İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı komandirini öldürüb Dünya

İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı komandirini öldürüb

İsrail Müdafiə Ordusu (SAXAL) "Hizbullah" hərəkatının elit "Rıdvan" qüvvələrinin xüsusi təyinatlı bölməsinin komandirinin məhv edildiyini açıqlayıb.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şənbə günü İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Məcdəl Səlim bölgəsində hədəfə alınmış hava zərbəsi endirib. Əməliyyat nəticəsində "Rıdvan" qüvvələrinin xüsusi təyinatlı bölməsinin komandiri Əbu Xəlil Barji və daha iki qruplaşma üzvü öldürülüb.

SAXAL-ın bəyanatında qeyd olunur ki, Barji uzun illər "Rıdvan" qüvvələrində müxtəlif komandir vəzifələrində çalışıb. O, son dövrlərdə xüsusi təyinatlı bölməyə rəhbərlik edərək, İsrail ordusunun bölmələrinə qarşı hücumların təşkilinə cavabdeh olub.

Bundan əlavə, ötən gecə İsrail ordusu Livanın cənubunun müxtəlif nahiyələrində "Hizbullah"a məxsus bir neçə hərbi infrastruktur obyektini hədəf alıb. Ordunun rəsmi nümayəndələri bildiriblər ki, bu əməliyyatlar İranın dəstəklədiyi qüvvələrin İsrailə qarşı hücumlarına cavab olaraq həyata keçirilir.