“Ailə dəyərlərinin inkişaf etdirilməsində yeni medianın rolu” Hadisə

“Ailə dəyərlərinin inkişaf etdirilməsində yeni medianın rolu”

Jurnalistlərin Həmkarlar İttifaqı Mingəçevirdə tədbir keçirib

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Mingəçevir şəhərində "Ailə dəyərlərinin inkişaf etdirilməsində yeni medianın rolu" mövzusunda dəyirmi masa keçirib.
Media Resurs Mərkəzində keçirilən tədbirə Mingəçevir şəhərində mövcud olan yerli KİV-lərin təmsilçiləri, paytaxtda fəaliyyət göstərən KİV-lərin bölgə üzrə akreditasiya olunmuş nümayəndələri, həmçinin, yerli QHT-lərin və ictimaiyyətin nümayəndələri qatılıblar.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd internet media resurslarının, "yeni media"nın ailə dəyərlərinə ciddi təsirini təcrübi və nəzəri faktlarla təsvir etmək, ailə-məişət mövzusunda informasiya yayan internet istifadəçilərinin etik və hüquqi məsuliyyətləri barədə maarifləndirmə işi aparmaq, internet media resurslarının imkanlarının ailə dəyərlərinin inkişaf etdirilməsinə yönəldilməsinə yardım göstərməkdən ibarət olub: "İnternet üzərindən informasiya yayan vətəndaşlarda və qurumlarda yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib problemləri sırasındadır. Mingəçevirdə keçirdiyimiz tədbirdə internet üzərindən ailə-məişət məsələləri, qadın -uşaq hüququları, şəxsi həyat sirri və sair kimi mövzularda informasiya yayan vətəndaşların və qurumların diqqət yetirməli olduqları nüanslar barədə müzakirələr keçirdik".
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən tədbirə Şuranın koordinatoru Nigar Ağakişiyeva və Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə də qatılaraq tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirilən "Ailə dəyərlərinin inkişaf etdirilməsində "yeni media"nın rolunun artırılmasına yardım" layihəsi çərçivəsində baş tutub. Dəyirmi masa iştirakçılarına layihə çərçivəsində hazırlanmış "İnternet media resurslarında yayılan informasiyalara görə yaranan etik və hüquqi məsuliyyət" adlı vəsait paylanıb.

CƏMİL