“Dana Bayramı” Hadisə

“Dana Bayramı”

Elçin Mirzəbəyli

Sən demə Afrika kökənli Türkiyə vətəndaşları da baharın gəlişini Bayram edirlər. Amma onlar baharı qarşılama mərasimini bizim kimi - Novruz adlandırmırlar. Olduqca tühaf bir ad da veriblər bu 3 həftə davam edən mərasımə - "Dana Bayramı". Xeyli araşdırma aparsam da Afrika kökənli türk vətəndaşlarının nə üçün Bayramın önünə Dana sözünü əlavə etmələrinin bir izahını tapmadım. Yəni bu Bayramda Dananın izi-tozu belə yoxdu...
Amma bayramlarımız arasında müəyyən oxşarlıqlar da var... Məsələn, bizlər Novruz öncəsi 4 çərşənbəni qutlayırıq, onlar isə cümə günlərini. Lakin 4 dəfə yox, 3 dəfə. Bizlərdə Keçəl, Kosa və Keçi Bayramın əsas personajları sayılırlar, onlarda isə Dana... Bizim bayramda Keçəli, Kosanı və hətta Keçini belə canlı şəkildə görmək olur. Ən azından özünü keçələ, kosaya və keçiyə bənzədən 3 nəfər ortalıqda düşük-düşük atılıb düşür, qarınlarını, ciblərini və çuvallarını doldururlar. Amma Afrika kökənli Türkiyə vətəndaşları öz bayramlarında hisdən, tüstüdən üfürürlər havaya, atılıb düşürlər, vəssalam. Hə Dana gözə dəyir, nə də təzəyi... Bütün bu həngamənin adına isə "Dana Bayramı" deyirlər... Nə isə, ağlım bir şey kəsmədi bu Afrika kökənli Türkiyə vətəndaşlarının adətlərindən. Biz azərbaycanlıların məntiqinə görə keçəl, kosa və keçisiz Novruz olmadığı kimi, danasız da bayram olmamalıdır. Əgər varsa, o zaman bu işdə bir tühaflıq var. Bəlkə də ağına-bozuna baxmadan dana kimi atılıb düşdükləri, onun-bunun sifətinə halallığını almadan tüstü üfürdükləri üçün baharın gəlişinə "Dana Bayramı" adını veriblər? Yəni, 3 həftə istədiyin qədər danalıq elə, yerdə qalan 49 həftəni isə adam ol. Bu danasız "Dana Bayramı"nın izahı belədirsə, o zaman afərin Afrika kökənli qardaşlarımıza... Əla tapıntıdır... İlin 49 həftəsini danalıq eləyib, 3 həftəsini (məzuniyyəti nəzərdə tuturam - E.M.) evdən bayıra çıxmadan, yaxud hansısa istirahət mərkəzlərindən birində adam olmaqdanda, elə 21 günlük dana olmaq daha yaxşıdı... Bəlkə də...