiya mühitinin mənfi və müsbət təzahürləri həm də dövlətin informasiya siyasəti, cəmiyyətin informasiya təhlükəsizliyi məsələlərini aktuallaşdırır: "Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında azad informasiya mühitinin formalaşdırılması və paralel şəkildə dövlətin informasiya siyasətinin və informasiya təhlükəsizliyinin əsaslarının yaradılması proseslərinə başlandı. Dövlətin informasiya siyasətinin əsas vəzifələri, istiqamətləri və onu həyata keçirəcək vasitələr müəyyən edildi. Sonrakı mərhələdə demokratik cəmiyyət quruculuğuna uyğun azad informasiya fəaliyyətinin hüquqi normativ bazası yaradıldı, söz və məlumat azadlığı təmin edildi, azad medianın inkişafına, onun iqtisadi və siyasi müstəqilliyinə, beynəlxalq rəqabətə davamlılığının artırılmasına hərtərəfli dəstək verildi. Nəticədə qısa zamanda respublikada azad informasiya mühiti formalaşdı. Müstəqil media həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf etdi".
PA rəsmisi qeyd edib ki, hazırda bu inkişaf prosesi həm də qlobal şəbəkənin Azərbaycan seqmentini əhatə edir: "Azərbaycan informasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, bu sahədə innovasiyaların tətbiqinin hərtərəfli stimullaşdırıldığı, azad və keyfiyyətli internetin mövcud olduğu bir ölkədir. Bu gün ölkədə əhalinin artıq 70 faizinin internetə çıxışı mövcuddur, ölkədə yüzlərlə sayt və portal fəaliyyət göstərir. Sosial şəbəkələrdən istifadə edənlərin sayı 2 milyona çatıb və "Facebook" istifadəçiləri artıq 1,2 milyon nəfəri keçib. İnformasiya və kommunikasiya texnologiyaları sahəsində müasir standartların tətbiqi, milli peykin orbitə çıxarılması, internetin infrastrukturunun təkmilləşdirilməsi, ayrı-ayrı dövlət proqramlarının və milli fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi nəticəsində dövlət orqanlarının fəaliyyətinin şəffaflaşdırılması və digər tədbirlər həm də yeni medianın imkanlarını genişləndirib və onun hərtərəfli inkişafına xidmət edib".
V. Əliyevin sözlərinə görə, bu gün reallıq ondan ibarətdir ki, internet mediası istər informasiyanın əldə edilməsi, istərsə də cəmiyyətə çatdırılmasında ənənəvi media ilə çox ciddi rəqabət aparır və bəzi parametrlərə görə hətta ənənəvi medianı üstələyib: "Bu da faktdır ki, artıq Azərbaycan jurnalistikasının əhəmiyyətli hissəsi məhz internet mediasında cəmləşib. Bu reallıq yeni medianın həm cəmiyyətin informasiya təminatı, həm də informasiya təhlükəsizliyinin təmin edilməsində rolunu və çəkisini açıq nümayiş etdirir".
Sosial şəbəkələrin və vətəndaş jurnalistikasının nə dərəcədə etibarlı mühit olması və onun gələcəyi ilə bağlı məsələyə toxunan V. Əliyev bildirib ki, sosial şəbəkələr və bloqosfera hər bir fərdə öz fikrini maneəsiz ifadə etmək imkanı yaratmaqla, həm də tam nəzarətsiz və məsuliyyət meyarının minimal tələblərə cavab vermədiyi bir məkandır: "Bununla biz hamımız razılaşmalıyıq, çünki "Facebook"da biz gündəlik həyatımızda peşəkar mediaya xas olmayan neqativ təzahürləri görürük. Bu mühitdə insanların təhqir olunması, yalan, böhtan adi hala çevrilib. Problem də məhz ondan ibarətdir ki, vətəndaşlar barələrində gedən qeyri-obyektiv və ya alçaldıcı məlumatlara qarşı təsir göstərə bilmir. Bu fəaliyyət müxtəlif akkauntların dublikatlarının yaradılması və orada təxribat xarakterli məlumatların yerləşdirilməsi kimi ən neqativ halları da əhatə edir. "Facebook", "Twitter", "YouTube" və digər sosial şəbəkələr konkret ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərdir və həmin ölkələrin qanunvericiliyi qarşısında məsuliyyət daşıyırlar. Bu hal bir daha təsdiq edir ki, virtual məkanda sosial şəbəkələrin fəaliyyəti nəticəsində ayrı-ayrı ölkələrin qanunvericiliyi beynəlxalq qanunvericilikdən və milli qanunvericilikdən daha üstün mövqeyə sahib olub. Bu məntiqsizlik nə ilə və necə izah oluna bilər? Hesab edirəm ki, işğalçı Ermənistanla münaqişə vəziyyətində olan və mühüm və həssas geosiyasi və geostrateji məkanda yerləşən, müxtəlif xarici qüvvələrin daim təsir göstərməyə imkan axtardığı bir ölkənin vətəndaşları olaraq biz bu suala düzgün cavab tapmalıyıq. Azərbaycanın dövlətçiliyi, milli maraqları bütün məsələlərin fövqündə duran başlıca şərtdir".