“Rəşad Məcidin toyuna yazdıracağım pulu kitaba verdim” Hadisə

“Rəşad Məcidin toyuna yazdıracağım pulu kitaba verdim”

Vahid Qazi: "Aqil Abbas qolumuzdan tutdu ki, burda yaxşı kitab mağazası var, gedək"

Elman Cəfərli: "Göyçənin, Kərkükün, Dərbəndin, Borçalının ana vətəndən ayrı düşməsi məni necə göynədirsə, bir o qədər də Ağdamın yoxluğu ağrıdır"

Ülviyyə Xuduzadə: "Ağdamı ən çox o atışma ilə xatırlayıram"


Dünən Ağdamın növbəti işğal tarixi anıldı. Bütün itirilmiş torpaqlar kimi bu tarix da Azərbaycan xalqının ağrılı günlərindən biridir. Amma bu tarix ağdamlılar üçün daha ağrılıdır. Rayonun tanınmışları ağdamlı günlərindən danışıb, xatirələrini bölüşdülər.

Vətən həsrəti dəhşətli yaşantıdı

Yazıçı Vahid Qazi: "...Məktəbimiz Ağdam bazarıyla üzbəüz idi. O məktəbin həyətini, sinfimizi "Ruhlar şəhəri" kitabımda təsvir eləmişəm. Onu deyim ki, kitab yarımçıqdı, "Bazar", "Mağar" adlı bölmələri yaza bilmədim, çox şeylər qaldı yazılası, sağlıq olsun. İlk nəğmə müəllimimizin adı Şəmsəddin idi. Sinifə zoğal çubuğuyla girirdi. Hirsləndiyi uşağa çubuğu qəzəblə qaldırsa da, ustufca çırpırdı. Gözü çəp olduğundan bilməzdik kimə vuracaq. Sənə baxıb məni, ya da o biri tərəfindəkini vura bilərdi.
Bir dəfə soruşdu ki, kim durub bir xalq mahnısı oxuyar. Dedim: "Mən". Ona qəribə gəldi, adətən mahnını sinfin səsi olan uşaqları oxuyardı. Dedi: "Çıx qabağa". Lövhəyə çıxıb başladım o vaxt dəbdə olan Afrik Simonun məşhur mahnısını oxumağa... Sinif şaqqanaq çəkdi, dalını gətirə bilmədim. Ceyhun vardı, ona baxıb "nəyə gülürsən, əəə" sözünü ona desə də, çubuğu mənə çəkdi. "Xalq mahnısıdı, ə, bu" - Amma babat tutmuşdu, yeri xeyli müddət göynədi.
...1985-ci ildə müharibənin 40 illiyi ilə bağlı respublika məktəbləri arasında teatr müsabiqəsi keçirilirdi. Bizim oynadığımız tamaşa bir partizan dəstəsinin həyatından bəhs edirdi. Dəstənin başçısı mən idim. Şəhər məktəbləri arasında birinci olduq, sonra region üzrə də qalıb çıxdıq.
Məşqləri şəhər kitabxanasında edirdik. Tamaşanın bir yerini təkrar-təkrar məşq edəsi olduq, hər dəfə çaşırdım. "Bu, bizim üçün oturmağa bir bəhanə olmamalıdır" deyib oturmaq olmazdı. Mən də hər dəfə otururdum. Axırda, sən demə, Müşfiq (indi Kazanda yaşayır) məndən xəbərsiz stula balaca bir sancaq keçirər. Elə sözümü deyib oturmuşdum ki, sancaq ətimə batdı. Səsim ərşə çıxdı, amma ta bir də oturmadım".
Yazıçının sözlərinə görə, Rəşad Məcidin toyu Ağcabədidəki evlərində olub: "Orta məktəbi bitirmişdik, ya sonuncu sinifdəydik, dəqiq yadımda deyil indi. Atam toya yazdırmağa 50 manat vermişdi. Erkəndən gəlmişdik, toy hələ başlamamışdı. Aqil Abbas qolumuzdan tutdu ki, burda yaxşı kitab mağazası var, gedək. Dostlarla getdik, xeyli kitab seçib piştaxtanın üstündə qalaqladı. Pulunu hesabladıb mənə dedi: "Çıxart pulu ver, Ağdamda kitab bahadı". Çıxarıb düz 30 manat kitaba verdim. Üzə düşdüm, utandım, ta deyə bilmədim ki, pulum toyluqdu, kitablıq deyil. Onda Aqildən utanan vaxtlarım idi. Beləcə, pulun xeylisini kitaba verdim, bir azını da toya yazdırdım. Yaxşı kitablar idi, çoxu da Moskva nəşrləri. Heyf, onun maşınında qaldı. Aqil adama kitab qaytarar? Özü bağışlamasa, ondan kitab almaq mümkün olası iş deyil".
...Ağdamda milis şöbəsiylə çəpər qonşusuyduq. Şəhərə ilk atılan mərmilərin biri həyətimizə düşmüşdü. Deyirdilər ki, ermənilər milis idarəsini nişan alıblarmış. Onda hamımız Bakıda toydaydıq. 1992-ci ilin fevral ayı idi, səhv etmirəmsə. Qayıdanda gördük ki, qonşu Səkinə xalagillə aramızdakı şifer barı dağılıb, şüşəbəndimizin şüşələri çiliklənib tökülüb. Alazan mərmisi toyuq hinimizin yanında çala yaratmışdı. Qapısı açıldığından toyuq-cücə həyət-bacaya dağılmışdı. Ölüb eləyəni yox idi, təkcə xoruzumuz yaralanmışdı, axsayırdı. Kəsəsi olduq. Tükünü təmizləyəndə gördük ki, buduna şifer qırığı batıb. Yazığın budu qap-qaraydı. O qədər qəlpənin bir elə toyuq içində tək xoruza dəyməsində bir hikmət vardı: elə bil xoruz sevdiyi toyuğu qorumaq üçün özünü qəlpə qabağına atmışdı".
Vahid Qazi daha sonra "jurnalist kimi cəbhə bölgələrinə gedir, məlumatlar toplayıb evimizin 5-54-50 nömrəli telefonundan "Ədalət" qəzetindəki makinaçıya xəbər diktə edirdim", -deyə bildirdi: "Qəzetdə "Müxbirimiz Vahid Pərvizoğlu cəbhə xəttindən xəbər verir" sözlərini oxumaq mənə ləzzət edirdi. Qırmızı rəngli diyircəkli telefonumuzu Bakıdan o qədər yığmışam işğaldan sonra, cavab verməyib" İşğal olunmuş evindəki telefon nömrəsini yığasan, cavab verməyə, heç bilirsən bu nəyə bənzəyir? Sidq ürəkdən Tanrıya yalvarasan, səsin çatmaya, duan yetməyə, bax ona.
Cəbhə bölgəsində Yaqub Rzayevin dəstəsiylə döyüşlərdən reportajlar hazırlayırdım. Bir dəfə döyüşə gecə getmişdik. Məni maşından düşməyə qoymadılar, elə kənarda izləyirdim.
Şuşaya 1991-ci ilin dekabrında vertolyotla uçduq. Əsgərlik dostum Əliylə. Ermənilərin gülləsi vertolyotun pərinə dəymişdi. Qayıdanda Laçın yolu qayıtdıq. Şuşaya son səfərdən "Zirzəmidə gecələyən şəhər" adlı bir yazı yazdım.
"Evimizdən ilk götürdüyümüz ailə albomumuz, içində bir neçə nəsil ailə arxivi olan qara çamadanımız, beş-on seçmə kitab, anamın sırğa-üzüyü, bir də atamın qədim nərdiydi",- deyən yazıçı əlavə etdi ki, indi orda qalanlar arasında heyfsiləndiyin bir kitablardı, bir də vallar: "Vallar bir neçə nəsil idi ötürülə-ötürülə gəlib çatmışdı bizə. 1898, 1905, 1910-cu illərin valları vardı arasında. Rəşid Behbudovun atası Məcid Behbudovun, Cabbarın Varşavada yazılan valları, rus romansları daha qədim idilər.
Dayım oğlu Anarın 17 yaşı vardı. Adını da özüm qoymuşdum. Ağıllıydı, həm də çox sakit idi. Sən demə, təlatümü içindəymiş. Xromord döyüşündə şəhid oldu. Hərdən elə bilirəm, onun yarımçıq qalan ömrünü yaşayıram.
Ağdamın işğal olunduğunu telefonçu qadın zəngimə cavab verməyəndə duydum. Neçə gün idi döyüşlər gedirdi, ermənilər güclü hücuma keçmişdilər. O vaxt Prezident Aparatında işləyirdim. Son bir neçə gün əlaqə saxlaya bildiyim tək adam poçtdakı xanım idi. Son zəngə cavab verməyəndə şəhərin tutulduğunu anladım. Həmin gün Prezident Aparatında axırıncı iş günüm oldu. Şələ-küləmi götürüb, qapını çırpıb o gedən getdim.
Ağdamsız ağdamlı günləri ilk və son kərə bir neçə il qabaq yaşadım. Quzanlıda akademik Adilə Namazovanın 85 illik yubileyi keçirilirdi, onda. Uzun illər görmədiyim o qədər tanış üz gördüm ki. İstər rəsmi, istərsə də bədii hissəsində çox təsirli anlar oldu. Qəriblik, vətən həsrəti dəhşətli yaşantıdı. Fərq etməz İsveçdə, Bakıda, lap belə Quzanlıda ol. Bunu yaşamayan səni anlamaz. Duyğuların heç mində birini də yazmaq mümkün deyil".

Ağdamı şəhid olmuş ataya bənzədirəm

Tanınmış jurnalist Elman Cəfərli "Mən Ağdamın işğal olunmamış kəndindənəm",- deyə vurğuladı: "Ağdamla bağlı xatirələrim o qədər də çox deyil. Bizim kənd Bərdəyə yaxın idi, daha çox Bərdəyə gedib-gəlmişəm. İşğal olunmuş bütün torpaqları öz vətənim, öz ocağım hesab edirəm. Zəngilanda, Laçında dağılmış bir ev elə bil mənim ata ocağımdı. Göyçənin, Kərkükün, Dərbəndin, Borçalının ana vətəndən ayrı düşməsi məni necə göynədirsə, bir o qədər də Ağdamın yoxluğu ağrıdır. Azərbaycan türkü gərək özünü mahallara, bölgələr ayırmasın. Başımıza çox müsibət açdı bölgəçilik!.. Qarabağ münaqişəsi başlanandan məni ən çox ağrıdan Şuşanın işğalı olub. Şuşanı əsir düşmüş gəlinə, Ağdamı şəhid olmuş ataya bənzədirəm. O biri bölgələrimiz Ağdama baxıb dayanırdı. Ağdam ermənilərlə davanın ağırlığına çiyninə almış mahal idi. Hamı köməyi Ağdamdan umurdu. Qarabağı qorumaq istəyirdiksə, gərək Ağdamı saxlayaydıq. Ağdamda hərbi resurslarımız çox idi. Bu şəhəri qoruya bilərdik. Yaxşı təşkilatlansaydıq, nizamlı hərbi birləşmələr yarada bilsəydik, Ağdamı qoruyardıq, ermənilərə qarşı antiterror əməliyatlarının qərargahına çevirə bilərdik. Ortada Tərtər nümunəsi var. Ağdamı qoruya bilmədik. Bəziləri deyir ki, ağdamlıar əvvəlki əzəmətini, qürurunu itirdi. Qürurumuzu hamızmız itirmişik, bir millət olaraq, tək Ağdam yox. Yalamadan, Qırmızı körpüdən o yana ağdamlıl, şirvanlı söhbəti yoxdu. Bölgəçilik eləməkdənsə, hamılıqla birləşib qürurumuzu geri qaytarmalıyıq. Mümkün olmayan heç nə yoxdu. İstəyimiz, dirənişimiz olsa, Ağdamı, Qarabağı qaytara biləcəyik".

İlk atəşdən sonra Ağdam dəyişdi...

Jurnalist Ülviyyə Xuduzadə isə "Biz Ağdamda 20 yanvar küçəsindəki binada qalırdıq",- deyə bildirdi: "Ağdamda ilk tikilən beşmərtəbəli binada. Orta məktəbə 5 nömrəli məktəbdə başladım, sonra bakıda davam etdirdim. Uşaqlıqda məktəbdə çox aktiv olmuşuq, xor dərnəyinə gedirdik, imarətdə keçirilən tədbirlərdə iştirak edirdik. Bizim balkondan kəndlərə atılan qradları görürdük, o vaxt bunu həyəcanla izləyirdik. Ağdama ilk atəş açılan günü də unutmuram, mən həmin vaxt evdəydim, sonradan Ağdama bir dəfə getmişəm, ilk atəşdən sonra Ağdam tamamilə dəyişdi. Düzü Ağdamı xatırlayanda bütün ailə üzvlərimlə birgə nahar etməyimiz, dərsə getməyimizi xatırlayıram, Ağdamın işğalından sonra mən Bakıda oxudum, böyük qardaşım Moskvaya getdi. Ağdamı ən çox o atışma ilə xatırlayıram. Ağdamlıların darıxmasına gəldikdə isə, mən hesab edirəm ki, rayonumuz işğal edilməsəydi yaşayışımız tamamilə fərqli olardı".

Əli