Müəllim peşəsinə maraq artır Hadisə

Müəllim peşəsinə maraq artır

"İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" mövzusunda konfrans keçirilib

Dekabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Ukrayna Təhsil Menecerləri Universiteti və Başkir Dövlət Pedaqoji Universiteti ilə birgə "İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" mövzusunda IV beynəlxalq elmi konfrans keçirib. Təhsil Nazirliyinin dəstəyi ilə ADPU-da keçirilən konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının, Rusiyanın, Ukraynanın, İsveçin ali təhsil müəssisələrinin və elmi-tədqiqat mərkəzlərinin alim-mütəxəssisləri iştirak edirlər.
Tədbiri ADPU-nun rektoru Cəfər Cəfərov açaraq bildirib ki, rəhbərlik etdiyi universitet təhsilin inkişafı üçün elmi tədqiqatların aparılmasına, müxtəlif ciddi elmi tədbirlərin, o cümlədən beynəlxalq elmi konfransların, simpoziumların keçirilməsinə xüsusi önəm verir. Çünki belə elmi konfranslar fəaliyyətimizə kömək edir, bizi qarşımıza qoyduğumuz hədəf və məqsədlərə yaxınlaşdırır. Rektor vurğulayıb ki, konfransdan çıxarılan elmi nəticələrin əməli fəaliyyətə tətbiq edilməsi olduqca vacibdir.
C.Cəfərov deyib ki, təhsil strateji fəaliyyət sahəsi, müəllim hazırlığı isə ölkəmizin milli təhlükəsizliyi məsələsidir. 2021-ci ildə 100 illik yubileyini qeyd edəcək Pedaqoji Universitet "ADPU-2021 strateji inkişaf planı"nda pedaqoji sahədə təhsil və tədqiqatın əsas mərkəzi olmaq missiyasını ifadə edib. ADPU təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməli, tədqiqat universiteti statusunu qazanmalıdır. Elm və təhsilin sürətlə inkişaf etdiyi XXI əsrdə bu, çox vacibdir. 2016-2017-ci tədris ilində 500-dən yüksək bal toplayıb müəllim peşəsini 1-ci yerdə seçən abituriyentlərin sayı 25 nəfər olduğu halda, 2018-2019-cu tədris ilində bu peşəni seçənlərin sayı ölkə üzrə 2090 nəfər, ADPU üzrə isə 566 nəfər olub. Bu, ADPU-nun timsalında nəticənin 22 dəfə yaxşılaşması deməkdir. Qeyd olunub ki, bu gün ölkəmizdə təhsil sahəsində islahatlar geniş miqyasda və sürətlə həyata keçirilir. Ali təhsil sistemi yeni inkişaf mərhələsindədir. Müasir dövrümüzün tələblərinə görə, ali təhsil də xidmət sahəsi hesab edilir. "Pedaqoji Universitet olaraq əsas vəzifəmiz müasir müəllim şəxsiyyətini formalaşdırmaq, cəmiyyətdə müəllim peşəsinə olan inamın və etibarın yüksəldilməsi üçün yeni dövrün tələblərinə uyğun bilik və bacarıqlara malik müəllimlər yetişdirməkdir", - deyə rektor bildirib. ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov vurğulayıb ki, dünyanın tanınmış və nüfuzlu universitetləri qabaqcıl elmi texnologiyaların araşdırılmasına, beynəlxalq elmi tutumlu layihələrdə iştirak etməyə böyük diqqət yetirirlər. İnnovasiyaların təhsil prosesinə tətbiqi zamanın tələbidir. ADPU elmi layihələrdə iştirak etmək üçün səmərəli fəaliyyət göstərir. 2018-ci ildə universitet Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 5 qrant layihəsini qazanıb. Bu il ADPU 25-dən çox respublika və beynəlxalq səviyyəli konfrans keçirib.
Tədbirdə Moskva Pedaqoji Dövlət Universitetinin kafedra müdiri, professor Lüdmila Podımovanın "Müasir təhsilin psixoloji xüsusiyyətləri: koqnitiv və şəxsiyyətyönümlü kontekstlər", ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmovun "Pedaqoji sistemlərin təkmilləşdirilməsində innovasiyaların rolu" mövzularında məruzələri dinlənilib.