Automəşqə yiyələnmək insana nə verir? Hadisə

Automəşqə yiyələnmək insana nə verir?

Hər bir kəs bu yolla özünə psixoloji təsir göstərə bilər

Autogen məşqin faydaları haqqında hərdən danışılır, ancaq çox zaman mahiyyətinə varılmır. Xüsusən insanların yay istirahəti vaxtı aşağıda təqdim olunan qaydalardan
faydalanması gerçəkdən faydalı ola bilər. Professor, tanınmış psixiatr Hadir İsmayılovun autogen məşqlərin əhəmiyyəti ilə bağlı fikirləri maraqlıdır. O, hesab edir ki, hər bir kəs bu yolla özünə psixoloji təsir göstərə bilər.
Autogen məşqin sirrini, qaydasını bilən adam üçün depressiyadan (ruh düşgünlüyündən) qurtulmaq, yuxusunu tənzimləmək, hər hansı bir stress vəziyyətindən çıxmaq adi bir haldır. İnsan autogen məşq vasitəsilə özü-özünə psixoloji yardım göstərə bilər...
Automəşqi bəzən "öz-özünə hipnoz" da adlandırırlar: "Yəni insan o dərəcədə bu texnologiyanı mənimsəyib özünə təsir eləmək qabiliyyətinə malik olur ki, istənilən vaxt istənilən xəstəlik əlamətini aradan götürə bilir. Bir sıra hallarda onu psixoterapevt edir, ancaq burada isə şəxs heç kəsə müraciət etmir".
Ancaq automəşqi öyrənmək o qədər də asan iş deyil. Automəşq ideyasının banisi alman alimi Şults 1932-ci ildə deyirdi ki, automəşqə yiyələnmək üçün hər bir şəxs 3-4 ay gündə 3 dəfə məşq etməlidir, lazımi ədəbiyyat oxumalıdır: "Xarici mədəni ölkələrdə autogen məşq demək olar, hər adamın bildiyi bir işdir. Azərbaycanda da bu işi bilənlər var. Psixosamatik xəstəliklər zamanı temperatur olmur. Tək-tək hallarda qısamüddətli temperatur reaksiyası ola bilər. Burada hər hansı ikinci bir xəstəliyi axtarıb tapmaq lazımdır".
Bir metod var ki, 4 dərs ərzində istənilən adama autogen məşqi öyrətmək mümkündür. Həftədə bir dəfə keçirilən dərs ərzində həmin şəxsə ev tapşırığı verilir. Autogen məşqlə məşğul olan adam günbəgün öz istedadını aşkarlamalıdır: "Məsələn, o, öz-özünə təlqin etməlidir ki, qollarım ağırlaşır, bədən temperaturum yüksəlir, orqanizmin filan yerindəki ağrı aradan qalxır. O, bütün bunları hiss etməlidir. Buna nail olmaq üçün həftələrlə, bəzən də aylarla məşq etmək lazımdır ki, o refleks onun beynində yaransın. Automəşqə yiyələnmək çox çətin olduğu dərəcədə də çox maraqlı və faydalıdır".
H.İsmayılov insanların daha çox ünsiyyətə meylli olmasını arzulayır: "İnsan öz xəstəlik əlamətlərini, dərdini daxilində saxlamaq yox, yaxınlarına deməyi bacarmalıdır. Hər bir ailədə ağıllı şəxslər var. Onların məsləhətlərindən istifadə etmək lazımdır. Lazım gələrsə, psixiatrın, psixoterapevtin yanına gedərək dərdini söyləmək yaxşı effekt verə bilər. İstirahətin məzmunlu təşkil edilməsi əsas şərtdir: teatr tamaşalarına, konsertlərə, şənlik olan yerlərə getmək, öz problemlərini şişirtməmək məsləhətdir.
Autogen məşq - sağlamlığı, əhval-ruhiyyəni psixoloji özünütənzimləmə üsuludur. Onu "psixoloji gimnastika" və "özünühipnoz" da adlandırırlar. Autogen məşqi bacaran şəxs iradəsinin gücünə arxalanaraq istənilən vaxt öz orqanizminə təsir edə bilər".
Autogen məşqin banisi, alman psixoterapevti İ.Q.Şultsun fikrincə, bu üsul qədim və etibarlı hipnozun əsasında yaranıb: "Müasir mülahizələrə görə, hipnoz təlqin vasitəsilə başqasına təsir etməkdir. Məlum olduğu kimi, hipnoz sakitləşdirici amil kimi bir sıra ruhi-əsəb pozuntularının müalicəsində tətbiq edilir. Hipnozdan fərqli olaraq autogen məşq zamanı orqanizmə göstərilən təsir şəxsin özü tərəfindən deyilən sözlər - özünütəlqin vasitəsilə yaradılır. Autogen məşqin ümdə cəhətlərindən biri onunla məşğul olanların həkimdən (bəzən müalicəyə mane olan "kənar adamların" təsiri altına düşmək qorxusu) asılı olmamalarıdır. Qaydanın müalicə və profilaktika imkanları bu üsulu mənimsəyənlərin və ondan vaxtaşırı istifadə edənlərin sayı ilə ölçülür. Hazırda autogen məşqdən yalnız əsəb pozuntuları, qan təzyiqinin artması, baş və ürək ağrıları (stenokardiya) və başqa digər xəstəliklərdən əziyyət çəkənlər deyil, habelə idman və yaradıcılıq imkanlarını gücləndirmək istəyən şəxslər də geniş istifadə edirlər. Alman alimi və idmançısı, autogen məşqin təbliğatçılardan biri X.Lindeman yazırdı ki, autogen məşq bir çox hallarda etibarlı yardım göstərir, insanda özü haqqında aydın təsəvvür yaradır, daxili imkanlara yol açır, onu həmfikirlərinə qovuşdurur. Autogen məşq sarsılmış ruhi sağlamlığın bərpa olunmasına, həyatı dolğun və ahəngdar qavramağa kömək edir, insana texniki tərəqqi ilə yanaşı addımlamağa imkan verir, onu xarici amillərin yiyəsi edir".
Əfsanəvi hünər yiyəsi - 72 gün müddətində rezin qayıqda Atlantik okeanını tənha fəth etdikdən sonra X.Lindeman demişdi: "Sağ qalmaq xoşbəxtliyini taleyin hədiyyəsi kimi qəbul edərək bütün həyatımı autogen məşqin təbliğinə həsr etməyi qarara aldım".
Müntəzəm olaraq autogen məşqlə məşğul olan şəxs tədricən diqqətini cəmləməyi, iradəsinə hakim olmağı, özündə bir sıra halların (rahatlıq, əzələlərin boşalması, ağırlaşma, istilik və s.) yaranmasına nail olur. Onlar tənəffüsü, nəbzi və s. tənzimləyə, bir neçə məşğələdən sonra daha mürəkkəb hallar: sərbəst şəkildə fikir və hisslərini idarə etmək imkanı əldə edirlər. Beləliklə, müvafiq psixoloji hazırlıqdan sonra məşqlərə başlamaq olar.
Aşağıdakı məşqlərin hər hansı birindən istifadə etməklə icra olunması məsləhət görülür.
Oturaq vəziyyət. Kürsüdə elə oturun ki, beliniz kürsünün arxasına söykənsin. Qollarınızı sərbəst şəkildə diz oynağının üzərinə qoyun, başınızı aşağı endirərək gözlərinizi yumun (faytonçu vəziyyəti).
Yarımoturaq vəziyyət. Söykənəcəyi hündür və ya başaltılı (təyyarə kreslosu kimi) kresloda rahat əyləşin. Bədən sərbəst, qollar dirsək oynağında bükülmüş, əlin iç səthi budun üzərində və ya kreslonun yan tutacağına qoyulur.
Ayaqlarınıza sərbəstlik verib gözlərinizi yumun (istirahət vəziyyəti).
Uzanmış vəziyyət. Arxası üstə rahat uzanın. Başınızın altına alçaq balış qoyun (balışsız da olar). Çarpayı və ya divan çox yumşaq olmalıdır. Qollarınızı gövdə boyu sərbəst uzadın, gözlərinizi yumun (yuxu vəziyyəti).
Məşqə sifətin, qolların və bütün bədənin əzələlərini boşaltmaqla iki dəqiqəlik hazırlıqdan sonra başlanılır. Hazırlığın başlıca şərtlərindən biri tənəffüsün qarın tipli olmasıdır. Həfəs alma dərin, nəfəs vermə isə sakit, müddəti iki dəfə uzadılmalıdır. Əzələlər boşaldıqca tənəffüsün dərinliyi də bir qədər zəifləyir. Gözlərinizi açmadan öz-özünüzə 5-10 dəfə bu sözləri təkrar edin: "Sifətim gərginlikdən azad olunur, sakitləşirəm". Bu zaman yatmış adamın sifətini xatırlayın. Hazırlıq mərhələsinin ardınca məşqə başlamaq olar.
Bədən əzələlərini mümkün qədər boşaldaraq bir neçə dəfə öz-özünüzə təkrar edin: "Mən sakitəm, mən tamamilə sakitəm". Sonra bu sözləri təkrar edin: "Qollarım, ayaqlarım və bütün bədənim ağırlaşıb" (özünütəlqin formullarının hər birini 5-6 dəfə təkrar edin). İfadələri 5-10 saniyəlik fasilələrlə təkrar edin və onları icra üçün göstəriş kimi qəbul edin. Müvafiq vərdiş əldə etdikdən sonra bu ifadələri qısaltmaq olar. Məsələn, "Qollarım və ayaqlarım ağırlaşıb" və ya sadəcə olaraq, "ağırdır".
Bədəndə ağırlıq hissi yaratdıqdan sonra növbəti formulaya keçilir. "Qollarım və ayaqlarım isinir" və ya "qollarım və ayaqlarım istidir". Özünütəlqin ifadələrini təkrar etdikcə əl-ayağın və bütün bədənin damarlarının genişləndiyini, orqanizmin isindiyini təsəvvür etməlisiniz. Məşqi düzgün icra edənlər bir neçə məşğələdən sonra qollarının, daha sonra bütün bədənin isindiyini duymağa başlayır. Məşğələni yaxşı mənimsəyən bəzi adamlar bədən temperaturunu 1,0-1,5 dərəcə artırmağa nail ola bilər.
Əvvəlki məşqlər tam mənimsənildikdən sonra növbəti məşqə keçilir. "Tənəffüsüm dərin və ardıcıldır". Qarın boşluğu üzvlərinin tənzimi. Bu məşqi icra edərkən şəxs öz diqqətini göbək nahiyəsindən bir qədər yuxarıda yerləşən "günəş kələfi"ndə cəmləməlidir. Bu sözlərdən istifadə edilir: "Günəş kələfi istilik buraxır" və ya "Mədə nahiyəsində istilik hiss edirəm". "Beyin damarlarının tənzimi" adlı məşqlə alında sərinlik hissi yaranır. "Alnım sərinləşir". Bu sözləri ifadə edərkən alın nahiyəsinə sərin mehin toxunduğu təsəvvür edilməlidir. Təsvir edilən 6 məşğələ autogen məşqin birinci (başlanğıc) dərəcəsini təşkil edir.
Gündə 3 dəfə olmaqla məşqə 7-10 gün, 6 məşğələyə isə 1,5-2 ay vaxt tələb olunur. Məşq üçün ən münasib vaxt bunlardır: səhər - yuxudan ayılan kimi, günorta - nahar fasiləsi zamanı və axşam - yuxudan əvvəl. Axşam məşğələsi rahat yuxu və səhər lazım olan saatda oyanmağı təlqin etməklə qurtarmalıdır.
Yuxarıda göstərilən məşğələləri mənimsədikdən sonra müxtəlif xəstəliklər nəticəsində meydana çıxan pozuntuları və ya tələb olunan hər hansı bir halı (əhval-ruhiyyəni yaxşılaşdırmaq, yorğunluğu, ağrını aradan qaldırmaq, iradəni gücləndirmək, hər hansı bir vərdişin mənimsənilməsi və ya tərgidilməsi və i.a) yaratmağa yönəldilən formulalardan istifadə edilməlidir. Məşğələlərin gedişində çətinlik yaranarsa, mütəxəssis həkimə müraciət edilməlidir.
Autogen məşq üçün əks göstərişlər aşağıdakılardır: hipotoniya (qan təzyiqinin aşağı olması); qanaxmaya meyilli olan mədə və 12 barmaq bağırsağın xorası; somnambulizmə meyilli olan isteriya xəstəliyi.
Bəzi xəstəlik əlamətlərinin aradan qaldırmağa yönəldilən xüsusi özünütəlqin formulları- ürək nahiyəsində ağrı və xoşagəlməz hisslərin aradan qaldırılması məqsədi ilə;
"Sinəmdə xoş istilik hiss edirəm"; "Ürək damarları genişlənir"; "Ürək əzələlərinin qidalanması yaxşıdır"; "Tənəffüsüm sərbəstdir, ürəyim ardıcıl və normal döyünür"; "Ürəyimdəki xoşagəlməz hisslər (ağrı) yoxdur".
Baş ağrılarını aradan qaldırmaq üçün: "Beynin damarları genişlənir"; "Beyin damarlarında gərginlik yoxdur"; "Başımda və bütün bədənimdə tam rahatlıq hiss edirəm"; "Başımda aydınlıq və yüngüllük hiss edirəm".
Yorğunluq və yuxu pozuntularını aradan qaldırmaq üçün: "Mən tamamilə sakitəm"; "Mən tam rahat və sağlamam"; "Tənəffüsüm sərbət və rahatdır"; "Xoş yüngüllük hiss edirəm"; "Mən istirahət edirəm"; "Mən yatmaq istəyirəm"; "Tezliklə yuxuya gedib... saatdan (dəqiqədən) sonra ayılacağam (vaxtı müəyyən etməli)"
Bədən çəkisini azaltmaq istəyənlər üçün: "Mən az yeməliyəm"; "İştahım azalır"; "Mədəm artıq qidanı qəbul etmir"; "Mən yemək istəmirəm"; "Orqanizmim artıq piyi əridir, müntəzəm arıqlayıram"; "Arıqladıqca özümü nikbin və sağlam hiss edirəm". Özünütəlqindən istifadə etməklə bir ay müddətində 4-6 kq və daha çox arıqlamaq mümkündür. Sonda professor Hadir İsmayılovun oxuculara məsləhətini xatırlatmaq istəyirik: "Autogen məşqlə məşğul olanlar müvafiq ədəbiyyatdan istifadə etməli və vaxtaşırı həkim-psixoterapevtlə məsləhətləşməlidirlər".

Uğur