Xalqımızın tarixinin şanlı səhifələrindən biri - Azərbaycan Xalq Cümhuriyyəti Hadisə

Xalqımızın tarixinin şanlı səhifələrindən biri - Azərbaycan Xalq Cümhuriyyəti

XX əsrin əsas hadisələrindən biri dünya tarixində yeni quruluşun - sosializm cəmiyətinin qurulması olmuşdu. 1917-ci il Rusiyada baş verən bolşevik inqilabının təsiriylə çar Rusiyası işğalı altında olan xalqlar müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxıb azad demokratik ölkəyə çevrildilər. Onların sırasında Azərbaycan ilk qaranquşlardan oldu. Azərbaycan türkü Qafqazın, Şərqin Avropa qanunlarına dayanan ilk demokratik dövlətini qurdu. Bu hadisə xalqımızın varlıq kitabının şanlı səhifələrindən biridir.
AXC-in bolşevik Rusiyası tərəfindən işğalından sonra sosializm quruluşu müstəqillik aktlarının üstündən xətt çəkdi. Lakin Azərbaycan Rusiyanın tərkibinə muxtar əyalət kimi yox, ayrıca respublika kimi daxil oldu, 15 müttəfiq respublikadan biri oldu. Bu yalnız 23 ay sürən cumhuriyyətin dünyada tannması sayəsində, onu quranların fədakar zəhməti, daha çox görkəmli dövlət xadimi, alim Məmməd Əmin Rəsulzadənin təşkilarçılığı sayəsində mümkün olmuşdu. Azərbaycanın gerbi, himni, bayrağı, sonralar millətin adı dəyişdirilsə də, varlığını sürdürürdü. Sovet quruluşu dağılandan sonra həmin dəyərlər yenidən Azərbaycana qayıtdı. Qayıtmayan sovet dövrü qoparılmış Azərbaycan torpaqları oldu.
Sovetləşmənin ilk illərini sovet imperiyasına daxil olmuş digər xalqlar kimi Azərbaycan türkləri də xoş qarşılamamış, narazılıqlar, üsyanlar olmuş, qaçaq hərəkatları geniş yayılmışdı. Daha çox 1920-30-cu illər arası xalq hərəkatları geniş vüsət almışdı. Azərbaycanın bir çox bölgələrində Gəncədə, Bərdədə, Şəkidə, Naxçıvanda sovet hökumətinə, sovet məmurlarına qarşı etirazlar çoxalmışdı.
Bunlardan yadda qalanı və uzun sürəni 1930-cu ildə Naxçıvan MSSR Şahbuz rayonu Keçili kəndində baş vermiş xalq üsyanı idi. Bu üsyanın başında keçmiş musavatçı keçilili Məşədi Qasımalı Dünyaməliyev dururdu. Üsyan 1932-ci ilə qədər davam etmiş, sonda yatırılmışdı, üsyan başçıları güllələnmişdi. Onun və digər keçililərin qəhrəmanlığı xalqın dilində dastana çevrilib. Azərbaycanda baş vermiş başqa üsyanlar haqqında tarixi ədəbiyyatlarda məlumat olsa da bu üsyanın baş vermə səbəbləri, iştirakçıları, üsyançıların aqibəti haqqında məlumat verilməyib.
Naxçıvanın məşhur qaçaqlarından Qaçaq Zelanın, Qaçaq Quşdanın adını çəkmək olar. Nəhəcirli Qaçaq Zelan zamanının məşhur igidlərindən olmuş, hökumət adamlarına qənim kəsilmişdi. Hökumət qüvvələri nə qədər çalışsalar da onu ələ keçirə bilmirdilər. Nəhayət, 1925-ci ildə keçilili Məşədi Qasımalı (sonralar Keçili üsyanının rəhbəri) onu tərksilah edib hökumətə təhvil vermişdi. Onu hökumətin tapşırığı ilə yox, Qaçaq Zelanın günahsız adamları öldürməsinə son vermək üçün öz istəyilə etmişdi. Qaçaq Quşdan isə Keçilinin mərd mübariz oğullarından olmuş, bir müddət Keçili üsyanında vuruşmuşdu. Keçili üsyanı haqqında ilk dəfə olaraq arxiv sənədləri əsasında "Gecikmiş qələbə" adlı roman yazılıb.
Folklor ədəbiyyatlarında qaçaqlar, onların qəhrəmanlığı, əhatə dairəsi, xalqın onlara münasibəti haqqında hekayələr çoxdur. Bu adamları sovet hökumətinə qarşı çıxmağa nə vadar edirdi? Sovet hökuməti necə quruluşdu? Sovet hökumətini müstəmləkə idarəçilyinin yumşaq forması hesab eləmək olar. Müsavat zamanı azad və demokratik yaşayan xalq yeni quruluşu istəmirdi. Daha çox varlı təbəqə bu quruluşa etiraz edirdi, çünki burjuaziyanın tələbləri fəhlə-kəndli hökumətinin ideyaları ilə üst-üstə düşmürdü. İkincisi, sovet hakimiyyətinin ilk illərində ictimai bərabərlik adı altında bolşevik özbaşınalığı, xalqla bəd rəftar qaçaq hərəkatlarına gətirib çıxarmışdı. Onlar mövcud quruluşa etiraz edib bəzən tək, bəzən də başına dəstə toplamaqla hökumətə qarşı mübarizə aparırdılar. Xalq onları himayə edir, köməklik göstərir, hökumət qüvvələrindən gizlədirdi.
Sovet quruluşuna qarşı kəskin mübarizə 1930-cu illərdən sonra başlamışdı. Sovet hökuməti qurulmasından 13 il sonra hökumətin başında duranlar kolxoz quruculuğuna qərar vermişdi. Kolxoz kollektiv təsərrüfata əsaslanırdı, gəlirin hamının arasında bərabər bölünməsi məqsədi daşıyırdı. Bunun üçün varlıların əmlakının əlindən alınıb kolxoza qatmaq, dövlətin ixtiyarına vermək lazım idi. Varlı təbəqə isə bununla razılaşmırdı; heç kəs var-dövlətini itirib kasıb kəndliyə, muzdlu işçiyə çevrilməyini istəməz. Bu səbəbdən sovet ittifaqının çox yerlərində, o cümlədən Azərbaycanda kolxozlaşmaya qarşı etiraz dalğası yayılmışdı. Üsyanlar aran yerlərində tez, dağlıq yerlərdə gec yatırılırdı. Bütün cəhdlərə baxmayaraq sovet imperiyasına qarşı durmaq mümkün olmadı. Kolxozlar quruldu və xalqın əmlakı ümumiləşdirildi. Kolxozlar sovet hökumətinə uğur gətirmədi, oğurluq və talan mənbəyi oldu. Dövlət əmlakını hərə bildiyi kimi dağıtdı, satdı, rüşvətxorluq artdı, bu da sovet hökumətini yıxan əsas amillərdən idi.
Kolxoz qurulmazdan qabaq əhalidən silahlar yığılırdı. Bu, baş verəcək hadisənin qabağını almaq üçün edilirdi. Hökumət qüvvələrinin şüarı belə idi: "Silahını təhvil verməyənin yeri ya qəbirdi, ya da Sibir". O dövrdə demək olar ki, hamının silahı vardı. Silahının əlindən alınmasını heç kim istəmirdi, ya gizlədirdi, ya da aşkara vermirdi. Üsyanların çoxunun başlama səbəbi silahların yığımından sonra başlanırdı. Keçili üsyanı da belə başlamışdı.
Kolxozlaşma uğur gətirə bilməzdi. Əgər insanın şəxsi mülkiyyəti yoxdursa, onu başqasının, xüsusən, dövlətin əmlakını, malını qorumağa və artırmağa marağı olmur. İqtisadiyyatın başında istehsal vasitəsinin artırılması və keyfiyyəti dayanır. Kapitalist ölkələrinin hamısında istehsal şəxsi mülkiyyətə əsaslanır. Mülkiyyətçi istehsal etdiyi malın əziyyətini çəkir, bazara buraxır, pul qazanır. O, bu işdə maraqlıdır, çünki hər şey özünündür. Sosializm cəmiyətində isə hər şey dövlətə məxsusdur, hər şey hamınındır, eyni zamanda heç kimindir. Kommunist ideoloqlarının (Marks, Engels, Lenin) kolxoz və ya ümumi mülkiyyət haqqında fikirləri olmamışdı. Onlar yalnız istismarçı zümrənin əmlakının əlindən alınıb kasıblara verilməsi prinsipini müdafiə etmişlər. Engels mülkiyyət hüququndan danışarkən yazır ki, siyasi inqilab adlanan inqilabların birincisindən tutmuş, axırıncısına qədər hamısı bir növ mülkiyyəti müdafiə xatirinə yaradılıb və başqa növ mülkiyyətin oğurlanması yolu ilə həyata keçirilib. Beləliklə, 2500 il ərzində xüsusi mülkiyyət yalnız mülkiyyət hüququnun pozulması sayəsində qala bilib. Avropanın sosialist ideoloqları Sen Simon, Şarl Fürye də Marks, Engels kimi şəxsi mülkiyyətin tərəfdarı olmuşlar. Onların fikrincə, insanları mülkiyyətdən məhrum etmək istehsalın tənəzzülünə gətirib çıxara bilər. Bu uzaqgörənlik təcrübədə özünü göstərmişdi. İngilis sahibkar Robert Oven öz pulları hesabına kommuna yaratmış, işçiləri kommunasında ümumi əməyə cəlb etmişdi. Nəticə onun istədiyi kimi olmadı, kommuna məhv oldu, Ovenin milyonları batdı. Sovet hökumətinin də taleyi eynilə belə oldu: rüşvətxorluq, oğurluq, quldurluq iqtisadiyyatı məhv elədi. İstisadiyyatı ölən ölkə məhvə məhkumdur. Kolxoz quruculuğu sovet cəmiyyətinin ən yaramaz qərarlarından biriydi.
Sovet İttifaqında kolxoz quruculuğunun səhv siyasət olduğunu başa düşənlər olsa da ona qarşı çıxan olmadı. Çünki dövlət fetişizmi deyilən hakimiyyət buxovları onu dağıtmağa qadir deyildi. Engels yunanlarda dövlətin əmələ gəlməsini izah edərkən onu belə əsaslandırır: "Qədimdə tayfanın tayfaya qarşı olan müharibəsi indi mal-qara, kölə və sərvət ələ keçirmək məqsədilə quruda və dənizdə müntəzəm quldurluğa çevrilməyə başlamışdı, bu müharibələr müntəzəm bir peşə şəkli alırdı, sərvətin zorakılıqla talan edilməsinə haqq qazandırmaq üçün qədim qəbilə qaydalarından sui-istifadə olunurdu... Elə bir təsisat çatışmırdı ki, yalnız cəmiyyətin siniflərə bölünməyə başlamasını deyil, həmçinin varlı sınfin yoxsul sinfi istismar etmək hüququnu və onun üzərində hökmranlığını əbədiləşdirsin. Belə bir təsisat meydana gəldi. Dövlət icad edildi". Bugünkü dünyada qəbul edilən qərarlar, müharibələr, qırğınlar, haradasa dövlət yaratmaq və ya onu dağıtmaq böyük dövlətlərin fetişizminin gücü sayəsində baş verir. Sovet İttifaqının tərkibinə daxil olan xalqlar, hakimiyyətə tabe olan hərbiçilər, güc strukturları, milislər, katiblər sovet fetişizminin qurbanları sayıla bilər.
Bolşevizmin Rusiyada qalib gəlməsi dövlət fetişizmi sayəsində mümkün olmuşdu. Rusiyada ilk vaxtlar milli qüvvələr bolşeviklərdən çox idi. Lakin dövlət bolşeviklərin əlinə keçdiyinə görə bolşeviklər onları sıxışdırıb möhkəmləndi.
Sovet İttifaqının qara səhifələrindən danışarkən 1937-ci il repressiyalarını qeyd etməliyik. Hitler, Mussolini, Stalin 20-ci əsrin qatı diktatorları olmuşlar. Onların qırdığı insanların sayı-hesabı yoxdur. Azərbaycanın bu dövrdə çox ziyalıları, hərbiçiləri, dövlət xadimləri "troyka"nın hökmü ilə "xalq düşməni" adlandırılıb həbsə və sürgünə göndərilirdi. S.Hüseyn, H.Cavid, Ə.Cavad, M.Müşfiq, B.Çobanzadə, S. Mümtaz, V. Xuluflu, Əmin Abid, Y.V.Çəmənzəminli, Seyid Hüseyn, B.Vəlibəyov və bir çoxları. Generallar, hərbiçilər, alimlər, onların ailələri də bu ölüm maşınından qurtula bilmədi. Heç kim bu insan qırğının qarşısını ala bilmədi və biməzdi. Stalinin ölümündən sonra (1953) onlar bəraət aldı, amma bəraət heç bir ölünü geri qaytarmır, heç bir hökmü geri gətirmir.
II Dünya müharibəsi sovet xalqlarına daha bir zərbə vurdu, amma bu xalqların köməyi olmadan qələbə qazanmaq olmazdı. Müharibənin dəhşətləri ağırdı, milyonlarla insan öldü, əsir düşdü, evlər, şəhərlər dağıdıldı, qələbə asanlıqla əldə olunmur. Müharibə illərində Azərbaycan nefti həlledici rol oynadı, cəbhəyə göndərilən neftin 98%-ni Azərbaycan verirdi. İstər canlı qüvvə, istərsə də maddi sərvət baxımından Sovet İttifaqının öndə gedən qüvvəsi Azərbaycandı. Amma Azərbaycan lazımınca qiymətləndirilmirdi, Sovet Rusiyası müstəmləkəçi köləlik siyasətini davam etdirirdi.
Sovet dövründə Azərbaycan türklərinin deportasiyası həyata keçirilirdi. Azərbaycan 70 il ərzində bir neçə dəfə deportasiyaya uğradı, tarixi bölgələrimiz Çar Rusiyası dövründə olduğu kimi Ermənistana verildi. Əhali doğma torpağından köçürüldü, yer adları dəyişdirldi. Bu gün Ermənistanda olan yer adlarının hamısı türk-oğuz mənşəlidir, qədim xristian məbədləri isə erməni yox, alban-türk məbədlərinin qalıqlarıdır.

Aynur Cəlilova