
“İranın Suriyadakı ABŞ hərbi mövcudluğunu hədəf alan bir hücum həyata keçirdiyinə dair iddiaların doğru olduğu təsdiqləndiyi təqdirdə, regional təhlükəsizlik balansı baxımından diqqətlə qiymətləndirilməsi lazım olan bir inkişafdır. Lakin tək bir hadisə əsasında münaqişənin qəti şəkildə yeni mərhələyə keçdiyini söyləmək üçün hələ tez olduğu qənaətindəyəm. Beynəlxalq böhranlarda oxşar hücumlar zaman-zaman çəkindiricilik, cavab zərbəsi və ya mesaj vermək məqsədi daşıya bilər, bunların strateji nəticələri isə tərəflərin sonrakı addımlarından asılı olaraq formalaşır”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri, beynəlxalq münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukçu deyib.
M.G.Özçubukçu söyləyib ki, İranın Suriyadakı ABŞ qüvvələrini hədəf alması yalnız ikitərəfli münasibətlər kontekstində deyil, Yaxın Şərqin ümumi təhlükəsizlik arxitekturası baxımından da mühüm əhəmiyyət daşıyır: “Çünki Suriya uzun müddətdir İran, ABŞ, Rusiya, Türkiyə və İsrail kimi bir çox aktorun fərqli təhlükəsizlik prioritetlərinin kəsişdiyi coğrafiya xarakteri daşıyır. Buna görə də burada baş verəcək hər bir hərbi inkişaf regional güc balansına təsir göstərmək potensialına malikdir. Bununla yanaşı, hadisənin miqyası və tərəflərin verəcəyi cavab həlledici olacaq. Əgər hücumlar qarşılıqlı cavab zərbələri ilə davam edər və coğrafi baxımdan yeni ərazilərə yayılarsa, regional gərginliyin daha genişmiqyaslı təhlükəsizlik böhranına çevrilmə ehtimalı arta bilər. Əksinə, tərəflərin nəzarətli eskalasiya strategiyasını mənimsəyərək diplomatik və hərbi kanalları eyni vaxtda işə salmaları halında gərginliyin müəyyən səviyyədə saxlanılması da mümkündür”.
O əlavə edib ki, xüsusilə Hörmüz boğazı ilə bağlı açıqlamalar enerji təhlükəsizliyi və qlobal ticarət baxımından ayrıca əhəmiyyət daşıyır: “Dünya neftinin və mayeləşdirilmiş təbii qaz ticarətinin mühüm hissəsi bu marşrutdan keçdiyi üçün, boğazın təhlükəsizliyinə dair hər bir açıqlama beynəlxalq bazarlarda və enerji təchizatı təhlükəsizliyi ilə bağlı müzakirələrdə yaxından izlənilir. Lakin bu cür açıqlamaların faktiki həyata keçirilib-keçirilməyəcəyi də ayrıca izlənilməsi lazım olan bir məsələdir. Nəticə etibarilə, mövcud inkişaflar bölgədəki kövrək təhlükəsizlik mühitinin davam etdiyini və tərəflər arasındakı strateji rəqabətin sürdüyünü göstərir. Lakin bunun birbaşa yeni regional müharibənin və ya geri dönməz eskalasiyanın başlanğıcı olduğunu söyləməkdənsə, qarşıdakı günlərdə tərəflərin siyasi və hərbi mövqelərini izləmək daha sağlam və akademik baxımdan daha düzgün yanaşma olacaq. Buna görə də mövcud mənzərə yeni bir münaqişə mərhələsinin qəti şəkildə başladığını deyil, regional gərginliyin daha həssas və proqnozlaşdırılması çətin olan bir dövrə daxil olduğuna işarə edir”.
Röya İsrafilova