“Azərbaycanla yeni müqavilə üzərində işləyirik” Hadisə

“Azərbaycanla yeni müqavilə üzərində işləyirik”

"Azərbaycanla hazırda imzalanma mərhələsində olan nəzarət və idarəetmə texnologiyalarının istehsalı ilə bağlı müqavilə üzərində işləyirik".
III "ADEX-2018" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edən Türkiyənin HAVELSAN şirkətinin Texnologiya və Elmi Araşdırmalar şöbəsinin direktoru Gökhan Özbilgin belə deyib.
O qeyd edib ki, Azərbaycan Türkiyə üçün olduqca əhəmiyyətli bir ölkədir və bunu bu sərgidə Türkiyənin ən çox şirkətlə qatılan ölkə olması bir daha bunu sübut edir.
"Biz bu ana qədər Azərbaycanın sahib olduğu texnoloji potensialı və təcrübəni öz potensialımız və təcrübəmizlə bir araya gətirib yeni-yeni işlərə imza atmaq istəyirik. Bu baxımdan bu tip sərgilərin əhəmiyyəti olduqca böyükdür. Sərginin kifayət qədər yüksək səviyyədə getdiyini deyə bilərəm"
Sərgidə yüksək səviyyədə iştirak etdiklərini vurğulayan şirkət rəsmisi bildirib ki, şirkətin nümayiş etdiyi hərbi texniki təchizat gələn qonaqlar tərəfindən maraqla qarşılanıb və hətta sınaqdan da keçirilib: "Sərgidə nümayiş etdirmək məqsədilə 2 yeni texniki vasitəmizi Azərbaycana gətirmişik ki, bunların biri paraşüt simulyatoru, digəri isə döyüş simulyatorudur. Paraşüt simulyatorunda təyyarəyə minmədən, təyyarə havalanmadan sizə paraşütdən tullanma təcrübəsi yaşadırıq. Bu da hərbçilərin minimal xərclə maksmimum paraşüt hazırlığı təlimləri görməsinə imkan verir. Açığı, bu vasitə gözlədiyimizdən də yüksək maraqla qarşılandı və stendimizə baş vuran çox sayda insana bu təcrübəni yaşadırıq.
Müharibə simulyartoruna gəldikdə isə bu texnologiya sizə əməliyyat keçiriləcək yer barəsində əvvəlcədən potensial təhlükələrlə bağlı hazırlıq görmək və onları müəyyənləşdirmək imkanı verir ki, nəticədə real döyüş şəraitində artıq siz bu əməliyyatı bir dəfə yaşadığınızı xatırlayır və başınıza nələrin gələ biləcəyini müəyyən edirsiniz. Hər iki vasitənin demo versiyasını burada Azərbaycan tərəfindən də yaradılması mümkündür. Eyni zamanda sərgiyə qatılan azərbaycanlılara kibermüharibə və kibertəhlükəsizliklə bağlı təlimlərimizdə ödənişsiz iştirak etmək imkanı təklif edirik.
Həmçinin bir çox vasitələrimizin özləri olmasa da, maketlərini nümayiş etdiririk. Məsələn, bunlardan biri "Milgen" adını verdiyimiz döyüş nəzarət mərkəzinə sahib taktiki gəmidir. Bu gəmi sizə döyüşü daha effektiv şəkildə idarə etmə imkanı verir. Bundan əlavə F-16 qırıcılarının, "Atak" helikopterlərinin və "Boeing" istehsalı təyyarələrin simulyatorlarının demo versiyalarını da gələn qonaqlarımıza təqdim edirik".
Daha sonra o, şirkət və Azərbaycan arasında bu ana qədər həyata keçirilmiş əməkdaşlıqlara toxunaraq vurğulayıb ki, HAVELSAN Azərbaycanın hərbi məqsədli simulyatorlara olan tələbatını qarşılayan başlıca şirkətlərdəndir.
"Azərbaycanla hazırda imzalanma mərhələsində olan nəzarət və idarəetmə texnologiyalarının istehsalı ilə bağlı bir müqavilənin üzərində işləyirik. Lakin bu ana qədər Azərbaycan üçün ön artilleriya nizamlama simulyatorunu istehsal etmişik. Həmçinin ASELSAN-la birgə şəkildə MEİS hava qüvvələri məlumat sistemi üzərində işlərimizi də davam etdiririk. Hazırda Azərbaycandan öz məhsullarımıza ciddi maraq hiss edirik. Lakin qeyd etməliyəm ki, bizim məhsullarımızın bir qismi aparat təminatı ilə bağlı yox, proqram təminatı ilə bağlı olduğu üçün onların nümayişi və qarşı tərəfə çatdırılmasında çətinlik çəkirik. Bu da yeni əməkdaşlıqların qarşısına sədd qoyur", - deyə o əlavə edib.