
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, mediada, sosial şəbəkələrdə tariximizlə bağlı heç cür bitməyən müzakirələrə münasibətinizi bilmək istərdik...
- Tarixlə tarixçi alimlər (elmi dərəcələrinin olub-olmamasından asılı olmayaraq, bu sahəni peşə seçmiş və elmi tədqiqatlar aparan şəxslər) məşğul olmalıdır. O şəxslər tarixçi alim hesab olunur ki, onlar tarixi hadisələrə obyektiv yanaşsın, güclü araşdırma qabiliyyətinə, tənqidi düşüncəyə, geniş dünyagörüşə - tarixlə yanaşı siyasət, iqtisadiyyat, mədəniyyət, coğrafiya və digər sahələrə aid bilgilərə sahib olsun. Müxtəlif ölkələrin və dövrlərin mənbələrini araşdırmaq üçün xarici və qədim dilləri bilsin. Arxiv sənədləri, qədim mətnlərlə, çoxsaylı meteriallarla işləmək bacarığı olsun, öz elmi araşdırmalarının nəticələrini aydın, məntiqli və elmi şəkildə təqdim etməyi bacarsın. Qoy oxucular desin, bizdə tarixi müzakirələr açmış, yaxud bu müzakirələrə qoşulmuş şəxslərin neçəsi bu keyfiyyətlərə malikdir? Tarixi hadisələrə bu gündən qiymət vermək kökündən səhvdir. Slojenitsinin belə bir sözü var, "mütləqiyyət qəddarlıq doğurur". Orta əsrlərdə başqa idarəçilik forması yox idi, ona görə həmin dövrü qəddarlıq dövrü də adlandırmaq olar. Bu gündən yanaşsaq, gərək özbəklər Əmir Teymurdan, monqollar Çingiz xandan, ruslar Pyotrdan, Anadolu türkləri Osmanlı tarixindən və s. imtina etsin. Orta əsrlərdə dövlətlər sülalə, din və imperiya prinsipləri əsasında qurulurdu. Yalnız 18-19-cu əsrlərdə milli dövlət anlayışının əsasları yaranmağa başladı. Osmanlı tarixinə diqqət yetirmək kifayətdir. Tarixi mövzuda müzakirələrə qoşulanlar bütün bunları nəzərə almalıdırlar. 20-ci əsrə qədərki tariximizin üstündən xətt çəkə bilmərik. Bunu edənlər böyük tarixi və siyasi səhvə yol verirlər, xalqın özgüvən hissini öldürür, onda çatışmazlıq kompleksi formalaşdırırlar. İctimai-siyasi fəallar əsas diqqətlərini bu günümüzün problemlərinin müzakirəsinə yönəltməlidir. Keçmişlə və başqalarının problemləri ilə, kriminal elementlərlə, mənasız mövzularla lazım olandan çox uğraşırıq. Hamı tarixçi və ya beynəlxalq məsələlər üzrə ekspert olub. Keçmişin ağır mirasından qurtulmaq üçün elmə, təhsilə, mədəniyyətə, təhlükəsizliyimizə daha çox vəsait ayırmalıyıq, kifayət qədər vəsaitimizin olması üçün isə güclü iqtisadiyyata sahib olmalıyıq. Günün əsas müzakirə mövzusu da bu olmalıdır.
- Parlamentin payız sessiyası başlayır, hansı qanunların qəbulunu istəyərdiniz?
- Yerli dövlət hakimiyyəti orqanları haqqında qanun qəbul edib, idarəetmədə böyük islahatlara yol açmaq olar. Bu qanunla dövlət hakimiyyətinin həyata keçirilməsində mövcud olan ifrat mərkəzləşməyə son qoyub, inkişafın yeni mərhələsinə keçid edə bilərik. Məhkəmələrdə andlı iclasçılar institutunun tətbiqini qanunvericiliyə daxil etmək lazımdır. Milli Məclisin yeni Daxili Nizamnaməsinin, Amnistiya və əfvetmə haqqında qanunun qəbuluna ciddi ehtiyac var. İslahatlara başlanılacaqsa, çoxsaylı yeni qanunlar qəbul olunmalı, mövcud qanunlara isə ciddi dəyişikliklər edilməlidir. Daha yaxşı olardı ki, geniş ictimai müzakirələrdən keçən yeni Konstitusiya qəbul edək.
- Payızda ölkəmizə qarşı hansısa təxribatlar ola bilərmi?
- Hazırkı müstəqil xarici siyasətimiz çoxlarını qıcıqlandırır. Ona görə belə cəhdlər ola bilər. Zaman-zaman biz şahidi olmuşuq ki, Prezidentin yaxın ətrafından kimlərsə müxtəlif motivlərlə bu cür təxribatlara qoşulub. Bəziləri iddiaları, yaxud təkəbürlü olmaları səbəbindən imkanlarını, yaxud onları şirnikləndirənlərin imkanlarını düzgün hesablaya bilməyib. Bəzilərini şantajla bu cür təxribatlara təhrik ediblər. Bu gün də bəzən yersiz açıqlamaların şahidi oluruq. Düşünürəm, xalqımız, Prezident, polis və təhlükəsizlik orqanları, Silahlı Qüvvələrimiz bu cür təxribatların qarşısını almaq gücündədir. Təxribatlara qarşı ən sınanılmış mübarizə sosial problemlərin yaranmasının qarşısını vaxtında almaqdır.