KİV-lər üçün yeni müsabiqə Hadisə

KİV-lər üçün yeni müsabiqə

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fondun icraçı direktoru Vüqar Səfərli Fondun büdcəsində KİV layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsait barədə Müşahidə Şurasının üzvlərinə məlumat verib.
Bundan sonra Müşahidə Şurasının üzvləri 2014-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin mövzuları və şərtləri ətrafında müzakirələr aparıblar. Şura üzvləri Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə, Rəşad Məcid, Müşfiq Ələsgərli çıxışlarında müsabiqə şərtlərində nəzərdə tutulan yeniliklərin vacibliyini vurğulayıblar.
Müşahidə Şurası müsabiqəni Konsepsiyada nəzərdə tutulmuş 19 istiqamət üzrə elan olunması barədə qərar verib.

KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə
ELANI

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2014-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.
"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınıb:

1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu.
2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.
3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması.
4. İctimai və dövlət maraqlarının müdafiəsi.
5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.
6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.
7. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması.
8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin elm və mədəniyyətinin təbliği
9. Azərbaycançılıq ideyasının təbliği.
10. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.
11. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi.
12. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi.
13. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi.
14. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.
15. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
16. Elm və təhsilin inkişaf etdirilməsi.
17. Ekologiya və ətraf mühitin mühafizəsi.
18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.
19. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər:
- müsabiqə elan olunan günədək son 3 ildə müntəzəm nəşr olunan, dövrüliyi həftədə 1 dəfədən və tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər.
Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:
- Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar;
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində)
- Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində)
- barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar;
- əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər;
- təsisçisi dini qurumlar və dini icmalar olanlar;
- xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar;
- xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar;
- təsisçiləri dövlət orqanları olanlar;

Maliyyə yardımının şərtləri:

- layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır;
- ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir.
Hər layihə üçün maksimum məbləğ 60 000 (altmış min) manat müəyyən edilmişdir.
Hər KİV bir layihə təqdim edə bilər.
Sənədlər iyun ayının 12-dən 25-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur.
Sənədlər fonda şəxsən təqdim edilməlidir..
Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində çap olunmuş elektron variantda, (CD diskdə, Times New Roman 12 şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
1. Layihə təklifi və fəaliyyət planı - Kompüterdə yığılmış çap formasında 3 nüsxədə və elektron formada, Times New Roman şriftində, diskdə
2. Layihənin büdcəsi (Fondun təqdim etdiyi formada) - Kompüterdə yığılmış çap formasında 3 nüsxədə
Elektron formada, Microsoft Excel Proqramında, diskdə
3. KİV-in müvafiq dövlət orqanında uçota götürülməsini təsdiq edən sənədin surəti
4. VÖEN-in surəti
5. KİV-in borcunun olmadığını təsdiq edən sənəd - Bankdan arayış
6. Layihənin icrasına cəlb ediləcək əsas əməkdaşların, məsul şəxslərin tərcümeyi-halı (CV) və işinin təsviri - Kompüterdə yığılmış çap və elektron formasında
7. KİV-in son 6 ayda satış və abunə yayımı haqda yayım orqanından sənəd - Fondun tələb etdiyi formada. Kompüterdə yığılmış çap formasında (imzalanmış və möhürlənmiş)
Müsabiqə ilə bağlı əlavə məlumatı www.kivdf.gov.az saytından və Fondun ofisindən əldə edə bilərsiniz.