14:41
770
Mümkün qədər tez keçid etmək istəyən durulaşdırılmış qaz daşıyan gəmi, suyun səviyyəsinin aşağı düşməsi səbəbindən buraxılış qabiliyyəti məhdudlaşdırılan Panama kanalından sürətləndirilmiş tranzit üçün rekord məbləğdə - 5,3 milyon dollar ödəyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyinə Panama Kanalı Administrasiyasının rəhbəri İlya Espino de Marotta məlumat verib.
"Son vaxtlar biz kifayət qədər yüksək qiymətlərlə üç təklif almışıq", - deyə o bildirib və ödənilən bu məbləğin indiyə qədərki "ən yüksək göstərici" olduğunu qeyd edib. Keçən həftə Panama Kanalı Administrasiyası regionda yağıntıların az olması və bunun suyun səviyyəsinə təsir etməsi səbəbindən gəmilərin gündəlik keçid sayını azaltmaq qərarına gəlib. O, məhdudiyyətlərin tətbiqini yağıntı qıtlığı ilə izah edib - son dörd ay ərzində kanal hövzəsində yağıntıların həcmi tarixi normadan 34% az, hövzəyə su axını isə orta göstəricidən 44% aşağı olub.
Kanal vasitəsilə tranzit imkanı öncədən növbə götürməklə planlaşdırılır, lakin növbədənkənar keçid hüququ hərracda satıla bilər. Aprel ayında keçirilən belə hərracların birində, Hörmüz boğazının bağlanması səbəbindən tələbatın kəskin artmasından sonra karbohidrogenlərin daşınmasına yaranan təcili ehtiyac ucbatından bir gəmi 4 milyon dollara qədər ödəniş etmişdi. Panama Kanalı Administrasiyasının məlumatına görə, 2025-ci ilin oktyabrından 2026-cı ilin fevralınadək olan dövrdə orta təklif qiyməti təxminən 55 min dollar təşkil edib. O vaxtdan bəri bu məbləğ orta hesabla üç dəfə artıb.
Məryəm Quliyeva