“Azərbaycantelefilm” dörd sənədli film hazırlayıb Hadisə

“Azərbaycantelefilm” dörd sənədli film hazırlayıb

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində dörd sənədli televiziya filminin istehsalı başa çatıb.
"Möhtəşəm obrazlar ustası" və "Sənətin Gülxar zirvəsi" unudulmaz sənətkarlar Mərziyə Davudovaya və Gülxar Həsənovaya, "Mənim həyat hekayətim" tanınmış müğənni, Xalq artisti Zaur Rzayevə, "Səma şahinləri" Azərbaycanın cəsur və igid təyyarəçilərinə həsr olunub.
2019-cu ilin tematik planına uyğun olaraq, Azərbaycan xanlıqları silsiləsindən "Şəki xanlığı" sənədli filminin çəkilişinin bu il reallaşması gözlənilir. Bundan başqa, "Bakı Dövlət Universiteti – 100", "Azəri-caz", "Rast", "Azərbaycan xalçası, "Azərbaycan kəlağayısı", "Lahıc misgərlik sənəti", Bakı Dağ Yəhudiləri Dini İcmasının sədrinə həsr olunmuş "Milix Yevdayev" kimi sənədli telefilmlərin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə, akademiklər Cəfər Xəndan, Mustafa Topçubaşov, Aslan Aslanov, dirijor, Xalq artisti Rauf Abdullayev, bəstəkar Şəfiqə Axundova, Azərbaycanın ilk qadın dramaturqu Səkinə Axundzadə, şair Seyid Əbülqasım Nəbati, yazıçı İsmayıl Şıxlı, şair Zeynal Cabbarzadə, şair Sərdar Əsəd, rejissor Hüseynağa Atakişiyev, heykəltəraşlar Elmira Hüseynova və Natiq Əliyev, rəssamlar Tofiq Ağababayev və Nazim Bəykişiyev kimi bir sıra elm, mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılıqlarına həsr olunmuş lent əsərlərinin ərsəyə gəlməsi nəzərdə tutulur.
Tarixi etnoqrafik, aşıq sənəti, və folklorun əks olunacağı "Milli qadın və kişi geyimləri", "Kitab tarixi və mədəniyyət", "Aşıq Alı", "Mikayıl Azaflı", "Aşıq Pəri", "Sarı Aşıq", eləcə də Lənkəranda fəaliyyət göstərən "Nənələr" ansamblı haqqında filmlərin çəkilməsi isə hazırlıq prosesindədir.
Qeyd edək ki, "Azərbaycantelefilm" bu ildən "Sabah" yaradıcılıq emalatxanası ilə müştərək əməkdaşlığa da başlayıb. Hazırda görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının keşməkeşli həyatından bəhs edəcək çoxseriyalı "Azad bir quşdum" bədii-sənədli televiziya filminin çəkilişlərinə hazırlıq işləri gedir. Film ölməz dramaturqun 120 illik yubileyinə həsr olunub.