Çin ABŞ-nin jurnalistlər üçün tətbiq etdiyi yeni viza məhdudiyyətlərinə qarşı çıxıb Dünya

Çin ABŞ-nin jurnalistlər üçün tətbiq etdiyi yeni viza məhdudiyyətlərinə qarşı çıxıb

Çin hakimiyyəti ABŞ-nin xarici jurnalistlər üçün tətbiq etdiyi yeni viza məhdudiyyətlərinə qəti şəkildə qarşı çıxır və müvafiq cavab tədbirləri görməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Szyan bəyan edib.

"Çin tərəfi ABŞ-nin 2021-ci ildə Çin və ABŞ arasında media məsələlərinə dair əldə olunmuş razılaşmaların üç bəndini kobud şəkildə pozan yeni qaydalarına qətiyyətlə qarşı çıxır. Çin qarşılıqlılıq prinsipi əsasında cavab tədbirləri görmək hüququnu özündə saxlayır", — deyə o, xarici jurnalistlərə vizaların verilməsi qaydalarının sərtləşdirilməsinə dair hazırlanan məlumatları şərh edərkən keçirdiyi brifinqdə vurğulayıb.

Rəsmi nümayəndə diqqəti ona çəkib ki, Vaşinqtonun bu cür addımları Çin mediasının ABŞ-dəki normal fəaliyyətinə ciddi maneələr yaradacaq. "Çin ABŞ tərəfindən Çin jurnalistlərinə qarşı diskriminasiya siyasətini dərhal ləğv etməyi, onların Birləşmiş Ştatlardakı qanuni hüquq və mənafelərini etibarlı şəkildə qorumağı tələb edir", — deyə o əlavə edib.

Lin Szyanın dəqiqləşdirdiyi kimi, Vaşinqton tərəfindən humanitar təmasların məhdudlaşdırılması "heç bir tərəfin maraqlarına cavab vermir".

Məryəm Quliyeva