Beynəlxalq Təhsil Sərgisində 22 ölkə təmsil olunacaq Hadisə

Beynəlxalq Təhsil Sərgisində 22 ölkə təmsil olunacaq

Oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə 22 ölkədən 150-dək iştirakçı qatılacaq. Sərgi ölkədə və regionda təhsil sahəsinə həsr olunan, aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil üzrə məsləhətçi şirkətlərini bir araya gətirən irimiqyaslı beynəlxalq tədbirdir. Bu fikirlər oktyabrın 9-da sərgi ilə əlaqədar keçirilən mətbuat konfransında səsləndirilib.
Mətbuat konfransında Təhsil nazirinin müşaviri Elnur Məmmədov məlumat verib ki, ötən illə müqayisədə bu il sərgi iştirakçılarının 45 faizi tədbirə ilk dəfə qatılır. Sərginin rəsmi tərəfdaşı olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi hər il olduğu kimi bu il də sərgidə həm təhsilin məzmunu, həm də müasir təhsil texnologiyalarını əhatə edən stendlərlə geniş pavilyonda təmsil olunacaq. Sərgidə “Rəqəmsal bacarıqlar” layihəsi, “Univerium” yataqxanası, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyaları Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir tələbə-könüllü proqramı”, “SABAH” qrupları ilə bağlı stendlər, eləcə də təhsil sisteminin bütün səviyyələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və vahid təhsil informasiya mühitinin yaradılması məqsədini güdən “Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsi”, habelə təhsil prosesinin bütün iştirakçılarını bir arada toplayan Təhsil Nazirliyinin “Təhsil TV” onlayn telekanalı kimi layihələri nümayiş olunacaq. Sərgidə, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyi iştirak edəcək. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi də builki sərginin debütantıdır.
Elnur Məmmədov diqqətə çatdırıb ki, “Eduexpo 2019” sərgisində Azərbaycanın 44 təhsil müəssisəsi təmsil olunur. Onların arasında ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Universiteti və digər ali təhsil ocaqları, eləcə də Sumqayıt, Gəncə və Lənkəran regional dövlət universitetləri yer alacaq. Azərbaycan İlahiyyat İnstitutu builki sərgidə debüt edəcək. Tədbirin daha bir debütantı “Buta” uşaq bağçasıdır. Həmçinin sərgidə “Uşaq zonası” üzrə sərginin tərəfdaşı – “Bağçam” Uşaq Bağçaları Şəbəkəsi də iştirak edəcək.
Təhsil nazirinin müşaviri Elnur Məmmədov qeyd edib ki, sərgidə ümumilikdə məktəbəqədər hazırlıq, orta təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil, magistratura, MBA, aspirantura, doktorantura, xaricdə təhsil və tələbə mübadiləsi üzrə proqramlar, eləcə də dil kursları, yay məktəbləri, treninqlər, dərsliklər və metodik vəsaitlər, təhsil sahəsində yeni informasiya texnologiyaları, təhsil sektoru üçün avadanlıqlar kimi sektorlar üzrə məlumat və xidmətlər təqdim ediləcək.
“Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə vurğulayıb ki, builki sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır. Sərgidə “Rusiyada təhsil” layihəsi çərçivəsində təhsil sahəsində “VR” texnologiyaları təqdim ediləcək və “Laboratoriya işinin virtual reallıq formatında nümayişi (VR)” adlı təqdimatda məhsullar əyani şəkildə nümayiş olunacaq. Sərgidə debüt edən “leXsolar GmbH” şirkəti bərpa olunan enerji mənbələri ilə işləyən trenajor sistemlərini nümayiş etdirəcək. “Sevindirici haldır ki, sərgidə yerli layihəçilər tərəfindən də təhsil sahəsində bir sıra yeni texnologiyalar təqdim olunacaq”, - deyə Bəhruz Hidayətzadə qeyd edib.
B.Hidayətzadə bildirib ki, bu il sərgidə Almaniya, Belarus, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini təqdim edəcəklər. Eyni zamanda, Avropa İttifaqının birləşmiş stendi debüt edəcək. Bu stenddə Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland, Polşa, Rumıniya kimi ölkələrin səfirlik və universitetləri təmsil olunacaq. Sərgi çərçivəsində stenddə “Gənc Avropa səfirləri” şəbəkəsi və Şərq Tərəfdaşlığında Avropa Məktəbi nümayiş olunacaq. Stenddə xaricdə pulsuz təhsil və beynəlxalq təhsil mübadiləsi proqramları, o cümlədən “Erasmus+” proqramı təqdim ediləcək.
Türkiyə builki sərgi çərçivəsində milli stend ilə çıxış edir. Rusiyanın regional qrupları Moskva və Novosibirsk şəhərlərinin təhsil müəssisələri ilə təmsil olunur. Lodzi İqtisadi-Humanitar Akademiyası, Moskva Fasiləsiz Təhsil İnstitutu (FTİ), Lüblin Mariya Küri-Sklodovskaya Universiteti, Daşkənddə yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutu, Novosibirsk diyarının universitetləri, eləcə də Azərbaycanın bir sıra təhsil müəssisə və strukturu sərgidə debüt edir.
Oktyabrın 10-da sərgidə “Universitetlərə səyahət” adlı layihə keçiriləcək və bu layihə əsnasında “Eduexpo” sərgisinin iştirakçıları, hər biri 15 dəqiqə olmaqla, öz təqdimatları çərçivəsində sərginin qonaqlarını təmsil etdikləri təhsil müəssisələrinin imkanları ilə tanış edərək xidmətlər barədə ətraflı məlumat verəcək və valideynləri maraqlandıran sualları cavablandıracaqlar. Sərginin ikinci günü yerli və xarici ali təhsil müəssisələrinin, habelə Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər keçiriləcək.
Bəhruz Hidayətzadə məlumat verib ki oktyabrın 12-də sərgi çərçivəsində ilk dəfə olaraq Rusiya Yazıçılar İttifaqının üzvü, “Smeşariki” layihəsinin həmmüəllifi və “Fiksiki” layihəsinin bir neçə seriyasının ssenari müəllifi, tanınmış uşaq yazıçısı İ.M.Şevçuk ilə görüş keçiriləcək. Həmin gün “Landau School” və “Leznik&Co” şirkətlərinin həmtəsisçisi Emil Leznik, “Dərs Evi” təhsil mərkəzinin ictimaiyyət və dövlət qurumları ilə əlaqələr üzrə meneceri Elvira Bağırova, “You will speak” təhsil mərkəzinin direktoru Günay Rəsulova, “CELT Colleges” dil kurslarının direktoru Baba Kərimli və “Motivated Outstanding Mothers” təşkilatının təsisçisi Aysel Hüseynovanın iştirakı ilə “EduTalks” - "Müasir təhsil sistemindəki nailiyyətlər və əsas məqsədlər" adlı müzakirə paneli keçiriləcək. Ekspertlər bu panel çərçivəsində sərgi auditoriyası ilə “canlı” dialoq formatında müasir təhsil xüsusunda öz fikirlərini bölüşəcəklər.
Həmçinin sərginin keçiriləcəyi günlər ərzində Bakı Ekspo Mərkəzinin 19 nömrəli otağında Rusiya ali təhsil müəssisələrinin təqdimatı olacaq. Sərginin sonuncu iş günündə məktəblilər üçün “Fibonaççi”, “Babil qüllələri” və “Octopus” kimi bir sıra intellektual oyunlar keçiriləcək. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlara dəstək məqsədilə sərgidə öz stendi ilə iştirak edəcək. KOBİA-nın stendində təhsil sektorunda fəaliyyət göstərən KOB-lar öz xidmətlərini təqdim edir. KOBİA startapların, mikro, kiçik və orta sahibkarların müxtəlif sərgilərdə iştirakına, məhsul və xidmətlərini təqdim etməsinə mütəmadi olaraq dəstək göstərir.
Bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilən ali təhsil və sosial inteqrasiya vasitəsilə Azərbaycan gəncliyinin dayanıqlı inkişafına yönəlmiş “Gələcəyini qur!” Gəncliyə Dəstək layihəsi də sərgidə iştirak edir. Sərgi əlavə tədbirlər proqramı ilə müşahidə olunacaq.