“Ali məktəblərdə 4050 vakant yer qalıb” Hadisə

“Ali məktəblərdə 4050 vakant yer qalıb”

Məleykə Abbaszadə: "Aşağı bal toplayan abituriyentlər ali məktəblərdən xaric olunmalıdır"
500 baldan çox bal toplayan və müəllimlik peşəsini seçən abituriyentlərə təqaüd veriləcək

Tural

Tələbə adı qazanmış şəxslər avqustun 8-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
M.Abbaszadənin sözlərinə görə, ali təhsil müəssisələrinə (dövlət və özəl) qəbul olan abituriyentlərin sayı I qrup üzrə 92,12 faiz, II qrup üzrə isə qəbulolma faizi 89,77 faiz, III qrup üzrə 90,61 faiz, IV qrup üzrə isə 77,16 faiz olub: "Cəm olaraq qəbulolma faizi 89,28 faizdir. I qrup üzrə 945, II qrup üzrə 1116, III qrup üzrə 981, IV qrup üzrə 1008 vakant yer qalıb. Vakant yerlərin cəmi isə 4050-dir".
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatına görə, həmin yerlərə ixtisas seçimi avqustun 13-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar. Eyni zamanda ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunub.
Qeyd edək ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 35995 abituriyent iştirak edib. Onlardan 33623 nəfər ali təhsil müəssisələrinə qəbul olub. Qəbul olmuş abituriyentlərdən 29666 nəfəri Azərbaycan, 3957 nəfəri isə rus bölməsi üzrə təhsil alacaq. Abituriyentlərdən 16129 nəfərini oğlanlar, 17494 nəfərini qızlar təşkil edir.

Kolleclərə 6414 yer ayrılıb

2014/2015-ci tədris ili üçün tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 6414 plan yeri ayrılıb. M.Abbaszadə bildirib ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi internet vasitəsilə avqustun 13-dək davam edəcək: "Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsi ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır".
Komissiya sədri qeyd edib ki, ərizəsini təsdiqləmək üçün abituriyent komissiyanın yeni virtual ödəmə kartını almalı və onun şifrəsindən istifadə etməlidir: "Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar".
İxtisas seçimində ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmiş və topladıı ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilər. 2014/2015-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (XI sinif) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, onun nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri və digər zəruri məlumatlar "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub.
TQDK ixtisas seçimində iştirak edəcək abituriyentlərə kömək məqsədilə "Abituriyent" jurnalının xüsusi buraxılışında tam orta təhsil (XI sinif) bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına 2013-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını dərc edərək onların istifadəsinə verib. Qeyd edək ki, ixtisas seçimi zamanı tələb olunan ödəmə kartını əldə etmək üçün bütün mobil operatorlardan 7725 nömrəsinə boş sms göndərmək lazımdır.

Magistraturada da boş yerlər qalıb

"Bu il ali təhsil müəssisələrinin magistratura pilləsinə boş qalan plan yerlərinin sayı 1442-dir". TQDK sədri bildirib ki, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 11-dək davam edəcək: "Bu gün saat 10:30-a olan məlumata görə 699 bakalavr boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün ixtisas seçimini edib və elektron ərizəsini təsdiqləyib".
Komissiya sədri əlavə edib ki, boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr" jurnalının 6-cı sayında təqdim olunub: "Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir".
Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə boş qalan plan yerlərinin sayı 2116-dır. Dünənə olan məlumata əsasən 3619 abituriyent boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün ixtisas seçimini edib və elektron ərizəsini təsdiqləyib. İxtisas seçimi 11 avqust saat 10.00-dək davam edəcək. Boş qalan ixtisasların siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunub.
Komissiya sədri əlavə edib ki, müsabiqə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul və ya 9-cu siniflər üzrə buraxılış imtahanında toplanılan ballar əsasında aparılır: "İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan və ya qəbul olduğu təhsil müəssisəsində müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər buraxılır. Müəyyən olunmuş müddətdə elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar".

"Gələn il qaydalarda dəyişikliklər ola bilər"

"Gələn ildən xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün orta ixtisas təhsili müəssisələrinə müsabiqə aparılacaq".
Məleykə Abbaszadə bildirib ki, bu sahəyə sənəd verən gənclər üçün orta məktəblərdə buraxılış imtahanları bir qədər çətinləşəcək: "Belə ki, onlar bu zaman 3 fəndən imtahan verəcəklər". Komissiya sədri həmçinin bildirib ki, bu il ali məktəblərə sənəd verənlər arasında orta məktəblərdə keçirilən imtahanda "2" alanların sayı hələ tam bəlli deyil.
Bu il jurnalistika üzrə keçid balının 351-369 olduğunu deyən Komissiya sədri bildirib ki, nəticənin bu cür proqnozlaşdırırdıq: "Bu qaydalar təkmilləşdiriləcək və biz bunu Mətbuat Şurası ilə birgə işləyəcəyik, onların təkliflərini nəzərə alacağıq. Gələn il qaydalarda müvafiq dəyişikliklər etməyə hazırıq".
M.Abbaszadə deyib ki, jurnalistikaya qəbul üzrə keçirilən yazı müsabiqəsinə buraxılan 400-dən çox abituriyentin yalnız 150-si imtahana gəlib: "Çünki yüksək bal toplayan uşaqlar öz seçimlərini etdilər və fikirlərini dəyişərək daha yüksək yerlərə qəbul olmağı seçdilər. Çünki onların qəbul olmaq istədikləri fakültə jurnalistika deyildi. Deməli, onların müsabiqədə yazdıqları yazıları da səmimi deyildi".
"Aşağı bal toplayan abituriyentlər ali məktəblərdən xaric olunmalıdır". APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, 150 bal toplayan abituriyentlər bu gün müəyyən ixtisasa yiyələnir: "Lakin onlar həmin ballarla burada yox, xaricdə təhsil alırlar. Təbii ki, bu da xoşagəlməz haldır. Zəiflik var". M.Abbaszadənin sözlərinə görə, elə abituriyentlər var ki, 600 baldan çox nəticə göstərib, lakin heç bir yerə ərizə verməyib: "Yəqin ki, onlar xaricə üz tutacaq".
Komissiya sədri xatırladıb ki, 500 baldan çox bal toplayan və müəllimlik peşəsini seçən abituriyentlərə təqaüd veriləcək: "Biz həmin siyahını Təhsil Nazirliyinə təqdim edəcəyik".