Xədicə İsmayılova barəsində cinayət işi açıldı Hadisə

Xədicə İsmayılova barəsində cinayət işi açıldı

ABŞ səfirliyi təkzib bəyanatı yaydı
Zahid Oruc: "Bu hadisə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməlidir"
Azər Həsrət: "həqiqətən də, belə bir siyahı varsa, onu hazırlayıb təhvil verən şəxsi qınamaq lazımdır"

Baş Prokurorluqda "Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı" adlı məqalədə qeyd olunanlarla bağlı cinayət işi açılıb. Bu barədə Xədicə İsmayılovun özü məlumat verib. "Bu gün Baş Prokurorluqdan zəng etdilər. Cinayət işi açıblar. Cinayət işi dövlət sirrini yayma maddəsi ilə açılıb (284). Müstəntiq dedi ki, sənəd yaymışam Facebookda. Soruşdum, belə çıxır, siz təsdiqləyirsiz ki, o sənəd həqiqidir və dövlət sirri kəsb edir? Dedi bu barədə söhbət edərik. Məni həm də şahid qismində dəvət ediblər. Dedim rəsmən çağırış vərəqəsi göndərin".
Qeyd edək ki, bir neçə gün öncə jurnalist Xədicə İsmayılov Facebook səhifəsində sensasion sənəd yerləşdirib. Söhbət "Tam məxfi" qrifli hesabat məktubundan gedir. Xədicə İsmayılın yazdığına görə, bu sənədi ona 2011-ci ildə MTN-in hansısa keçmiş işçisi ötürüb. Məktub MTN-in daxili kəşfiyyat rəisinə ünvanlanıb və kiminsə ələ alınmasından bəhs edir. Xədicə İsmayıl həmin adamın adını pozub.
Vəziyyət o həddə çatıb ki, bu məsələ ilə bağlı ABŞ səfirliyi təkezib bəyanatı ilə çıxış edib. Bəyanatda bildirilir ki, ABŞ Senatı əməkdaşlarının Azərbaycana kəşfiyyat məqsədilə səfər etmələri barədə son zamanlar mediada yayılan iddia xarakterli xəbərlər cəfəngiyyatdır: "ABŞ Senatı əməkdaşlarının Azərbaycana kəşfiyyat məqsədilə səfər etmələri barədə son zamanlar mediada yayılan iddia xarakterli xəbərlər cəfəngiyyatdır. Keçən həftə xəbər verdiyimiz kimi, ABŞ Konqresinin nümayəndə heyəti səfirliyin işçiləri, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək üçün müntəzəm olaraq Azərbaycana səfərlər edirlər. Konqres işçiləri ABŞ-ın qanunvericilik orqanına Azərbaycan və regiona dair daha ətraflı məlumat vermək məqsədilə səfərlər edirlər".
Bəs əsl həqiqət nədən ibarətdir? Ekspertlər nə düşünürlər?
Siyasi təhlilçi Azər Həsrət bildirdi ki, hər halda məsələylə hüquq mühafizə orqanları məşğuldursa, bizim əlavə şərhimizə gərək qalmır: "Çünki mübahisə doğuran istənilən məsələylə bağlı həqiqətin üzə çıxması üçün ən yaxşı yer hüquq mühafizə orqanlarıdır. ABŞ-ın təkzib etməsinə gəlincə, onlar Edvard Snoudnın da sızdırdığı informasiyaları təkzib edirdilər. Ancaq bu heç də həqiqəti ört-basdır etməyə yetmədi. Ona görə də səfirlik bir az səbr edib hüquq mühafizə orqanlarımızın açıqlamalarını gözləsələr yerinə düşərdi".
O, həmçinin ABŞ dövlətinin belə siyahı əldə etməkdə maraqlı olduğunu ehtimal etdiyini bildirdi: "Beynəlxalq təşkilatlarla, Amerikaya bağlı qurumlarla uzun müddət müəyyən əlaqələrim olub. Ona görə də əminliklə deyirəm ki, onlar hər zaman Azərbaycanda əksəriyyət tərəfindən tanınan, üzdə olan ictimai-siyasi fəallar haqqında daha çox məlumat əldə etmək istəyirlər. Müxtəlif görüşlərdə müəyyən adamlar haqqında informasiya toplamağa cəhd edirlər. Mənə də bu səpkili müraciətlər olub. Konkret şəxslər haqqında müəyyən məqamları dəqiqləşdirmək istəyiblər. Təbii ki, bu, casusluq anlamında deyil, fikir mübadiləsi aparmaq niyyətli təklif olub. Hazırkı durumla bağlı isə onu deyə bilərəm ki, siyahının amerikalıları maraqlandıracaq dərəcədə olduğuna inanmıram. Çünki diqqət etdikdə, görürük ki, burada yüzə yaxın şəxsin adı yer alıb. Yəni, siyahının amerikalıları maraqlandıran sualların cavabı kimi hazırlandığını yox, daha çox şəxsi prizmadan yanaşılaraq hazırlandığını düşünürəm. Çünki amerikalılar bir qayda olaraq, on, otuz və ya yüz nəfər haqqında sual vermirlər. Ümumi fikir mübadiləsi aparılarkən konkret şəxslər haqqında məlumatı təsadüf kimi öyrənməyə cəhd göstərirlər. Bu, onların taktikasıdır".
O, hesab edir ki, həqiqətən də, belə bir siyahı varsa, onu hazırlayıb təhvil verən şəxsi qınamaq lazımdır: "O xanım müəyyən açıqlamalar yayaraq siyahını paylaşanlar, müzakirə edənlər və başqaları haqda qeyri-etik sözlərlə münasibət bildirir. Düşünürəm ki, o, əsəblərini cilovlayıb gücünü belə bir siyahı təqdim etmədiyini sübut etməyə yönəltməlidir. Sübut edə bilməsə, deməli, doğrudan da ortada bir siyahı var və belə bir siyahının təqdim olunmasını təqdir etmək olmaz. Hesab edirəm ki, Azərbaycandakı siyasi qüvvələrin, siyasətçilərin, ictimai fəalların, jurnalistlərin kiminlə iş birliyi qurması haqqında məlumatları Amerika kimi dövlətə ötürmək şərəf gətirən əməl sayılmamalıdır. Bu baxımdan, Xədicə İsmayılın onlarla əlbir olub-olmadığı məqamına aydınlıq gətirməsini istərdim. Yəni, ona siyahı ilə bağlı fikirlərini ifadə edənləri təhqir etməkdənsə, özünün doğruluğunu, günahsız olduğunu sübut etməsini məsləhət görərdim. Bu məsələdə əli yoxdursa, kimsə onu ittiham etməyəcək. Amma varsa, şəxsən mən onu çox kəskin şəkildə tənqid edəcəyəm".
Millət vəkili Zahid Oruc isə belə siyahını təqdim etməsini Xədicə İsmayıldan gözlədiyini bildirib: "O, elə bir daxili, mənəvi keyfiyyətlərə malik insandır ki, istənilən şəxsin əleyhinə çevrilib müxtəlif cür qara-yaxmalar atması, olmayan hadisələrə görə ittiham etməsi məni təəccübləndirmir. Təəssüf ki, Xədicə İsmayıl jurnalistika prinsiplərindən çox-çox kənar olan hərəkətlər edir. Üstəlik də, bəlli xarici xidmət orqanlarının kəşfiyyat alətinə çevrilir. Bu mənada, əminliklə deyirəm ki, o, özünənəzarəti tamamilə itirib. Konfliktinin təkcə hakimiyyət nümayəndələri ilə olmadığı da hər kəsə aydın oldu. Onu da deyim ki, onsuz da dövlətin yürütdüyü siyasətə, ölkədəki reallığa, onun gələcəyinə təsir edə biləcək adam deyil". Millət vəkili özünü müxalifətçi adlandıran, siyahıda adı keçən şəxsləri Amerika Konqresinin təmsilçilərinə könüllü şəkildə xidmət göstərən, müxalifətçiləri satmaqla üstünlük qazanan şəxsə qarşı sərt mövqe nümayiş etdirməyə çağırıb: "Azərbaycanın əleyhinə qərarların qəbuluna çalışan, müxtəlif məmurların Avropaya getməsinə sanksiya tətbiq olunmasını istəyən bir adamın xarici təmsilçilərdən nə umduğu aydınlaşdı və bir daha milli-mənəvi kimliklərini sübuta yetirdilər. Buna görə də elə insanları "əqidə erməniləri" sayıram. Ola bilər ki, kimlərsə qanı ilə, keçmişi ilə türkdür, azərbaycanlıdır. Amma əqidələri, daxili dünyaları, mənəviyyatları fərqlidir. Hesab edirəm ki, bu hadisə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməlidir. Onu da deyim ki, dövlətdən, məmurlardan cavabdehlik istəyən bu adam hələ də əleyhinə olan sözügedən ciddi kompramatı cavablandırmayıb. Özünü elə aparır ki, guya daha böyük casusluq işlərinə qadirdir. Cibutidə və ya hansısa Okeaniya ölkəsində inqilaba nail ola bilər. Qeyd edim ki, mətbuata açıqlanan məlumatlar ayrı-ayrı kəşfiyyat orqanlarının saxtakarlıqla dövriyyəyə çıxardığı məsələlərdir və seçki dönəmində Xədicənin əli ilə ictimailəşmişdi. Ona dəstək verən isə Cəmil Həsənli idi. Bu adamları Azərbaycan cəmiyyəti tanımalıdır. Millətimiz bilməlidir ki, bunlar ən ucuz şəkildə ölkənin mənafeyini satmağa hazırdırlar".

Əli