Mediada ictimai və dövlət maraqlarının müdafiəsi Hadisə

Mediada ictimai və dövlət maraqlarının müdafiəsi

Müasir dünyada informasiya orduları əvəz edir və əksər hallarda ölkələrin suverenliyinə məhz media üzərindən müdaxilələr olunur. Xüsusilə, 2001-ci il "11 sentyabr" terrorundan sonra informasiyanın dünya siyasətinə yön verməsi, İraq müharibəsi, "ərəb baharı" və bu "baharın" dirəndiyi Suriya nümunəsi, ümumilikdə günümüzdə yaşananlar mediada ictimai və dövlət maraqlarının qorunmasını aktuallaşdırır. Ölkəmizin zaman-zaman "informasiya terroru" ilə üzləşdiyini də nəzərə alanda bu amil günün əsas məsələsinə çevrilir.
İnformasiya hücumu: təcrübə beynəlxalq güclərin media korporasiyaları üzərindən ölkələrin daxili işinə necə müdaxilə etdiyi, lazımi rəyin yaradılması üçün manipulyativ addımların atdılığını göstərir. Diqqətçəkən məqam bu hücumların dünyanın diqqətinin hədəfdəki ölkəyə yönəldiyi vaxt edilməsidir. Misal üçün, beynəlxalq idman, yaxud musiqi yarışları və s.
a) Beynəlxalq ictimaiyyətin diqqətinin yönəldiyi ölkənin ən zəif yerləri axtarılaraq tapılır, bu alınmasa, yeni "problemlər" kəşf olunur.
b) "İstehsal olunan problemlər" həmin ölkədə təşkil olunan idman yarışı, yaxud hansısa irimiqyaslı tədbirlə əlaqələndirilir və problemin qaynağı kimi təqdim olunur.
c) Transmilli media korparasiyalarında həmin ölkə haqda manipulyativ məlumatlar dövriyyəyə buraxılır və əsas xəbərlər sırasına salınır.
ç) Daha sonra yeni uydurma xəbərlər sosial şəbəkələrə peyda olur və müzakirəsi təşkil edilir.
d) Nəticədə, hədəf seçilən ölkədə təşkil olunan yarış, yaxud tədbir ikinci plana keçir və dünya bu uydurma problemlərdən danışır. Siyasi texnologiyada buna "bumeranq effekti" də deyilir.
Beynəlxalq tədbirlərin keçirildiyi ölkələr üzərində bu metod asanlıqla həyata keçirilir. Neoimperalizmi qəbul etməyən, müstəqil siyasət yolunu seçən və buna görə hədəfdə olan ölkələrə təzyiq etməyin, onları gözdən salmağın ən sərfəli yolu beynəlxalq diqqətin bu ölkələrin üzərində olduğu məqamlardan istifadə etməkdir.
Azərbaycan 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi, eləcə də 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizdə keçirildiyi vaxt belə "informasiya terroru" ilə qarşı-qarşıya qalmışdı.
"Azərbaycan dövləti "Avroviziya" müsabiqəsi ilə bağlı geniş tikinti işləri həyata keçirir və burada müəyyən məqsədlər güdür", "I Avropa Oyunları Azərbaycanda sosial problemlər fonunda keçirilir" və sair və ilaxır...
Həqiqətə uyğun olmayan belə informasiyaların tirajlanması uzaq keçmiş deyil. Azərbaycan bu "terror"un qarşısını dövlət və medianın həmrəyliyi nəticəsində almağı bacardı. Bu həmrəylik milli mediamızın inkişafında xüsusi rol oynadı. Transmilli media korporasiyalarının dünyanın informasiya bazarını monopoliyaya alması fonunda da bu həmrəylik həyati əhəmiyyət daşıyır.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, "Media imperiyası" kitabının müəllifi Vüqar Zifoğrlu deyir ki, media korporasiyaların dünya informasiya bazarına göstərdiyi təsir bu gün müasir KİV sisteminin ən aktual mövzusudur: "Qlobal informasiya məkanında media korporasiyalarının çəki və təsir gücünün nə qədər olduğunu Beynəlxalq Jurnalistlər Federasiyasının 2001-ci ildə Seulda keçirilən beynəlxalq konqresində təqdim etdiyi arayış da sübut edir. Arayışda qloballaşmanın informasiya və KİV sistemində bir sıra dəyişikliklərə yol açdığı vurğulanır, dünya mediasının "bir ovuc holdinqin" nəzarəti altına keçdiyi barədə həyəcan təbili çalınır. Arayışda bildirilir ki, "jurnalistin peşə kimliyi jurnalistikanın bugünkü sosial və mədəni böhrana qarşı sinə gərməkdə çox önəmli bir vasitədir". Sənəddə media sektorunun da içində olduğu qlobal iqtisadiyyatın, "demokratik və industrial məsuliyyət dərəcəsinin" kənarında olduğu qeyd edilir".
Vüqar Zifəroğlu qeyd edir ki, dünyanın iri mediakorporasiyalarının həyata keçirdiyi siyasətin əsl mahiyyəti ayrı-ayrı dövlətlərin informasiya məkanını nəzarətdə saxlamaqdır.

"Nəticədə cəmiyyətin standart kriteriyalar əsasında idarəsi gerçəkləşir. İstiqamətlənmiş informasiya axınına düşən insan tədricən öz düşüncə tərzindən uzaqlaşaraq aldığı informasiyanın təsiri ilə düşünməyə başlayır. Bütün bunlar sübut edir ki, müasir dünya üçün ən təhlükəli silah informasiyadır. Yalnız informasiya müharibəsindən qalib gələn dövlətlər dünya informasiya bazarına sahib çıxacaq", - deyə o diqqətə çatdırır.

Bu mənzərə fonunda Azərbaycnda dövlət və medianın qarşılıqlı maraqları ortaya çıxır.

Media: milli jurnalistikamız daha yaradıcı və azad şəkildə işləyə bilmək üçün dəstəyə ehtiyac duyur və bu dəstəyi məhz dövlətdən almaq istəyir. Media dövlətin dəstəyində ona görə maraqlıdır ki, xarici dairələrin "qrant"larının ümidinə qalmaq istəmir. Çünki xarici "qrant"lar maddi dəstəklə yanaşı, öz maraqlarını da diktə edir və bu maraqlar əksər hallarda Azərbaycan dövlətinin maraqları ilə toqquşur. Belə demək mümkünsə, Azərbaycan mediası pula görə dövlətinə düşmən kəsilmək istəmir.
Dövlət: medianın inkişaf etməsində və beynəlxalq informasiya bazarına çıxışında maraqlıdır. Dünyanın heç bir qayda tanımayan informasiya müharibəsində medianın güclü olması dövlətin güclü olması deməkdir. Təbii ki, media dəstəyə ehtiyac duyursa, bunu niyə dövlət deyil də, öz maraqlarını diktə edən xarici dairələr həyata keçirməli, qarşılığında da dövlətin maraqlarına zidd tələblər qoymalıdır?!
Mövcud şərtlər Azərbaycanda dövlət və medianın qarşılıqlı fəaliyyət göstərməsini təbii prosesə çevirir, əks halda dünya siyasətinin sərt qaydaları fonunda dövlət və medianın ayrılıqda hərəkət etməsi hər iki tərəfin zəifləməsi ilə nəticələnən perspektiv vəd edir. Bunu Azərbaycan dövləti də, Azərbaycan mediası də anlayır.
Dünyaya diktə edən əsas güc ölkələrinin təcrübəsi da göstərir ki, media başqalarının ərazisinin işğalı zamanı belə öz dövlətinin yanında olub. Misal üçün, nə qədər ədalətli, yaxud ədalətsiz olmasından asılı olmayaraq, Vyetnam müharibəsindən İraq müharibəsinə qədər ABŞ mediası öz dövlətinin yanında idi və bir çox hallarda dünya ictimaiyyətini yönləndirməyə hesablanmış manipulyativ informasiyalarla da çıxış edirdi.
Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu, torpaqlarının işğal altında olduğunu, buna rəğmən, dünyanın ədalətsiz üzü ilə qarşılaşdığını nəzərə alanda media və dövlətin həmrəyliyi ikiqat haqlılıq və əhəmiyyət kəsb edir.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli hesab edir ki, media dövlət maraqlarında xüsusi həssaslıq nümayiş etdirməli və məsuliyyətli olmalıdır.
"Sofiya bəyənnaməsi"ni xatırladan Müşfiq Ələsgərli qeyd edir ki, 1990-cı illərdə bu bəyannamə qəbul olunanda dilemma yarandı: "Medianın iki vəzifəsi var: biri dövlət və hakimiyyətə nəzarət, ikincisi informasiyanı tapıb ictimaiyyətə çatdırmaq. Lakin jurnalist hər əlinə düşən faktı yayamalıdırmı? Bu məsələdə dilemma yarandı. Jurnalist cəmiyyətdə kataklizzmlər yaradan, faydalı olmayan məlumatları dərs etməməli, məsuliyyət hissini itirməməlidir".
Müşfiq Ələsgərli dünyanın mövcud şərtlərində informasiyanın böyük əhəmiyyət daşıdığını, bu baxımdan, onun yayılmasında məsuliyyətin vacib olduğunu qeyd edib.
"Azərbaycan mediası bu məsələdə öz üzərində düşən məsuliyyəti dərk edir.
Bəzi neqativ məqamlar olsa da, ümumilikdə mediada ictimai və dövlət maraqlarının müdafiəsi qənətbəxşdir. Digər tərəfdən, dövlət medianın inkişafında və peşəkarlaşmasında öz üzərinə düşənləri edir", - deyə o vurğulayıb.
- 1998-ci il avqustun 6-da ümumilli lider Heydər Əliyevin fərmanı ilə mətbuat üzərində senzura ləğv olundu, beləliklə, medianın azadlığı önündəki ən böyük maneə götürüldü. Həmin il bütün çap mediası bütün vergilərdən azad olundu.
- 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə medianın azadlığınını təmini istiqamətində böyük addım atıldı.
- 2002-ci ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edildi.
- 2003-cü ildə mətbuatın özünütənzimləmə funksiyasını həyata keçirməsi üçün Mətbuat Şurası yaradıldı.
- 2008-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" və "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamlar imzaladı.
- Prezident İlham Əliyev 2009-cu ilin 3 aprel tarixində "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncam imzaladı. Bu fondun yaradılması ilə medianın müasir standartlara uyğun inkişafı istiqamətində yeni dövr başlandı.
- 2015 və 2017-ci illərdə Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan təmannasız addımlar isə Azərbaycan dövlətinin medianın inkişafındakı tarixi imzalarından hesab oluna bilər.

Dövlətin mediaya göstərdiyi qayğının siyahısı kifayət qədər genişdir. Azərbaycan təcrübəsi dünya üçün həm də ona görə nümunədir ki, dövlət göstərdiyi dəstəyi qarşılıqsız edir və əsas məqsəd milli medianın təsir altında düşmədən inkişaf etməsidir.
Müşfiq Ələsgərli Azərbaycanın medianın inkişafına sistemli şəkildə yardım göstərən yeganə ölkə olduğuna diqqətə çəkib.
"Bu sistemli yardımdan başqa birdəfəlik yardımlar da olunur. Zaman göstərir ki, cənab Prezidentin bu addımı çox humanistdir və doğrudur. Çünki son illərin təcrübəsi göstərir ki, bu cür yardımlar sayəsində Azərbaycan mediası özünün həm texniki imkanlarını xeyli artırıb, həm də peşəkarlıq, kadr yetişdirilməsi baxımından kifayət qədər uğurlu nailiyyətlər əldə edib. Bu nailiyyətlərin əldə edilməsində həmin dəstəyin rolu var", - deyə o bildirib.
Mətbuat Şurasının sədr müavini medianın dövlətin yanında olduğunu və media-dövlət həmrəyliyinin nəticəsində Azərbaycanın milli maraqlarına qarşı atılan xain addımların qarşısının alındığını qeyd edib: "İstər "aprel müharibəsi", istərsə onda sonra baş verən hadisələr zamanı təsdiq olundu ki, media dövlətimizin yanındadır və öz mövqeyini çox peşəkar şəkildə ifadə edə bilir. Həmçinin Azərbaycanda ictimai rəyin düzgün istiqamətlənməsində yaxından rol oynayır. Zaman göstərir ki, media ayrılan o yardımlardan çox səmərəli şəkildə istifadə edir və özünün peşəkarlığının, texnoloji imkanlarını artırıb. Azərbaycan dövləti gücləndikcə mediaya olunan qayğılar daha da artacaq və inkişaf edəcək".
Dövlət və medianın həmrəyliyi Azərbaycanın milli jurnalistikasına müsbət perspektivlər vəd edir.
Prezident İlham Əliyevin "Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq" sözləri də gələcəyə böyük inam yaradır.

Asif Nərimanlı

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"