“Azərbaycan Gənclərinə Dəstək Proqramı” Hadisə

“Azərbaycan Gənclərinə Dəstək Proqramı”

Layihə regionlarda öz işini uğurla davam etdirir

UNİCEF-in Azərbaycan nümayəndəliyinin maliyyələşdirdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsi çərçivəsində 18 iyul 2014-cü il tarixində Beynəlxalq Avrasiya Mətbuat Fondu Saatlı rayonunda Saatlı rayon İcra Hakimiyyəti başçısı Siracəddin Cabbarovun və digər rayon rəsmilərinin, layihə çərçivəsində yaradılmış Saatlı Gənclərinə Dəstək Qrupunun iştirakı ilə şəhər görüşü keçirilib.
Görüşdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri cənab Umud Mirzəyev, "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsinin koordinatoru cənab Qiyas Abasov, UNİCEF-in Azərbaycan nümayəndəliyinin əməkdaşı cənab Natiq Umarov da iştirak ediblər.
Tədbirdə çıxış edən Saatlı rayon İcra Hakimiyyəti Başçısı Siracəddin Cabbarov Azərbaycan Respublikası Prezidentinin apardığı gənclər siyasətindən, gənclərlə bağlı rayonda həyata keçirilən quruculuq işlərindən, rayon gənclərinin problemlərindən bəhs edib.
Tədbirin gedişatında BAMF-nun sədri cənab Umud Mirzəyev, layihə koordinatoru Qiyas Abasov və UNİCEF-in Azərbaycan nümayəndəliyinin əməkdaşı Natiq Umarov layihə ilə bağlı tədbir iştirakçılarına məlumat verib.
Saatlı rayon İcra Hakimiyyəti Başçısı cənab Siracəddin Cabbarov və Saatlı rayon İcra Hakimiyyəti Başçısının Humanitar Məsələlər üzrə müavini xanım Reyhan Qocayeva rayon gəncləri ilə onların üzləşdikləri problemləri birgə müzakirə ediblər. Sonda Saatlı Gənclərinə Dəstək Qrupunun rəhbəri Xanım Allahyarova Dəstək Qrupu adından Saatlı rayon İcra Hakimiyyətinə rayonun seçilmiş ərazilərində əhali arasında və müxtəlif müəssisələrin işçiləri arasında ətraf mühitin tullantısız olmasını təmin etmək üçün bacarıqların formalaşdırılmasına yönəlmiş tədbirlərin təşkili mövzusunda layihə təklif edib. İcra başçısı da öz növbəsində bu birgə əməkdaşlığın qurulmasından məmnun olduqlarını qeyd edərək bildirib ki, İcra Hakimiyyəti də, həmin görüşlərin təşkilinə dəstək verəcək və bundan sonra da "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsi çərçivəsində yaradılmış Saatlı rayon Dəstək Qrupunun müxtəlif layihələri həyata keçirmələrinə yardımçı olacaq.
Tədbir hər iki tərəfin razılığı ilə hazırlanmış anlaşma protokolunun Saatlı rayon İcra Hakimiyyəti tərəfindən İcra Hakimiyyəti başçısının müavini Reyhan Qocayeva və UNİCEF-in Azərbaycan nümayəndəliyinin maliyyələşdirdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsi üzrə Saatlı Gənclərinə Dəstək Qrupunun rəhbəri Xanım Allahyarova tərəfindən imzalanması ilə sona çatıb.