Beynəlxalq İnformatika Olimpiadası yüksək səviyyədə təşkil edilib Hadisə

Beynəlxalq İnformatika Olimpiadası yüksək səviyyədə təşkil edilib

“Azərbaycan hökuməti Bakıda ilk dəfə keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasını (“IOI-2019”) çox yüksək səviyyədə təşkil edib. Bakıya gəldiyimiz ilk gündən bəri insanlar bizi qonaqpərvərlik və mehriban münasibətlə qarşılayıblar”. Bu sözləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq İnformatika Olimpiadasının prezidenti, Tayvan Milli Normal Universitetinin professoru Qreq Li deyib.
O, informatika elmlərinin təbliği və bu sahədə istedadlı gənclərin üzə çıxarılması baxımından olimpiadanın unikal platforma olduğunu bildirib. Beynəlxalq İnformatika Olimpiadasının əsas məqsədinin informatikanı daha da inkişaf etdirmək olduğunu deyən Qreq Li dünyanın müxtəlif ölkələrindən ən istedadlı və savadlı şagirdləri bir araya toplayan müsabiqələrin əhəmiyyətindən danışıb.
Qreq Li Bakı Olimpiadasında 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətlərinin iştirak etdiyini və informatika sahəsinə olan marağın daha da artığını qeyd edib. “Bu olimpiada gənclərin özləri kimi düşünən insanlarla görüşməsi və ünsiyyət qurması, alqoritmlər haqqında fikirlərini bölüşməsı və problemlərin həlli yollarını birgə axtarması üçün gözəl bir imkandır. Burada onlar, həmçinin yeni dostlar qazana bilirlər”, - deyə o əlavə edib.
“31-ci Beynəlxalq İnformatika Olimpiadası yüksək səviyyədə təşkil olunub. Olimpiadanın keçirilməsi üçün hər cür texniki şərait yaradılıb. İştirakçıların yerləşdirilməsi, işıq, səssizlik, kompüter avadanlıqlarının texniki vəziyyəti və digər mühüm məsələlərə hazırlıq prosesində xüsusi diqqət ayrılıb”. Bu fikri AZƏRTAC-a müsahibəsində olimpiadanın beynəlxalq texniki komitəsinin üzvü, yerli texniki komitəsinin sədri Cəmaləddin Həsənov deyib. O bildirib ki, informatika olimpiadası tək yarışdan ibarət deyil. Yarışlara hazırlıq uzun mərhələdən keçir.
“Əvvəlki olimpiadalarda texniki heyətin tərkibində Azərbaycanın da nümayəndələri iştirak ediblər. Biz çalışmışıq ki, digər ölkələrin müsbət təcrübələrindən faydalanaq, əvvəlki olimpiadalarda qarşılaşdığımız texniki çatışmazlıqları Azərbaycanda aradan qaldıraq. Bunun üçün əlimizdən gələni etmişik. Ötən illərlə müqayisədə sualların tərcümə olunması prosesi bu olimpiadada daha da sadələşdirilib. Kompüterlərin sazlanma prosesinə əvvəllər iki həftəyə yaxın vaxt sərf olunurdusa, 31-ci Beynəlxalq İnformatika Olimpiadasında bunun üçün dörd gün yetərli oldu. Ümid edirəm ki, olimpiadanı texniki problemlər olmadan, uğurla başa vuracağıq”, – deyə Cəmaləddin Həsənov qeyd edib.