
“Son vaxtlar Cənubi Qafqazda baş verən hadisələr bir daha göstərir ki, ən mühüm region kimi bura ciddi maraq var. ABŞ-nin kəşfiyyat rəhbərinin Rusiyaya gəlişi, müəyyən məsələlərin müzakirəsi və s. Təbii ki, burada da mütləq şəkildə Cənubi Qafqaz müzakirə olunub. Burada söhbət hansısa gücün qalib gəlməsindən getmir. Əsasən, bizi maraqlandıran Azərbaycanın vəziyyətidir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Komitə sədri söyləyib ki, hazırda Türkiyə ən böyük rejional qalib namizədlərdən biridir: “Çünki Türkiyənin üstünlüyü ondadır ki, həm NATO-nun üzvüdür, regionda maraqları həm təhlükəsizlik, həm enerji, həm də digər sahələrdə üst-üstə düşür. Həmçinin Azərbaycanla strateji müttəfiqdir, dost, qardaş dövlətdir, Mərkəz Asiyaya çıxışı var. Zəngəzur Dəhlizi və Orta Dəhliz Türkiyənin təsir imkanlarını artırır. Əgər Azərbaycan-Ermənistan sülh prosesi və kommunikasiyaların açılması mütləq şəkildə reallaşsa və düşünürəm ki, reallaşacaq, burada Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən əsas geosiyasi platformaların birinə çevrilir. ABŞ yeni oyunçudan daha çox yeni təhlükəsizlik bağlantı arxitekturasının qurucusudur. Çünki onun marağı tək Ermənistana və yaxud Gürcüstana, ya da Azərbaycana deyil, ümumiyyətlə, regionadır. Burada bir sıra məqam - həm İranın yaxınlığı və digər məsələlər var”.
A.Nağıyevin sözlərinə görə, ABŞ-nin TRIPP layihəsi var və Vaşinqton üçün əsas məqsəddən biri, regionun yalnız Rusiya və İran marşrutundan asılılığını azaltmaq, Azərbaycan-Ermənistan sülhünün iqtisadi bağlantılarını möhkəmləndirməkdir: “Bunun üçün də ciddi cəhdlər edirlər. Rusiya öz mövqeyindədir, zəifləsə də oyundan çıxmır, çıxmayacaq da. Çünki NATO və Rusiya sərhədi Türkiyə-Ermənistan sərhədidir. Əsas dəyişikliklər də ondan ibarətdir ki, Rusiya Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının əsas söz sahibi idisə, indi deyil. Çünki ABŞ, Türkiyə, Azərbaycan və digər ölkələr var. İran ən çox narahat olan regional aktordur. Burada Azərbaycan faktoru da var, Türkiyə-Azərbaycan xəttinin Ermənistan üzərindən genişlənməsi də var, TRIPP-in həyata keçirilməsi var. İranı prosesdən kənarda saxlamaq da mümkün deyil. Buna görə də Azərbaycanın İranla münasibəti balanslı qorunur və düşünürəm ki, cənab Prezidentin apardığı siyasət ən mühüm və ən düzgün siyasət kimi dəyərləndirilir. Avropa İttifaqının marağı çoxdan var və 2026-cı ildə Cənubi Qafqaz və Qara Dəniz bağlantılarında milyardlarla avro investisiya mexanizmləri formalaşdırıb. Burada Ermənistana, eləcə də Azərbaycana maraq var. Məlum məsələdir ki, Gürcüstanla problemlər çözülməsə də onların orada ciddi marağı var”.
O həmçinin bildirib ki, Azərbaycan böyük güclər arasında seçim edən ölkədir: “Eyni zamanda, Azərbaycan böyük güclərin əməkdaşlıq etməyə məcbur olduğu ölkəyə çevrilir. Çünki Xəzər dənizinə çıxış var, Bakı-Tbilisi-Qars, Orta Dəhliz layihəsi var. Mərkəzi Asiya ilə əlaqədar Naxçıvan amili var. Türkiyə ilə strateji müttəfiqlik var, Rusiya ilə coğrafi qonşuluq var. İranla sərhəd, Avropa ilə enerji və nəqliyyat əməkdaşlığı - bütün bunlar bir daha Azərbaycanın mövqeyinə təsir edən əsas amillərdəndir. Çünki Azərbaycanın apardığı daxili və xarici siyasət: Türkiyə ilə təhlükəsizlik müttəfiqliyi, ABŞ ilə strateji bağlantılar, Avropa ilə enerji, investisiya, Mərkəzi Asiya ilə tranzit inteqrasiyası, Rusiya və İranla nəzarətdə saxlanılan praqmatik münasibətlər var. Yəni əsas məqamı bir daha qeyd edirəm Azərbaycan-Ermənistan sülh prosesi davam edir. TRIPP və digər kommunikasiyalar reallaşar, Orta Dəhliz genişlənər, Cənubi Qafqazın yeni xəritəsində Azərbaycanın çəkisi indiki səviyyədən xeyli yüksək olacaq. Buna görə də Azərbaycanın coğrafiya, enerji və tranzit imkanları sayəsində çox ciddi təsirə malik olması hələ qarşıdadır”.
Röya İsrafilova