
Müasir dövrdə qlobal və regional münasibətlər sistemində baş verən sürətli dəyişikliklər dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əhəmiyyətini daha da artırmaqdadır. Müxtəlif regionlarda inteqrasiya prosesləri dərinləşərək yeni keyfiyyət dəyişiklikləri ilə müşayiət olunur.
Ortaq kök, dil, din, tarix, mədəni və sivilizasiya dəyərlərini bölüşən ölkələr arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın genişləndirilməsi və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi regional sabitliyin və davamlı inkişafın əsas şərtlərindən biri kimi çıxış edir.
Bu baxımdan, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında son illərdə müşahidə olunan yaxınlaşma təkcə ikitərəfli münasibətlərin inkişafını deyil, həm də bütövlükdə Avrasiya məkanında yeni əməkdaşlıq platformalarının formalaşmasını şərtləndirən mühüm amillərdən hesab olunur.
2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən VII Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycanın bu platformada tamhüquqlu iştirakı haqqında tarixi qərarın qəbul edilməsi və Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin regionun ayrılmaz tərəfdaşı kimi qəbul edilməsinin əyani göstəricisidir.
Bu, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu və ölkənin regional qərarların qəbulunda mühüm rol oynadığını nümayiş etdirir. Beləliklə, keçən il Özbəkistanda qəbul edilmiş tarixi qərara qədər Məşvərət görüşlərinə fəxri qonaq qismində qatılan Azərbaycan Prezidenti hazırda bu altılıq formatında tamhüquqlu üzv kimi iştirak edir.
İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak edən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu görüş mühüm əhəmiyyət daşıyır və Azərbaycan məşvərət formatının fəal üzvü olmağı qarşısına məqsəd qoyub. Azərbaycan bu platformada əməkdaşlığı daha da inkişaf etdirmək, ölkələrimizi və xalqlarımızı yaxınlaşdırmaq üçün səylərini əsirgəməyəcək.
Görüşdə iştirak edən digər liderlərin çıxışlarında verilən mesajlar bir daha təsdiqləyir ki, bu tədbir qardaş ölkələr arasında müasir gündəliyin hədəf prinsiplərini yerinə yetirmək və yeni prioritetləri təyin etmək baxımından faydalı strateji platforma, institusional təsisatdır.
Görüşün yekunu olaraq imzalanan Çolpon-Ata Bəyannaməsi tərəflərin ortaq siyasi iradəsini əks etdirən, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirən və gələcək qarşılıqlı fəaliyyətin əsas prinsiplərini təsbit edən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər.
Bəyannamənin əsas müddəaları Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın mövcud səviyyəsini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi sənəd kimi çıxış edir. Sənəddə beynəlxalq hüququn fundamental prinsiplərinə ̶ suveren bərabərlik, dövlətlərin müstəqilliyinə hörmət, ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı və daxili işlərə qarışmamaq prinsiplərinə sadiqliyin bir daha təsdiq olunması xüsusi siyasi əhəmiyyət daşıyır.
Regional əməkdaşlığın inkişafı üçün birgə addımların atılması, iqtisadi, investisiya, enerji, nəqliyyat, maliyyə və digər sahələrdə müştərək uğurların təmin edilməsi əsas hədəflərdən biri kimi müəyyənləşib. Bu baxımdan, Bəyannamə ticarət, investisiya və nəqliyyat-logistika əməkdaşlığı üçün yeni geoiqtisadi yol xəritəsi müəyyənləşdirməklə, regional kommunikasiya və rəqəmsal həmrəyliyə əlavə imkanlar açmış olur.
Hazırda tərəflər iqtisadi inteqrasiyanı daha da bütövləşdirən nəqliyyat-logistika sektoru da sürətlə inkişaf edir. Tərəflər “Şərq-Qərb” və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutlarında (Orta Dəhliz) və “Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa” multimodal marşrutu üzrə yükdaşımaları fəal şəkildə iştirak edir. Xüsusilə də, böyük bir coğrafiyanı əhatə edən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında yeni mərhələ açılır. Bu dəhlizdə əlverişli mövqeyi və xüsusi statusu olan Azərbaycanın isə Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələrdən biri kimi rolu daha da güclənəcək. Zəngəzur dəhlizinin açılması isə bu region ölkələrinin Türkiyə və Avropaya çıxış imkanlarını daha da genişləndirəcək.
Bəyannamədə əsas prioritetlərdən biri kimi müəyyənləşən energetika sahəsində əməkdaşlığın, xüsusilə “yaşıl enerji”yə keçidin ön plana çıxarılması qlobal enerji sektorunda Mərkəzi Asiya-Xəzər regionunun əhəmiyyətini daha da artıracaq. Azərbaycanın müasir enerji gündəliyinə uyğun olan və strateji maraqlarını əks etdirən bu prinsiplər bərpaolunan enerji sahəsində qlobal həmrəyliyin güclənməsi üçün də töhfə verici rol oynayacaq.
Bu, həmçinin Xəzər dənizinin Qərbə açılan enerji qapısı olan Azərbaycanla Mərkəzi Asiyanın zəngin enerji potensialına malik dövlətlərinin vahid nəql sistemlərində birliyini möhkəmləndirməklə, enerji daşıyıcılarının Şərq-Qərb istiqamətində axınlarını, o cümlədən Cənub Qaz Dəhlizinin resurs rentabelliyini də gücləndirəcək.
Nəticədə, Mərkəzi Asiya ölkələrinin qaz ixracının Avropaya nəqli üçün də möhkəm infrastrukturlar yaradılacaq. Bu isə qlobal mühitdə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsində Azərbaycan da daxil olmaqla, Mərkəzi Asiya regionun üstün mövqeyini və nəqletmə dayanıqlılığını artıracaq.
Ramid Namazov
Milli Məclisin deputatı