Jurnalistlər üçün yeni müsabiqə Hadisə

Jurnalistlər üçün yeni müsabiqə

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 3 Dekabr-Beynəlxalq Əlillər günü ilə əlaqədar fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
Mövzusu "Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya" olan
müsabiqənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib hissəsi kimi, ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının təminatı, onların sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası istiqamətində aparılan işlər barədə geniş ictimai məlumatlandırmanın təmin olunmasında, bu təbəqədən olan şəxslərin ictimai həyatda bərabərhüquqlu iştirakının genişləndirilməsinə, bacarıqlarının, məşğulluq imkanlarının dəstəklənməsinə cəmiyyətin diqqətinin artırılmasında, fiziki məhdudiyyətli insanların bir çox hallarda "məhdudiyyətsiz" imkanlarının tanıdılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır.
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.
4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:
5.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər.
b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində).
c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində)
5. Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Yazıların qəbulu 2 noyabr 2018-ci il tarixində başlayır, 27 noyabr 2018-ci il tarixdə başa çatır.
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Müsabiqədə I yer üçün 1 nəfər (1000 manat), II yer üçün 2 nəfər (800 manat),
III yer üçün 3 nəfər (500 manat) yazı qalibinin mükafatlandırılması nəzərdə tutulub.
Bundan əlavə, 5 yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcək.
Qaliblər, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Müsabiqə haqqında daha ətraflı məlimatı kivdf.gov.az saytından almaq olar.