Bilik Fondu Azərbaycan klassik ədəbiyyatının səhnə həlli mövzusunda mühazirə təşkil edib Hadisə

Bilik Fondu Azərbaycan klassik ədəbiyyatının səhnə həlli mövzusunda mühazirə təşkil edib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Mədəni maarifləndirmə" proqramı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Məmməd Səfanın "Azərbaycan klassik ədəbiyyatının səhnə həlli" mövzusunda mühazirəsini təşkil edib. Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecində gerçəkləşən tədbiri Fondun İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı giriş sözü ilə açaraq, "Mədəni maarifləndirmə" proqramı çərçivəsində həyata keçirilən layihələrdən danışıb, Fondun dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Dövlət Pedaqoji Kollecində "Mizan" Tələbə Dram Dərnəyinin yaradılması zərurətini diqqətə çatdırıb.
Təhsil ocağının müəllim və tələbə kollektivinə təqdim edilən tamaşadan öncə dərnəyin rəhbəri Məmməd Səfanın Azərbaycanın teatr sənətinin özünəməxsusluğu, klassik əsərlərin xalqın mədəni düşüncəsinin formalaşmasına müsbət təsirləri, yazıçıların daim ziyalı mövqeyindən çıxış etmələri haqqında səsləndirdiyi fikirlər gələcəyin iqtisadçılarının və pedaqoqlarının böyük marağına səbəb olub. Mühazirədən sonra Dövlət Pedaqoji Kollecində fəaliyyət göstərən Tələbə Dram Dərnəyinin Əbdürrəhim bəy Haqverdiyevin "Yeyəsən qaz ətini, görəsən ləzzətini" əsəri əsasında hazırladığı tamaşa növbəti dəfə nümayiş olunub.
Tamaşadan sonra yaradıcı heyətlə tələbələr arasında fikir mübadiləsi aparılıb. Tələbə aktyorlar tələbə tamaşaçıların suallarını ətraflı cavablandırıblar. Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin kollektivi tədbirdən məmnun qaldığını bildirib. "Mizan" Tələbə Dram Dərnəyinin Əbdürrəhim bəy Haqverdiyevin "Yeyəsən qaz ətini, görəsən ləzzətini" əsəri əsasında hazırladığı tamaşanın premyerası bir müddət əvvəl dərnək üzvlərinin təhsil aldıqları Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirilib. İmtahan sessiyası başa çatdıqdan sonra tamaşanın Fondun Bilik Evlərinin fəaliyyət göstərdiyi bölgələrdə nümayişi gözlənilir.