Cəbhə xəttindən son məlumatlar Hadisə

Cəbhə xəttindən son məlumatlar

Cəbhəyanı erməni kəndlərində təşviş müşahidə olunur

Goranboy rayonunun Gülüstan kəndi istiqamətində ön mövqedə olan Azərbaycan əsgərləri düşmənin bütün hərəkətlərini nəzarətdə saxlayır.
Düşmən mövqelərindən ön xəttə gələn avtomobil yolu, orada olan bütün hərəkətlər, düşmənin postları tamamilə Azərbaycan hərbçilərinin nəzarəti altındadır. Baş verən dəyişikliklərə tam nəzarət olunur.
Cəbhənin bu istiqamətində düşmənin son diversiya-təxribat cəhdi iyulun 31-dən avqustun 1-nə keçən gecə baş verib.
Ərazinin müdafiəsinə cavabdeh olan hərbi hissənin tabor komandiri Vüsət Xanıyev APA-ya açıqlamasında bildirib ki, hadisə baş verən gecə erməni diversiya qrupu iki istiqamətdə Azərbaycanın ön xətdəki postuna yaxınlaşmasını müşahidə edən hərbçilərimiz onlara cavab atəşi açıblar. Baş verən atışmada Azərbaycan Ordusunun kiçik çavuşu Elvin Əsgərov yaralanıb. Hazırda o hospitalda müalicə olunur, vəziyyəti yaxşıdır.
Atışma baş verən anlarda taborun ehtiyat qüvvələri köməyə gələrək təxribat qrupunu cavab atəşi ilə geri oturdub. Düşmənin itki verdiyi ehtimalı var. Hazırda vəziyyət tam nəzarətdə saxlanılır.
Bir neçə gün öncə isə ermənilərin bir hərbçisi Azərbaycan Ordusunun snayperçisi tərəfindən məhv edilib.
Avqustun 2-nə keçən gecə isə Azərbaycan hərbçilərinin Nəmirli kəndi istiqamətində həyata keçirdikləri preventiv tədbirlər nəticəsində ərazidə diversiya-təxribat törətməyə hazırlaşan erməni bölmələri məhv edilib.
Belə ki, Azərbaycan hərbçiləri erməni silahlı bölmələrinin Nəmirli istiqamətində - səngərdən bir qədər kənarda düşərgə saldıqlarını aşkarlayıblar.
Düşərgəni aşkarlayan hərbçilərimiz qəfil hücuma keçərək, erməni xüsusi təyinatlılarının düşərgədəki 5 çadırını və nəqliyyat vasitələrini məhv ediblər. Atışmada düşmənin ümumilikdə 40 nəfərə yaxın itki verdiyi bildirilir. Xatırladaq ki, həmin döyüşdə Azərbaycan Silahlı Qüvvələri də 3 şəhid verib.
Hərbçilərin sözlərinə görə, ermənilər hazırda həmin istiqamətə aparan bütün yolları bağlayıblar. Cəbhəyanı erməni kəndlərində təşviş müşahidə olunur.