Azərbaycan dili dövlətçilik strategiyasının əsas sütunlarından biridir: Milli kimlikdən informasiya suverenliyinədək - TƏHLİL Siyasət

Azərbaycan dili dövlətçilik strategiyasının əsas sütunlarından biridir: Milli kimlikdən informasiya suverenliyinədək - TƏHLİL

Azərbaycan tarixində dil heç vaxt yalnız ünsiyyət vasitəsi olmayıb. O, xalqın milli yaddaşını, tarixi təcrübəsini, mədəni irsini və dövlətçilik ənənələrini nəsildən-nəslə ötürən əsas daşıyıcı funksiyanı yerinə yetirib. Buna görə müstəqillik illərində həyata keçirilən dil siyasəti də mədəniyyət və təhsil sahəsi ilə məhdudlaşmayaraq dövlət quruculuğunun prioritet istiqamətlərindən birinə çevrilib. Bu siyasətin əsas məqsədi təkcə Azərbaycan dilinin hüquqi statusunu möhkəmləndirmək deyil, onu müstəqil dövlətin ideoloji, siyasi və mədəni dayaqlarından biri kimi formalaşdırmaq olub.

Bu baxımdan hər il qeyd olunan 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü xüsusilə siyasi və ideoloji məna daşıyır. Bu tarix yalnız təqvimdə əlamətdar gün deyil, müstəqil Azərbaycanın dil siyasətinin ardıcıl inkişaf yolunu, milli kimlik strategiyasını və dövlətçilik fəlsəfəsini özündə əks etdirən mühüm hadisədir.

Bu günün təsis edilməsi Ümummilli Lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanla bağlıdır. Həmin sənədlə hər il avqustun 1-nin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması qərara alındı.

Heydər Əliyev - Zamana sığmayan dahi şəxsiyyət - "İki sahil"

İlk baxışdan bu qərar simvolik xarakter daşısa da, əslində, müstəqillik dövründə həyata keçirilən dil siyasətinin yeni mərhələsini rəsmiləşdirdi. Fərman latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatmasını hüquqi baxımdan təsdiqləməklə yanaşı, ana dilinin dövlət siyasətindəki yerini də yeni səviyyəyə yüksəltdi. Bununla Azərbaycan dövləti açıq şəkildə nümayiş etdirdi ki, ana dili yalnız milli-mədəni irsin elementi deyil, dövlət müstəqilliyini möhkəmləndirən əsas sütunlardan biridir.

Əslində, həmin qərarın arxasında daha geniş strateji baxış dayanırdı. XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan üçün yeni siyasi sistemin formalaşdırılması yalnız iqtisadi və institusional islahatlarla məhdudlaşa bilməzdi. Dövlətçiliyin ideoloji əsaslarının möhkəmləndirilməsi, milli identikliyin bərpası və sovet dövründən miras qalmış siyasi-mədəni asılılıq modelindən uzaqlaşmaq üçün ortaq milli dəyərlərin gücləndirilməsi zəruri idi. Bu prosesdə ana dili əsas birləşdirici amil kimi çıxış edirdi.

Prezident İlham Əliyevin dilin dövlətçilikdəki rolu ilə bağlı səsləndirdiyi fikirlər də bu strateji yanaşmanın davamı kimi qiymətləndirilə bilər. Dövlət başçısı bildirir: “Dil insanları birləşdirir, əhalini birləşdirir. Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə...”

Bu fikir Azərbaycan dil siyasətinin mahiyyətini dəqiq ifadə edir. Dilin dövlət bayrağı, gerbi və himni ilə eyni sırada göstərilməsi onun yalnız kommunikasiya vasitəsi olmadığını, siyasi suverenliyin, ictimai birliyin və dövlətçilik şüurunun əsas atributlarından biri kimi qəbul edildiyini göstərir.

Dövlət başçısının dil məsələsini xalqın tarixi taleyi ilə əlaqələndirməsi də təsadüfi deyil. Azərbaycan xalqı müxtəlif tarixi mərhələlərdə ayrı-ayrı imperiyaların və siyasi sistemlərin tərkibində yaşasa da, ana dilini qoruyaraq milli kimliyini saxlayıb. Məhz bu baxımdan dilin qorunması yalnız mədəni irsin müdafiəsi deyil, əsrlər boyu davam edən dövlətçilik iradəsinin yaşadılması kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəmləkəçilik və siyasi asılılıq dövrləri xalqın ictimai psixologiyasına müəyyən təsirlər göstərsə də, dil milli varlığın əsas dayağı olaraq qalmağa davam edib. Dövlət başçısının “dil o amildir ki, milləti millət edir” fikri bu yanaşmanın konseptual ifadəsidir. Burada dil yalnız danışıq vasitəsi deyil, xalqın özünü ayrıca siyasi və mədəni birlik kimi dərk etməsinin əsas şərti kimi təqdim olunur.

Məhz buna görə də müstəqillik dövründə dil siyasəti ölkədə aparılan dövlət quruculuğu prosesinin ayrılmaz hissəsinə çevrildi. Dilin qorunması yalnız filoloqların, yazıçıların və elm adamlarının fəaliyyət sahəsi deyil, dövlətin strateji maraqlarına xidmət edən istiqamət kimi qiymətləndirildi.

Hüquqi statusdan dövlət institutuna

Azərbaycan dilinin müstəqil dövlətin əsas atributlarından birinə çevrilməsi prosesi, ilk növbədə, onun hüquqi statusunun müəyyənləşdirilməsi ilə başladı.

1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin əsas qanunu olmaqla yanaşı, Azərbaycan dilinin hüquqi statusunu da müəyyənləşdirdi. Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dili dövlət dili elan edildi və dövlətin onun inkişafını təmin etməsi ayrıca öhdəlik kimi təsbit olundu. Bununla Azərbaycan dili müstəqil dövlətin konstitusion dayaqlarından biri kimi hüquqi təminat aldı.

Azərbaycan Respublikasının Konstitusiyası | Vergi & Mühasibat Consulting

Bu norma yalnız deklarativ xarakter daşımırdı. Çünki sonrakı illərdə qəbul edilən bütün normativ aktların hüquqi əsasını məhz Konstitusiya təşkil etdi. Dövlət dili artıq yalnız tarixi-mədəni sərvət deyil, dövlət hakimiyyətinin, hüquqi münasibətlərin, ictimai idarəetmənin və milli kommunikasiyanın əsas vasitəsi kimi müəyyənləşdirildi.

Konstitusiya ilə yaradılan hüquqi baza növbəti mərhələdə xüsusi qanunvericilik mexanizmi ilə tamamlandı. Milli Məclis tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun Ümummilli Lider Heydər Əliyevin 2003-cü il yanvarın 2-də imzaladığı Fərmanla qüvvəyə mindi. Bununla Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və tətbiqi sahəsində dövlət siyasətinin hüquqi mexanizmləri sistemli şəkildə formalaşdırıldı.

Qanun dövlət orqanlarında, məhkəmələrdə, təhsil müəssisələrində, elmi təşkilatlarda, kütləvi informasiya vasitələrində, reklam və xidmət sahələrində Azərbaycan dilinin işlədilməsini tənzimləməklə yanaşı, dövlətin ana dilinə qayğı istiqamətində əsas vəzifələrini də konkret şəkildə müəyyən etdi.

Dövlət dilinin saflığının qorunması, ədəbi dil normalarının inkişaf etdirilməsi, Azərbaycan dilinin tətbiq dairəsinin genişləndirilməsi və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi təsbit edildi.

Bu baxımdan “Dövlət dili haqqında” Qanun yalnız hüquqi sənəd deyil, dövlətçilik konsepsiyasının mühüm tərkib hissəsi idi. Çünki müstəqil dövlət üçün vahid dil yalnız kommunikasiya vasitəsi deyil, idarəetmənin, milli həmrəyliyin və hüquqi sistemin əsas şərtlərindən biridir.

Əlifba islahatı və informasiya müstəqilliyi

Azərbaycanda əlifba islahatçıları - TARİX | Modern.az

Heydər Əliyevin dil siyasətində xüsusi yer tutan istiqamətlərdən biri latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin təmin edilməsi idi. Bu proses çox zaman yalnız texniki dəyişiklik kimi təqdim olunsa da, onun siyasi, ideoloji və geosiyasi mahiyyəti daha genişdir.

Latın qrafikasına keçid Azərbaycanın yeni geosiyasi seçimlərinin, milli özünüdərk prosesinin və türk dünyası ilə ortaq mədəni məkanın formalaşdırılmasının mühüm elementlərindən biri oldu. Bununla ölkə postsovet informasiya məkanından tədricən uzaqlaşaraq müstəqil yazı və informasiya sistemini formalaşdırmağa başladı.

Əlifba xalqın mədəni yaddaşının kodlaşdırılma vasitəsidir. Yazı sisteminin dəyişdirilməsi yalnız hərflərin əvəzlənməsi deyil, cəmiyyətin informasiya istehsalı və qəbulu mexanizmlərinin yenilənməsi deməkdir. Bu səbəbdən latın qrafikasına keçid müstəqil dövlətin öz mədəni və informasiya sərhədlərini müəyyənləşdirməsinin mühüm mərhələsinə çevrildi.

Bu keçid dövlət tərəfindən genişmiqyaslı proqramlarla müşayiət olundu. Dövlət büdcəsi hesabına minlərlə adda dərslik, klassik və müasir Azərbaycan ədəbiyyatı nümunələri, ensiklopediyalar, elmi nəşrlər və lüğətlər latın qrafikasında yenidən çap edildi və edilir. Dövlət idarəçiliyində, təhsil müəssisələrində, mətbuat orqanlarında və nəşriyyat sistemində vahid yazı standartlarının tətbiqi təmin olundu.

Əlifba islahatı faktiki olaraq ölkənin informasiya məkanının yenidən qurulması prosesinə çevrildi. Bu, yalnız yeni hərflərin tətbiqi deyil, müstəqil dövlətin öz milli yaddaşını, informasiya siyasətini və gələcək inkişaf modelini formalaşdırmasının mühüm mərhələsi idi.

Prezident İlham Əliyevin dilin tarixi davamlılığı haqqında səsləndirdiyi fikir bu kontekstdə xüsusi məna daşıyır: “Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir”.

Burada əsas vurğu Azərbaycan dilinin tarixi varisliyinə yönəlir. Müxtəlif siyasi sistemlər, imperiyalar və ideoloji rejimlər dəyişsə də, dil xalqın tarixi yaddaşını qoruyan əsas mexanizm olaraq qalır. Azərbaycan dilinin öz fundamental xüsusiyyətlərini saxlaması milli-mədəni müqavimətin və xalqın tarixi dayanıqlığının göstəricisidir.

Dövlət başçısının “Xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik” fikri də bu kontekstdə qiymətləndirilməlidir. Burada söhbət başqa dillərlə əlaqələrin və qarşılıqlı təsirin inkarından getmir. Əsas məsələ Azərbaycan dilinin öz daxili quruluşunu, ifadə imkanlarını və milli mahiyyətini qoruyaraq inkişaf etməsidir.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və qərarları ilə Konstitusiyada dövlət dilinin təsbit edilməsi, “Dövlət dili haqqında” Qanunun qüvvəyə minməsi, latın qrafikasına keçidin başa çatdırılması, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis olunması ümumilikdə vahid dövlətçilik strategiyasının tərkib hissələrini təşkil edirdi.

Qloballaşma dövründə yeni dil siyasəti

Məhz bu hüquqi və institusional baza sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirildi. Əgər ilk mərhələdə əsas məqsəd dövlət dilinin hüquqi statusunu və tətbiqini təmin etmək idisə, növbəti mərhələdə prioritet Azərbaycan dilinin qloballaşma, rəqəmsallaşma və informasiya cəmiyyətinin çağırışları fonunda inkişafını, saflığının qorunmasını və beynəlxalq rəqabət qabiliyyətinin artırılmasını təmin etmək oldu.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan dili ilə bağlı dövlət siyasəti əvvəlki mərhələdə formalaşdırılmış hüquqi bazanın qorunması ilə məhdudlaşmadı. Yeni dövrün əsas xüsusiyyəti ondan ibarət oldu ki, dil siyasəti qloballaşma, rəqəmsallaşma və informasiya cəmiyyətinin yaratdığı çağırışlara uyğun şəkildə yenidən nəzərdən keçirildi.

Azərbaycan dili - azərbaycanşılığın mənəvi əsası kimi | Kaspi.az

Əgər müstəqilliyin ilk illərində prioritet dövlət dilinin hüquqi statusunun möhkəmləndirilməsi idisə, sonrakı mərhələdə əsas məqsəd onun funksional imkanlarının genişləndirilməsi, elmi əsaslarla inkişaf etdirilməsi və müasir informasiya məkanında rəqabət qabiliyyətinin artırılması oldu.

Bu yanaşmanın hüquqi ifadəsi Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamında öz əksini tapdı.

Həmin sənəd Azərbaycan dil siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Dövlət Proqramında ilk dəfə olaraq Azərbaycan dilinin inkişafı yalnız ədəbi dil normalarının qorunması ilə məhdudlaşdırılmadı. Burada elektron informasiya məkanında Azərbaycan dilinin mövqeyinin gücləndirilməsi, müasir lüğət fondunun yaradılması, terminologiyanın sistemləşdirilməsi, dil korpuslarının hazırlanması, orfoqrafiya və orfoepiya normalarının təkmilləşdirilməsi, eləcə də dilçilik elminin müasir tələblərə uyğun inkişafı dövlət siyasətinin əsas istiqamətləri kimi müəyyən edildi.

Bu, dövlətin dil siyasətinə yanaşmasının dəyişdiyini göstərirdi. XXI əsrdə dilin inkişafı artıq yalnız məktəb, kitab və akademik tədqiqatlarla müəyyən edilmir. Rəqəmsal platformalar, süni intellekt sistemləri, axtarış alqoritmləri, elektron ensiklopediyalar, sosial media və avtomatik tərcümə texnologiyaları da dilin inkişafına birbaşa təsir göstərir.

Dövlət Proqramı məhz bu reallığı nəzərə alaraq hazırlanmışdı. Məqsəd Azərbaycan dilinin yalnız ənənəvi istifadə sahələrində qorunması deyil, yeni texnoloji mühitdə də tamhüquqlu fəaliyyətinin təmin olunması idi.

Dil elmi, terminologiya və rəqəmsal resurslar

Dil siyasətinin institusional əsaslarının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun fəaliyyətinin müasirləşdirilməsi, yeni elmi istiqamətlərin yaradılması və fundamental dilçilik tədqiqatlarının genişləndirilməsi dövlət tərəfindən dəstəkləndi.

Azərbaycan dilinin tarixi, dialektologiyası, leksikologiyası, onomastikası və müasir inkişaf meylləri ilə bağlı araşdırmaların genişləndirilməsi bu sahədə elmi bazanın gücləndirilməsinə xidmət etdi.

Eyni zamanda, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının fəaliyyəti intensivləşdirildi. Müxtəlif elm və texnologiya sahələrində meydana çıxan yeni anlayışların Azərbaycan dilində vahid qarşılıqlarının hazırlanması, terminoloji lüğətlərin nəşri və dövlət qurumları arasında vahid terminoloji siyasətin formalaşdırılması istiqamətində ardıcıl iş aparıldı.

Bu fəaliyyət ilk baxışdan sırf filoloji məsələ kimi görünə bilər. Halbuki vahid terminologiya dövlət idarəçiliyində hüquqi dəqiqliyin, elmi kommunikasiyada ortaq anlayış sisteminin və informasiya mühitində aydın ünsiyyətin təmin edilməsində mühüm rol oynayır.

Azərbaycan dilinin rəqəmsal ekosistemi üzrə tədqiqatlar aparılır

Xüsusilə süni intellekt, avtomatik tərcümə, elektron dövlət xidmətləri və rəqəmsal media texnologiyalarının sürətlə inkişaf etdiyi şəraitdə standart terminoloji bazanın formalaşdırılması strateji əhəmiyyət kəsb edir. Terminoloji qarışıqlıq yalnız dil problemi deyil, hüquqi və inzibati anlaşılmazlıqlara, elmi məlumatın yanlış təqdim olunmasına və ictimai kommunikasiyada qeyri-dəqiqliyə səbəb ola bilər.

Dövlət siyasətinin digər mühüm istiqamətlərindən biri Azərbaycan dilinin elektron resurslarının yaradılması oldu. Son illərdə elektron lüğətlərin hazırlanması, yeni orfoqrafiya lüğətlərinin nəşri, dil normalarının rəqəmsal platformalarda tətbiqinin genişləndirilməsi, Azərbaycan dilinin elektron korpuslarının hazırlanması istiqamətində mühüm layihələr həyata keçirildi.

Əsas məqsəd Azərbaycan dilinin rəqəmsal mühitdə tamhüquqlu fəaliyyətini təmin etmək idi. Çünki müasir dövrdə hər hansı dil rəqəmsal platformalarda kifayət qədər təmsil olunmadıqda, zamanla onun funksional imkanları da məhdudlaşır.

Dil internet axtarış sistemlərində, elektron kitabxanalarda, media platformalarında və süni intellekt modellərində zəif təmsil edilirsə, həmin dildə məlumat istehsalı və istehlakı da digər dillərdən asılı vəziyyətə düşür. Bu isə uzunmüddətli perspektivdə informasiya asılılığı yarada bilər.

Bu baxımdan Azərbaycan dilinin rəqəmsal inkişafı artıq yalnız mədəniyyət və dilçilik məsələsi deyil, milli təhlükəsizlik və informasiya suverenliyi məsələsi kimi qiymətləndirilməlidir.

Xarici sözlər və “damcı-damcı” aşınma təhlükəsi

Prezident İlham Əliyev son çıxışlarında Azərbaycan dilinin qarşılaşdığı əsas təhlükənin onun hüquqi statusunun itirilməsi deyil, gündəlik istifadə mühitində tədricən zəifləməsi olduğunu göstərir.

Dövlət başçısı vurğulayır: “Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr – onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir”.

Bu fikrin əsas məğzi xarici dillərə qarşı mübarizə deyil. Prezident İlham Əliyev çox dil bilməyin əhəmiyyətini qəbul edir və xarici dillərin öyrənilməsinə müsbət yanaşır. Lakin ana dilində qarşılığı olan sözlərin zərurət olmadan xarici ifadələrlə əvəz edilməsini dilin daxili imkanlarının zəiflədilməsi kimi qiymətləndirir.

Dövlət başçısı bildirir: “Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq”.

Bu yanaşma qloballaşma ilə milli kimlik arasında balans yaratmaq cəhdidir. Məqsəd cəmiyyətin qlobal informasiya və elm məkanına inteqrasiyasının qarşısını almaq deyil, həmin inteqrasiyanın ana dilinin hesabına baş verməsinə yol verməməkdir.

Ana dilinin saflığı və dövlətçilik maraqları: Azərbaycan dili strateji amil  kimi - Muallim.edu.az

Prezidentin “Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş” fikri isə təhlükənin xarakterini daha dəqiq ifadə edir.

Burada işlədilən “damcı-damcı” ifadəsi xüsusi siyasi və sosial məna daşıyır. Dil bir anda yox olmur. Onun aşınması gündəlik danışıqda, media dilində, sosial şəbəkələrdə, reklam mətnlərində və ictimai ünsiyyətdə tədricən baş verir. İnsanlar bu prosesi dərhal hiss etməsələr də, zaman keçdikcə dilin ifadə imkanları və milli xüsusiyyətləri zəifləyə bilər.

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışında səsləndirdiyi “Əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir” fikri də dilə yad sözlərin süni şəkildə gətirilməsinə verilən prinsipial qiymətdir.

Burada “təxribat” anlayışının işlədilməsi dil məsələsinin artıq yalnız filoloji müstəvidə deyil, informasiya təhlükəsizliyi kontekstində də nəzərdən keçirildiyini göstərir. Dilə sistemli şəkildə yad konstruksiyaların daxil edilməsi cəmiyyətin düşüncə və ünsiyyət modellərinə təsir göstərir. Buna görə dilin saflığının qorunması milli informasiya məkanının müdafiəsi kimi də qiymətləndirilir.

Dil, milli kimlik və dövlətin davamlılığı

Prezident İlham Əliyevin dil siyasəti ilə bağlı çıxışlarının ən prinsipial məqamlarından biri dilin milli kimlik və dövlətçiliklə birbaşa əlaqələndirilməsidir.

Dövlət başçısı bildirir: “Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək”.

Bu fikir müasir Azərbaycan dil siyasətinin strateji məntiqini açıqlayır. Dilin qorunması yalnız söz ehtiyatının və qrammatik normaların saxlanılması deyil. Dil xalqın tarixi yaddaşını, ortaq dəyərlərini, dünyagörüşünü və siyasi birlik hissini qoruyan əsas mexanizmdir.

Dil zəiflədikdə yalnız ünsiyyət sistemi dəyişmir. Tarixi mətnlərlə əlaqə zəifləyir, milli ədəbiyyatın qavranılması çətinləşir, yeni nəsillərlə keçmiş arasında mədəni məsafə yaranır. Nəticədə xalqın öz tarixini və dövlətçilik təcrübəsini vahid şüur daxilində mənimsəməsi də çətinləşə bilər.

Prezidentin “Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər” fikri məhz bu təhlükəyə işarə edir.

Beləliklə, dövlətin dil siyasəti ədəbi norma və orfoqrafiya məsələlərinin fövqünə çıxır. Bu siyasət milli təhlükəsizliyin, dövlət davamlılığının və ictimai birliyin təmin olunmasına xidmət edən strateji mexanizmə çevrilir.

Dövlət başçısının bu məsələyə münasibəti həm də tarixi məsuliyyət anlayışına əsaslanır. Prezident bildirir: “Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün bu dilimizi qorumayaq?”

Bu sual müasir nəsillər qarşısında mənəvi və siyasi məsuliyyət qoyur. Əcdadların daha ağır şəraitdə qoruduğu dilin müstəqil dövlət şəraitində zəifləməsi tarixi baxımdan qəbuledilməz olardı. Buna görə ana dilinin qorunması təkcə dövlətin deyil, hər bir vətəndaşın üzərinə düşən məsuliyyət kimi təqdim edilir.

Böyük xalqın dili və heç bir dilin kölgəsində qalmamaq prinsipi

Azərbaycan dil siyasətinin mühüm ideoloji dayaqlarından biri dilin miqyası və daşıdığı tarixi-siyasi potensialla bağlıdır. Prezident İlham Əliyev dünyada 50 milyondan çox azərbaycanlının yaşadığını vurğulayaraq bildirir: “Bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz”.

Bu fikirdə Azərbaycan dilinə münasibətdə özünəinam və milli ləyaqət prinsipi ifadə olunur. Dilin qorunması müdafiəçi və qapalı mövqe kimi deyil, böyük xalqın öz mədəni imkanlarını dərk etməsi kimi təqdim edilir.

Azərbaycan dili zəngin söz ehtiyatına, geniş ifadə imkanlarına, çoxəsrlik poeziya və nəsr ənənəsinə malikdir. Prezidentin“Bizim dilimiz zəngindir, sən istənilən ifadəni deyə bilərsən, istənilən şeiri yaza bilərsən” fikri Azərbaycan dilinin daxili potensialının təsdiqidir.

Burada əsas mesaj ondan ibarətdir ki, müasir elm, texnologiya, siyasət və mədəniyyət haqqında Azərbaycan dilində dolğun və dəqiq danışmaq mümkündür. Problem dilin imkanlarının məhdudluğunda deyil, həmin imkanlardan istifadə səviyyəsindədir.

Bu baxımdan xarici sözlərin mexaniki şəkildə işlədilməsi çox zaman dilin yoxsulluğunu deyil, danışanın Azərbaycan dilinin söz ehtiyatına kifayət qədər bələd olmamasını göstərir. Dövlət başçısının xarici sözlərdən istifadə edən şəxslərin bununla daha ağıllı görünmədiyini vurğulaması da məhz bu sosial-psixoloji meylə yönəlmiş tənqiddir.

Azərbaycan dilinin heç bir dilin kölgəsində qala bilməməsi fikri eyni zamanda mədəni və informasiya müstəqilliyi prinsipidir. Dövlət siyasi və iqtisadi suverenliyini qoruduğu kimi, öz dilinin ictimai nüfuzunu və funksional imkanlarını da təmin etməlidir.

Diaspor mühitində ana dilinin qorunması

Prezident İlham Əliyevin çıxışlarında xüsusi yer tutan məsələlərdən biri xaricdə yaşayan azərbaycanlılar arasında ana dilinin qorunmasıdır.

Dövlət başçısı qeyd edir ki, bəzi ölkələrdə Azərbaycan dili yalnız məişət səviyyəsində işlədilir, ədəbi dil normaları isə tədricən zəifləyir. Xüsusilə üçüncü və dördüncü nəsil diaspor nümayəndələri arasında ana dilini bilməyənlərin sayının artması milli kimlik baxımından ciddi çağırış yaradır.

Prezident bildirir: “Çox istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər. Məişət səviyyəsində yox, mükəmməl bilsinlər”.

Bu fikir diaspor siyasətinin yalnız təşkilatlanma, lobbiçilik və mədəni tədbirlərlə məhdudlaşmamalı olduğunu göstərir. Xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin davamlılığını təmin edən əsas amil ana dilinin qorunmasıdır.

Dil ailə daxilində yalnız gündəlik ünsiyyət vasitəsi kimi işlədildikdə onun ədəbi, elmi və intellektual imkanları yeni nəslə tam ötürülmür. Nəticədə gənc nəsil Azərbaycan dilində mürəkkəb fikirlər ifadə etməkdə, ədəbiyyatı oxumaqda və milli informasiya məkanına qoşulmaqda çətinlik çəkə bilər.

Bu səbəbdən Prezident İlham Əliyev azərbaycanlıların yaşadıqları bəzi ölkələrdə Azərbaycan məktəblərinin olmamasını “böyük ədalətsizlik” kimi qiymətləndirir. Dövlət başçısı bu boşluğu qismən aradan qaldırmaq məqsədilə onlayn Azərbaycan dili məktəblərinin yaradılması və onların əhatə dairəsinin genişləndirilməsi barədə göstəriş verildiyini bildirir.

Prezident vurğulayır: “Azərbaycanlıların yaşadıqları bütün yerlərdə onlayn Azərbaycan dili məktəbləri olmalıdır ki, bizim uşaqlarımız öz ana dillərini bilsinlər”.

Bu təşəbbüs dil siyasətinin rəqəmsal və diaspor istiqamətlərinin birləşdiyini göstərir. Onlayn məktəblər coğrafi məhdudiyyətləri aradan qaldıraraq dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaqlar üçün ana dilini öyrənmək imkanı yarada bilər.

Beləliklə, müasir Azərbaycan dil siyasəti yalnız ölkə daxilindəki dil mühitini deyil, bütün dünya azərbaycanlılarını əhatə edən vahid milli-humanitar strategiyanı nəzərdə tutur.

Media və jurnalistlərin strateji məsuliyyəti

Prezident İlham Əliyevin dil siyasəti ilə bağlı çıxışlarında jurnalistlərə və media nümayəndələrinə xüsusi müraciət etməsi təsadüfi deyil. Müasir cəmiyyətdə dil normalarını geniş auditoriyaya çatdıran əsas platformalardan biri məhz mediadır.

Dövlət başçısı bildirir ki, efir məkanında ən çox danışan şəxslər jurnalistlərdir və buna görə onlar xarici sözlərin əsassız istifadəsindən çəkinməlidirlər.

Media yalnız informasiya ötürmür, o, həm də cəmiyyətin danışıq tərzini, söz seçimini, sintaktik konstruksiyalarını və dil zövqünü formalaşdırır. Televiziya aparıcılarının, xəbər mətnlərinin, sayt başlıqlarının və sosial media paylaşımlarının dili geniş auditoriya tərəfindən təkrarlanır və norma kimi qəbul olunur.

Bu baxımdan jurnalistlərin dilə münasibəti yalnız peşəkar redaktə məsələsi deyil, ictimai məsuliyyətdir. Mediada işlədilən yanlış və süni ifadələr qısa müddətdə gündəlik danışığa keçə bilər. Əksinə, düzgün, aydın və zəngin Azərbaycan dili cəmiyyətdə ədəbi normanın möhkəmlənməsinə xidmət edir.

Prezidentin jurnalistlərlə yanaşı ziyalıları, alimləri, şairləri və yazıçıları da dilin qorunması prosesində fəal olmağa çağırması ümumi mədəni məsuliyyət modelini ortaya qoyur.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağı keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib

Dövlət başçısı bildirir: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər”.

Bu yanaşma göstərir ki, dövlət dil siyasətini yalnız inzibati qadağalar və hüquqi mexanizmlərlə həyata keçirməyi kifayət hesab etmir. Dilin qorunması bütün cəmiyyətin iştirakı ilə mümkün olan uzunmüddətli mədəni prosesdir.

Xüsusilə rəqəmsal media və sosial şəbəkələr dövründə jurnalistlərin məsuliyyəti daha da artır. Çünki ənənəvi redaksiya nəzarətinin zəiflədiyi, operativliyin əsas meyara çevrildiyi və qısa mətnlərin dominant olduğu mühitdə dil normalarının pozulması daha sürətli yayılır.

Bu səbəbdən media həm xarici təsirlərin dilə daxil olduğu kanal, həm də ədəbi dilin qorunmasını təmin edən əsas platforma ola bilər. Hansı istiqamətin üstünlük təşkil etməsi isə jurnalistlərin peşəkar hazırlığından və redaksiyaların dil siyasətindən asılıdır.

Sosial şəbəkələr və açıq informasiya mühitində dilin müdafiəsi

Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasını mübarizə kimi xarakterizə edərək, bunun səbəbini müasir dünyanın açıq informasiya mühiti ilə əlaqələndirir.

Dövlət başçısı bildirir: “Bugünkü dünyada sən qapalı məkanda yaşaya bilməzsən. Sən dəmir pərdə ilə özünü bağlaya bilməzsən - istər-istəməz təmaslar, internet resursları, sosial şəbəkələr və sair”.

Bu fikir müasir dil siyasətinin qadağa və təcrid üzərində qurulmadığını göstərir. Azərbaycan özünü qlobal informasiya məkanından təcrid edə bilməz və etməməlidir. Elm, texnologiya, iqtisadiyyat və mədəniyyət sahələrində beynəlxalq inteqrasiya obyektiv zərurətdir.

Lakin açıq informasiya məkanı xarici dil təsirlərini də sürətləndirir. Sosial şəbəkələr vasitəsilə yeni sözlər, ifadələr və danışıq modelləri qısa müddətdə geniş auditoriyaya yayılır. Bəzi hallarda bu sözlər real zərurətdən deyil, dəb, imitasiya və sosial status nümayişi məqsədilə işlədilir.

Belə şəraitdə dilin qorunması qapalı sərhədlər yaratmaqla deyil, onun rəqabət qabiliyyətini artırmaqla mümkün ola bilər. Azərbaycan dilində keyfiyyətli rəqəmsal məzmunun, elmi-populyar materialların, elektron təhsil resurslarının, proqram təminatının və süni intellekt alətlərinin yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Əgər Azərbaycan dilində yüksək keyfiyyətli məzmun istehsalı zəif olarsa, istifadəçilər informasiya ehtiyaclarını başqa dillərdə ödəməyə məcbur qalacaq. Bu isə tədricən ana dilinin elm, texnologiya və peşəkar kommunikasiya sahələrində mövqeyinin zəifləməsinə səbəb ola bilər.

Buna görə informasiya suverenliyi yalnız milli media qurumlarının mövcudluğu deyil, Azərbaycan dilinin rəqəmsal platformalarda dolğun, funksional və rəqabətədavamlı şəkildə təmsil olunması deməkdir.

Azərbaycan dövlətinin qoruyucu missiyası

Prezident İlham Əliyevin dil siyasəti ilə bağlı çıxışlarında ən mühüm konseptual tezislərdən biri Azərbaycan dövlətinin ana dilinin əsas qoruyucusu kimi müəyyənləşdirilməsidir.

Dövlət başçısı bildirir: “Biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir”.

Bu fikir dövlətin dil siyasətində daşıdığı tarixi məsuliyyətin ifadəsidir. Dünyada 50 milyondan çox azərbaycanlı yaşasa da, Azərbaycan dili yalnız Azərbaycan Respublikasında tam hüquqi, siyasi və institusional müdafiəyə malikdir.

Prezident deyir: “Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları isə bizik - müstəqil Azərbaycan dövləti...”

Məhz müstəqil Azərbaycan dövləti bu dilin təhsil, elm, idarəetmə, hüquq, media və rəqəmsal texnologiyalar sahəsində inkişafını təmin etmək imkanına malikdir. Buna görə Azərbaycan Respublikasının dil siyasəti yalnız ölkə vətəndaşları üçün deyil, dünyadakı bütün azərbaycanlılar üçün strateji əhəmiyyət daşıyır.

Prezidentin “Təmiz, saf, ədəbi dili qoruyan bizik” fikri də bu missiyanın mahiyyətini ifadə edir. Dövlət ana dilinin hüquqi statusunu qorumaqla kifayətlənməməli, onun keyfiyyətini, elmi əsaslarını və gələcək inkişafını da təmin etməlidir.

Bu baxımdan dil siyasəti dövlət suverenliyinin mühüm istiqamətinə çevrilir. Dövlət ərazi sərhədlərini və siyasi müstəqilliyini qoruduğu kimi, öz dilinin informasiya, elm və mədəniyyət məkanındakı mövqeyini də qoruyur.

Tarixi varislikdən gələcəyin dilinə

Azərbaycanın dil siyasətinin inkişaf mərhələləri göstərir ki, bu sahədə qəbul olunan qərarlar ayrı-ayrı təşəbbüslər deyil, vahid və ardıcıl dövlətçilik strategiyasının tərkib hissələridir.

Heydər Əliyev dövründə Azərbaycan dilinin konstitusion statusu müəyyənləşdirildi, dövlət dili haqqında hüquqi baza yaradıldı, latın qrafikasına keçid başa çatdırıldı və Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu.

Prezident İlham Əliyev isə bu siyasəti yeni çağırışlara uyğun şəkildə inkişaf etdirir. Azərbaycan dilinin qloballaşma şəraitində istifadəsinə dair Dövlət Proqramı qəbul edilib, dilçilik elminin inkişafına dəstək verilir, terminologiyanın sistemləşdirilməsi, elektron lüğət və dil korpuslarının yaradılması istiqamətində fəaliyyət genişləndirilir.

Beləliklə, dil siyasəti hüquqi statusun təmin edilməsindən rəqəmsal gələcəyin qurulmasına qədər uzanan çoxşaxəli strategiyaya çevrilir.

Bu strategiyanın əsasında bir neçə fundamental prinsip dayanır: dil dövlətçiliyin atributudur, milli kimliyin əsas daşıyıcısıdır, tarixi yaddaşın qoruyucusudur, ictimai birliyin vasitəsidir və informasiya suverenliyinin mühüm elementidir.

Azərbaycan dilinin gələcəyi yalnız dilçilərin və dövlət qurumlarının fəaliyyətindən asılı deyil. Bu məsələ məktəbdə müəllimin, universitetdə alimin, redaksiyada jurnalistin, efirdə aparıcının, ailədə valideynin və sosial şəbəkədə hər bir istifadəçinin məsuliyyətini əhatə edir.

Dil gündəlik istifadədə yaşayır. Onun hüquqi statusu nə qədər güclü olsa da, cəmiyyət həmin dildən düzgün, zəngin və yaradıcı şəkildə istifadə etməzsə, dilin funksional imkanları tədricən zəifləyə bilər.

Məhz buna görə Prezident İlham Əliyevin 2026-cı ilin yanvar ayında yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər yalnız dövlət orqanlarına deyil, bütün cəmiyyətə ünvanlanır: “Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm”.

İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib

Milli kimlikdən informasiya suverenliyinədək

Azərbaycan dilinin inkişaf yolu dövlətçilik tarixinin əsas istiqamətlərindən biridir. Ana dilinin hüquqi statusunun möhkəmləndirilməsi, latın qrafikalı əlifbaya keçid, normativ bazanın yaradılması, dilçilik elminin inkişafı, terminoloji sistemin formalaşdırılması və rəqəmsal resursların hazırlanması vahid strateji məqsədə xidmət edir: Azərbaycan dilinin milli həyatın bütün sahələrində tamhüquqlu fəaliyyətini təmin etmək.

Prezident İlham Əliyevin dil siyasəti ilə bağlı çıxışları göstərir ki, Azərbaycan dili artıq yalnız dövlət dili statusuna malik hüquqi institut deyil. O, milli kimliyin, informasiya suverenliyinin, ideoloji təhlükəsizliyin və dövlət davamlılığının strateji elementidir.

Dövlət başçısının “Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir” fikri Azərbaycanda dil siyasətinin siyasi fəlsəfəsini ifadə edir. Bayraq, gerb və himn dövlətin görünən rəmzləridirsə, dil həmin dövlətin tarixi yaddaşını, düşüncə sistemini və ictimai birliyini yaşadan daxili sütundur.

Azərbaycan xalqı əsrlərlə müxtəlif siyasi sistemlərin tərkibində yaşasa da, dilini qorumaqla öz milli varlığını və dövlətçilik iradəsini saxlayıb. Bu gün isə həmin tarixi əmanətin qorunması müstəqil Azərbaycan dövlətinin, cəmiyyətin və hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir.

Müasir dövrdə təhlükə dilin bir anda sıradan çıxması deyil. Əsas risk onun gündəlik danışıqda, mediada, sosial şəbəkələrdə və rəqəmsal platformalarda tədricən aşınmasıdır. Buna görə dilin qorunması da yalnız hüquqi sənədlərlə deyil, ictimai davranış, keyfiyyətli təhsil, peşəkar media və güclü rəqəmsal məzmun vasitəsilə həyata keçirilməlidir.

Prezident İlham Əliyevin “Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir” tezisi bu siyasətin konseptual mahiyyətini ifadə edir. Bu yanaşma Heydər Əliyev tərəfindən formalaşdırılmış, İlham Əliyev tərəfindən davam etdirilən hüquqi və institusional bazanın qlobal çağırışlara uyğun inkişaf etdirildiyini, dil siyasətinin milli təhlükəsizlik və dövlətçilik strategiyasının ayrılmaz istiqamətinə çevrildiyini göstərir.

Beləliklə, Azərbaycan dilinin qorunması yalnız keçmişin mirasına sədaqət deyil, gələcəyin dövlətçilik modelinin qurulmasıdır. Ana dilinin saflığı, zənginliyi və rəqəmsal mühitdə rəqabət qabiliyyəti qorunduqca, milli kimlik də, dövlətçilik şüuru da, Azərbaycanın informasiya suverenliyi də möhkəmlənəcək.