Azərbaycanın tərcümə tarixinə həsr olunan elmi konfrans Hadisə

Azərbaycanın tərcümə tarixinə həsr olunan elmi konfrans

Martın 5-də Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzində "Azərbaycan tərcümə tarixi" mövzusunda elmi konfrans keçirilib. Konfransda Mərkəzin direktoru Cihan Özdəmir xalqların tərcümə tarixinin öyrənilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, tərcümə tarixinin tədqiqi tərcümə edilən zaman müvafiq ölkənin digər dövlətlərlə və millətlərlə mədəni, iqtisadi, siyasi əlaqələrinin səviyyəsini müəyyənləşdirməyə imkan yaradır.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu iştirakçılara Azərbaycan tərcümə tarixi haqqında ətraflı məlumat verib. Bildirib ki, tərcümənin tarixi qədimdir. Tərcümə xalqların bir-birinə münasibətindən doğur. Azərbaycanda tərcümə tarixini üzün müddət ruslarla bağlayaraq, bu tarixin başlanğıcını Abbasqulu ağa Bakıxanovun İvan Krılovun "Eşşək və bülbül" təmsilinin tərcüməsindən götürürdülər.
Akademik Möhsün Nağısoylu deyib: "Sonralar mən araşdırmalar nəticəsində müəyyən etdim ki, Azərbaycanda tərcümənin tarixi müqəddəs kitabımız "Qurani-Kərim"lə bağlıdır. Tərcümə millətlərarası münasibətlərin nəticəsi kimi meydana çıxır. Azərbaycanda da ərəb istilalarından və İslam dini qəbul olunandan sonra "Qurani-Kərim"in tərcüməsinə ehtiyac duyuldu və tərcümələrə başlanıldı".
Alim bildirib ki, oğuzların ana kitabı olan "Kitabi-Dədə Qorqud"da "Qurani-Kərim"in İxlas surəsinin bədii tərcüməsi var. Ölkəmizdə "Kitabi-Dədə Qorqud"un 1999-cu ildə 1300 illiyinin qeyd edildiyini nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanda tərcümə tarixinin 1300-dən çox yaşı var.
Möhsün Nağısoylu məruzəsində müxtəlif əsrlərdə Azərbaycan tərcümə tarixinə ümumi nəzər salıb, tərcümə edilən əsərlər və müəlliflər haqqında məlumat verib. Diqqətə çatdırıb ki, tərcümə həm də söz yaradıcılığıdır, dili zənginləşdirir. Tərcümə, eyni zamanda, milli ədəbiyyatın bir qoludur. "Tarixi tərcümələrə diqqət yetirsək görərik ki, onlar müasir tərcümələrdən tamamilə fərqlənir. Tərcümələr edilərkən müəllif ona öz zəkasını qoyurdu, ona görə də tərcümə olunan əsərə yeni bir nəfəs gəlirdi". Konfrans müzakirələrlə davam edib.