“Azərbaycanın Orta Dəhliz imkanlarının Malayziya şirkətlərinə təqdimi əlaqələrə real iqtisadi məzmun qazandıra bilər” Siyasət

“Azərbaycanın Orta Dəhliz imkanlarının Malayziya şirkətlərinə təqdimi əlaqələrə real iqtisadi məzmun qazandıra bilər”

“Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsi xarici siyasətdə ayrıca Asiya istiqamətinin güclənməsinə səbəb ola bilər. Bu, ənənəvi tərəfdaşlardan uzaqlaşma deyil, siyasi və iqtisadi əlaqələrin şaxələndirilməsi kimi qiymətləndirilməlidir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.

O deyib ki, Malayziya həm sürətlə inkişaf edən iqtisadiyyatı, həm ASEAN-dakı mövqeyi, həm də İslam dünyasındakı nüfuzu baxımından Azərbaycan üçün mühüm tərəfdaş və Cənub-Şərqi Asiya bazarlarına çıxış qapısı ola bilər: “Tərəflərin ticarət, turizm, təhsil, logistika və enerji sahələrində əməkdaşlıq imkanlarını müzakirə etməsi də münasibətlərin yalnız siyasi dialoqla məhdudlaşdırılmadığını göstərir. Lakin bu istiqamətin xarici siyasətin müstəqil və davamlı xəttinə çevrilməsi üçün diplomatik təmasların konkret layihələrlə tamamlanması vacibdir”.

Z.Qarayevanın sözlərinə görə, birbaşa nəqliyyat əlaqələrinin qurulması, biznes forumlarının keçirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və Azərbaycanın Orta Dəhliz imkanlarının Malayziya şirkətlərinə təqdim edilməsi münasibətlərə real iqtisadi məzmun qazandıra bilər: “BMT, İƏT, Qoşulmama Hərəkatı və D-8 çərçivəsində qarşılıqlı dəstək isə siyasi yaxınlaşmanı möhkəmləndirir. Bu proses digər ASEAN ölkələrini də əhatə edərsə, Azərbaycan Cənub-Şərqi Asiyada daha fəal mövqe tutaraq xarici siyasətinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirə bilər”.

Röya İsrafilova