Gender bərabərliyi -insan hüquqlarına yüksək ehtiramın ifadəsidir Hadisə

Gender bərabərliyi -insan hüquqlarına yüksək ehtiramın ifadəsidir

Bəşəriyyətdə qadın hərəkatının tarixi, nailiyyətləri, müxtəlif cəmiyyətlərdə qadınların müəyyən üstünlüklərə malik olmaları, hər zaman dinamikliyi ilə seçilib. Cəmiyyətdə kişi və qadın bərabərliyi mövzusu həmişə aktual olaraq qalır. XX əsrin sonunda yeni bir anlayış - "Gender" anlayışı formalaşdı ki, bunu da "Sosial cins" kimi xarakterizə etmək olar. Gender anlayışının əsasında qadın hərəkatı dayanır. Bu anlayış kişi və qadınların cəmiyyətdəki aktiv rolunu nəzərdə tutur. Qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir. Təbii hüquqları uğrunda əzmkar mübarizə aparan zərif cinsin nümayəndələri bu yolda psixoloji-mənəvi baryerlərə sinə gərib, ictimai həyatın müxtəlif sahələrində kişilərdən heç də geri qalmadıqlarını, müəyyən sahələrdə hətta onları üstələdiklərini əməllərində göstəriblər. Tarixən ölkəmizdə də belə dəyərli xanımlar yaşayıb, xalqımızın, millətimizin həyatında silinməz izlər qoyaraq savadları və maarifçilikləri ilə öndə olublar. Bu gün cəmiyyətimizdə sözügedən dəyərlərin inkişaf və təbliği yönündə işıqlı əməlləri ilə xatırlanan mütərəqqi ziyalılarımız xüsusi məhəbbətlə anılır. İctimai fikir tarixində əməli və əməyi olanların hər biri dövlətimizin milli-mənəvi sərvəti hesab edilir. Azərbaycanın zərif cinsə məxsus maarifçi xanımları da millətimizin savadlanması, milli məfkurəmizin təşviqi istiqamətində əvəzsiz xidmətlər göstəriblər. Belələrindən biri də dövrünün görkəmli ictimai xadimi, ziyalı zümrəsinin ən məşhur qadın təmsilçisi, xeyriyyəçi və maarifçi Həmidə xanım Cavanşir-Məmmədquluzadə idi.

Xeyirxahlıq və maarifçilik yolu

Onu belə də xarakteristika etmək olar: Azərbaycanın ilk maarifçi qadınlarından biri, Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin təsisçisi, tərcüməçi, cəfakeş insan, "Molla Nəsrəddin"nin himayədarı, ehtiyac sahiblərinin ümid yeri, Azərbaycan maarifçiliyinin, mədəniyyətinin, ziyalılığının ləyaqətli təmsilçisi, görkəmli ədib Mirzə Cəlilin həyat yoldaşı... 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində dövrünün görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəy Cavanşirin ailəsində dünyaya göz açan Həmidə xanım 1907-ci ildə Tiflisdə tanış olduğu görkəmli nasir-dramaturq Mirzə Cəlillə ailə həyatı qurur. Bu ziyalı xanım ədibin vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də onun ən yaxın maarifçi silahdaşı, Azərbaycanın deyil, bütövlükdə Şərqin qəflət yuxusundan oyanması, maariflənməsi amalına xidmət edən "Molla Nəsrəddin" jurnalının isə xeyirxah himayədarı idi. XX əsrin əvvəllərində millətçiliyin geniş təbliğ olunduğu jurnalında təmənnasız çalışan Həmidə xanım hər zaman bu məfkurəyə sadiq olub. Əlbəttə, Həmidə xanım jurnalın çap edilməsi, oxuculara çatdırılması və mütəmadi nəşrinə yardım göstərilməsi missiyasını üzərinə götürmüşdü. Onun Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolunun cəfakeşi kimi xatırlanması tamamilə təbiidir. Ailə məktəbində təhsil alan Həmidə xanım yeniyetmə illərində rus dilini mükəmməl mənimsəyərək yüksək intellektə və geniş dünyagörüşə malik ziyalı kimi tanınırdı. Onunla bağlı tədqiqatlarda qeyd edilir ki, bütün varidatını, sərvətini həyat yoldaşı–Mirzə Cəlilin yaradıcılığına böyük ürəklə sərf edərək, onunla 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürüb. Bu illərdə Mirzə Cəlil nə qədər kəskin zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla qarşılaşsa da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olub, həyatın keşməkeşli və ağır sınaqlarına rəşadət göstərməsinə kömək göstərib. Tarixi vərəqlədikdə dövrünün mütərəqqi ziyalısı olan Həmidə xanımı xeyirxahlıqdan maarifçiliyə aparan yolun yolçusu, təbliğatçısı və carçısı kimi görürük.

"Qoy ədəbiyyat tarixinə yazılsın ki..."

Həmidə xanım o dövrdə həyat yoldaşı M.Cəlilin münasibətdə olduğu ziyalı təbəqəsi, ələlxüsus millətinin yaradıcı-ziyalı övladlarına xüsusi rəğbətlə yanaşırdı. Bu, onun savadlı və böyük maarifçi olmasından qayanaqlanırdı. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirməsi, eləcə də humanizm və nəciblik kimi ülvi dəyərlərə üstünlük verməsi onun ən ali keyfiyyətlərindən sayılırdı. Xalqımızın görkəmli şairlərindən olan, dövrünün mütərəqqi fikir adamı Mirzə Ələkbər Sabirin səhhətində problemlər yarandığını eşidən Həmidə xanım həyat yoldaşı ilə birlikdə onu müalicə üçün Tiflisə dəvət edir. Xalqımızın böyük satirik şairi Həmidə xanımın bu xeyirxah addımını Abbas Səhhətə yazdığı məktubda belə ifadə edirdi: "Böyük məmnuniyyətlə Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilirsən mənə nə qədər ehtiram göstərirlər. Bu neçə müddətdə tamam məxaricimə və zəhəmatimə mütəhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim".
Məqalələrinin birində dahi bəstəkar Üzeyir Hacıbəyli Həmidə xanımın həmin addımı barədə yazırdı: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi".
Əlbəttə ki, həmin hadisə Həmidə xanımın xoşməramını və nəcibliyini sübut edən onlarla faktdan biridir. Millətin qabaqcıl maarifçilərindən olan Həmidə xanım ömür-gün yoldaşının vəfatından sonra da xalqının mədəni, ədəbi və ictimai intibahında yorulmaz əmək sərf edib. Ədəbiyyat tariximizdə böyük ürəyə sahib olan bu nəcib xanımın fədakar əməyi və el-obasının qayğısına qalmasını sübut edən çoxlu faktlar var. O, sadiq ömür-gün yoldaşı və ən yaxın silahdaş olmaqla bərabər, həm də həyat yoldaşının vəfatından sonra onun adını uca tutan, böyük ustadın bənzərsiz yaradıcılığını yüksək şəxsi xarakteri ilə tamamlayan əsl Azərbaycan xanımı idi. Aclıq, səfalət içində yaşayan neçə-neçə adamları yoxsulluğun ağuşundan xilas edən Həmidə xanım çoxlu yeniyetmənin təhsilli olmasına, onların cəmiyyət üçün normal vətəndaş kimi yetişməsinə yardım göstərən ziyalılardan olub. Tədqiqat materiallarında qeyd edilir ki, xəstəliklərin kütləvi hal aldığı dövrdə Həmidə xanım kəndin körpələrini faytona mindirib tibb məntəqəsinə aparır, onlara peyvənd etdirir, sağlam yaşamaları üçün əlindən gələni əsirgəmirdi. Öz var-dövlətini el yolunda xərcləməkdən usanmayan Həmidə xanım problemlərinin həllində də hamıya yardım əli uzatmağa çalışırdı. "Həmidə xanım çoxsaylı xanımın savadlanmasına, problemlərinin həllinə çalışaraq, hətta gəlin köçən qızlara da xüsusi cehiz ərmağanı ayırıb. O, maarifpərvərliyi, xeyirxahlığı, alicənablığı, mərhəməti və nəcibliyi ilə xalqının yaddaşında əbədi yaşamaq haqqı qazanıb. Pənahəli xan kimi əsilzadə zadəganın nəslindən, Əhməd bəy kimi böyük maarifçi ziyalının ailəsindən olan Həmidə xanım məhz belə ləyaqətli, nümunəvi və örnək ömür sürməli idi", - deyə şair-tərcüməçi, professor Ənvər Əhmədov Həmidə xanım haqqında bildirir.

Mübarizənin davamı, həyat amalının tamamlanması

Həmidə xanımın "Xatirələrim" biblioqrafiyası ilə tanış olanda onun yaşadıqlarını necə qələmə alması və peşəkar yazıçı dəqiqliyi ilə qələmə alması heyranlıq doğurur. Əslində, o, bu əsəri atası Əhməd bəyin bioqrafiyası kimi yazmağa başlamışdı. Sonralar Azərbaycanın o vaxtkı rəhbəri Mir Cəfər Bağırovun sifarişi ilə əsərin davamını - Mirzə Cəlillə bağlı bölümünü yazıb. Lakin Mir Cəfər Bağırov Azərbaycan Yazıçılar Birliyinin sədri Mirzə İbrahimovun vasitəsilə ondan Qarabağdakı bolşevik fəaliyyəti haqqında qələmə almasını xahiş edəndə Həmidə xanım belə cavab verir: "Mən görmədiklərimi yaza bilmərəm". Buna görə də qələmə aldığı bütün yazılarını arxivə atmalı olur və işini dayandırır. Yalnız 1967-ci ildə tənqidçi-ədəbiyyatşünas alim Abbas Zamanovun redaktəsi və ruscadan tərcüməsi ilə memuarın Mirzə Cəlil haqqında bölümü çapdan çıxır. Əsərin tam halda çap edilməsi xeyli vaxt aparır. 2011-ci ildə yazıçı-publisist Mehriban Vəzirin səyi nəticəsində Həmidə xanımın "Xatirələrim" əsəri işıq üzü görür. Mehriban xanım kitaba yazdığı ön sözdə əsərin Əlyazmalar İnstitutundan tapılması, artıq köhnəlmiş kağızların, görünməz olan yazıların bərpası üçün apardığı mübarizədən söhbət açır. Onun maddi və texniki baxımdan son dərəcə çətin olan bu işi həyata keçirməsi, əlbəttə, Həmidə xanıma olan böyük sevgisindən qaynaqlanır. Yazıçı-publisist bu barədə yazır: "Bütün arzuların qanadı eşqdir. İstəklər eşqlə gerçəkləşir. Beləcə, Həmidə xanıma olan böyük sayğım məni 80 ilə yaxın arxivdə yatan "Xatirələrim"ə yönəltdi, ona qovuşdurdu".
Bəli, onun yarımçıq qalmış arzusunun neçə illərdən sonra gerçəkləşməsi Həmidə xanımın mübarizəsinin davamı, həyat amalının ideal şəkildə tamamlanması idi. Həmidə xanım Cəlil Məmmədquluzadənin əsərlərində axtardığı və görmək istədiyi xanım obrazı idi. Ədib hekayə, felyeton və dram əsərlərində qadın hüquqsuzluğundan bəhs edərək əsl qadın obrazı axtarıb. Həmidə xanım Mirzə Cəlilin yaradıcılığının ilham mənbəyi olub. Onlar birlikdə fövqəladə bir güc kimi çıxış edir, bütün məsələlərdə birliklərini göstərməyi bacarırdılar. Əlbəttə, onları güclü edən, bütövləşdirən bir-birlərinə qarşı olan inam, sevgi və sədaqət hissləri idi.


"Ana, mənə ayaqqabı al..."

Həmidə xanımın böyük xidmətləri saymaqla qurtaran deyil. Onun əlyazmaların üzərində illər uzunu tədqiqat aparmış yazıçı-publisist Mehriban Vəzir maraqlı faktlara toxunur. Bir gün Həmidə xanımın oğlu Müzəffər ayaqqabılarının altının deşildiyi üçün dərsə gedə bilməyəcəyini və təzə ayaqqabı istəyir. Həmidə xanım oğluna bir qədər səbr etməyi, "Molla Nəsrəddin"in işlərini qaydaya salandan sonra ayaqqabı alacağını söyləyir. "Molla Nəsrəddin"in işləri"deyəndə Həmidə xanım jurnalın maliyyə məsələlərini nəzərdə tuturdu. Belə faktlar Həmidə xanımın böyük qadın olduğuna dair qənaətləri bir daha təsdiq edir: "Memuar janrında əsərlər yazmış yazarlar çox azdır. O dövr üçün onlar arasında qadın yazar, demək olar ki, yoxdur. Amma Həmidə xanım memuar janrında çox gözəl qələm çalıb. Mən onun yazdıqlarını oxuduqca, düşünürəm ki, bu qadın gərək yazıçı olaydı. O, səhnələri, hadisələri o qədər aydın və dəqiq təsvir edib ki, onun bir yazar kimi təxəyyülünə heyran olmaya bilmirsən".
Ortaq dünyagörüşü və mənəvi dəyərləri paylaşan Mirzə Cəlil və Həmidə xanım cəmiyyəti maarifləndirmək üçün çalışırdılar. Həmidə xanım öz kəndində imkansızların güzaranının yaxşılşdırlmasına cəhd etməklə yanaşı, eyni zamanda kəndində toxuculuq emalatxanası və qız məktəbi də açmışdı. Təsadüfi deyil ki, bu gün Həmidə xanımın Kəhrizli kəndindəki evi təmir edilərək muzeyə çevrilib, kəndin mərkəzində büstü qoyulub. Həmidə xanımı böyük xeyriyyəçi və cəfakeş kimi yaddaşlarda yaşayır. Yalnız Kəhrizli kəndinin deyil, Qarabağın müxtəlif kəndlərindən ona kömək üçün pənah gətirənlərin əlindən tutan, qayğılarını həll etməklə yanaşı, həm də öz dövrünün köməyə ehtiyacı olan ziyalılarının da problemlərinin həllinə çalışıb. Əlbəttə, insan üçün ömrün müddəti deyil, bu ömrü necə yaşadığı önəmlidir. Yolların ən mübarəki isə insanı özünə çatdıran yoldur. Həmidə xanımın yaşadığı 82 illik ömrü və getdiyi yol bütün mənalarda yaşadığı cəmiyyət üçün mübarək idi.



Flora Şükürova,
AZƏRTAC-ın müxbiri

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim etmək üçündür.


________