“Tərəflər texniki, hüquqi və təhlükəsizlik detalları üzərində işləyirlər” Dünya

“Tərəflər texniki, hüquqi və təhlükəsizlik detalları üzərində işləyirlər”

“Florida görüşü, əslində, formal diplomatik təmasdan daha çox, ABŞ-nin Ukrayna münaqişəsində vasitəçilik rolunu institusionallaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov söyləyib.

A.Nəsirov bildirib ki, danışıqların “həll olunmamış məsələlərin aydınlaşdırılması” mərhələsində olması onu göstərir ki, tərəflər artıq prinsipial mövqeləri müəyyən edib və indi daha çox texniki, hüquqi və təhlükəsizlik detalları üzərində işləyirlər: “Bu isə prosesin ilkin mərhələdən çıxaraq daha konkret razılaşmaların hazırlanması fazasına keçdiyini göstərir. Eyni zamanda, ABŞ nümayəndə heyətinin tərkibində yalnız diplomatik deyil, həm də siyasi və strateji fiqurların yer alması Vaşinqtonun bu prosesi təkcə regional deyil, qlobal təhlükəsizlik arxitekturasının bir hissəsi kimi gördüyünü nümayiş etdirir”.

Onun fikirlərinə görə, digər tərəfdən, Ukrayna tərəfinin danışıqlara yüksəksəviyyəli təhlükəsizlik və siyasi fiqurlarla qatılması Kiyevin prosesə maksimum ciddi yanaşdığını və mümkün razılaşmanın yalnız siyasi deyil, həm də hərbi-strateji nəticələr doğuracağını anladığını göstərir: “Üçtərəfli formatın (ABŞ–Ukrayna–Rusiya) gündəmə gətirilməsi isə münaqişənin həllinin artıq yalnız iki tərəf arasında deyil, böyük güclərin balansı çərçivəsində formalaşacağını göstərir. Bu prosesdə əsas sual ondan ibarətdir ki, tərəflər kompromis üçün hansı həddə qədər geri çəkilməyə hazırdırlar və əldə olunacaq mümkün razılaşma real sabitlik yaradacaq, yoxsa sadəcə müvəqqəti “dondurulmuş münaqişə” modeli formalaşdıracaq”.

Röya İsrafilova