Akademik Valeri Ulyanişşevin 120 illik yubileyi keçirilib Hadisə

Akademik Valeri Ulyanişşevin 120 illik yubileyi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında görkəmli alim, akademik Valeri Ulyanişşevin 120 illik yubileyinə həsr edilmiş "Azərbaycanda mikoloji tədqiqatların inkişafında akademik Valeri Ulyanişşevin rolu" mövzusunda elmi simpozium keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alim Valeri Ulyanişşevin zəngin elmi yaradıcılığından, əldə etdiyi nailiyyətlərdən danışıb. Qeyd olunub ki, alimin kənd təsərrüfatına böyük zərər vuran sürmə və pas göbələklərinə aid tədqiqatları bitkiçilik üçün böyük nəzəri və təcrübi əhəmiyyət kəsb edir. AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov alimin elmə verdiyi töhfələrdən bəhs edib.
Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin "Akademik Valeri Ulyanişşevin elmi fəaliyyəti haqqında" məruzəsi dinlənilib. Bildirilib ki, həyatının 60 ilini elmi yaradıcılığa həsr etmiş bu insan ilhamla çalışaraq, gənc həmkarlarına parlaq örnək olub. Dünya botanika elmində tanınan və sayılan alim böyük və çətin yol keçib. V.Ulyanişşev dənli bitkiləri, xüsusilə buğda və arpanı məhv edən sürmə göbələklərinin növ tərkibinin öyrənilməsinə dair geniş tədqiqatlar aparıb. 1938-ci ilin may ayında V. Ulyanişşev Botanika İnstitutunda işə başlayıb və 50 ildən çox bu müəssisədə içləyib. O, sürmə göbələyinin növ tərkibini öyrənib və ilk növbədə, buğdanın bərk sürməsi ilə mübarizə tədbirlərini işləyib hazırlayıb. Bu iş Tərtər rayonunda yerləşən Azərbaycan Seleksiya Stansiyası ilə müqavilə əsasında aparılmışdı. Bir neçə il ərzində burada 2500-dən çox buğda sortunun xəstəliyə davamlılıq dərəcəsi araşdırılıb, sonralar bu məlumatlar seleksiyaçılara verilib. Apardığı tədqiqatların nəticələri alimə bu materiallar əsasında "Azərbaycanın mikoflorası"nın birinci cildini yazmağa, 1952-ci ildə onu nəşr etdirməyə və doktorluq dissertasiyasını müdafiə etməyə imkan verib.
V.Ulyanişev Azərbaycanın mədəni və yabanı bitkilərinin növ müxtəlifliyini öyrənməyə xeyli vaxt və əmək sərf edib. O, "Azərbaycanın mikoflorası"nı 3 cild, 4 kitab olaraq hazırlayıb və nəşr etdirib. Çıxış edənlər Valeri Ulyanişşevin elmin inkişafında, elmi kadrların hazırlanmasında müstəsna xidmətlərini vurğulayıblar.