ADPU-da Apellyasiya Komissiyası 709 müraciəti tələbələrin xeyrinə həll edib Hadisə

ADPU-da Apellyasiya Komissiyası 709 müraciəti tələbələrin xeyrinə həll edib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) payız semestrinin imtahan sessiyası başa çatıb. ADPU-dan bildiriblər ki, universitetdə payız semestrinin imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətlərin araşdırılması və düzgün qiymətləndirilməsini təmin etmək məqsədilə Apellyasiya Komissiyası yaradılıb. Eyni zamanda, imtahan sessiyasında obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə 8 nəfərdən ibarət İmtahan Qərargahı təşkil olunub.
İmtahan sessiyası Tədris Departamentinin imtahan və monitorinq şöbəsi tərəfindən idarə edilib. Apellyasiya Komissiyasının və İmtahan Qərargahının əlaqə telefonları bütün tələbələrə elan olunub, universitetin saytında və facebook səhifəsində yerləşdirilib. İmtahan Qərargahının rəhbəri, dosent Asif Axundovun məlumatına görə, yanvarın 4-dən fevralın 5-dək qərargaha ümumilikdə 293 tələbə müraciət edib. Bu müraciətlərin 283-ü yazılı qaydada verilən imtahanlardan, 10-u isə test üsulu ilə verilən imtahanlardan olub. Müraciətlər diqqətlə araşdırılıb. Yazılı qaydada verilən imtahanlarla bağlı 283 müraciətin 262-si tələbələrin xeyrinə həll olunub, 21 müraciət isə əsassız hesab edilib. Test üsulu ilə verilən imtahanlarla bağlı 10 müraciətin 7-si tələbələrin xeyrinə həll olunub, 3-ü isə əsassız sayılıb.
Apellyasiya Komissiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqovun məlumatına görə, komissiyaya ümumilikdə 2 min 224 müraciət daxil olub. Bu müraciətlərin 2 min 209-u yazılı qaydada verilən imtahanlarla, 15-i isə test üsulu ilə verilən imtahanlarla bağlı olub. Yazılı qaydada verilən imtahanlarla bağlı 1683 müraciət araşdırılıb. 709 müraciət tələbələrin xeyrinə həll edilib, 974 müraciət əsassız sayılıb. Digər müraciətlərin araşdırılması davam edir. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən 15 müraciətin 5-i tələbələrin xeyrinə həll edilib, 10-nu isə əsassız hesab olunub.
Həmçinin valideynlərin, təhsil ekspertlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin universitetdə imtahan prosesini izləmələrinə də xüsusi diqqət yetirilib. ADPU-nun filialları və universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci imtahan sessiyasının gedişi haqqında mütəmadi olaraq Tədris Departamentinə və rektorluğa məlumat veriblər. ADPU-nun rəhbərliyi müntəzəm şəkildə auditoriyalarda imtahan prosesini müşahidə edib, tövsiyələrini verib. İmtahanlar müvafiq qaydalara uyğun, şəffaf və obyektiv şəkildə keçirilib.