Kirayə paltar, yoxsa infeksiyalı geyim? Hadisə

Kirayə paltar, yoxsa infeksiyalı geyim?

"Pulum olsa nəyimə lazımdır əlli adamın əynindən çıxan kostyumu geyinim?"

Dermatoloq Bella Sultanova: "Geyimlə dəri xəstəlikləri daha çox yoluxur"

Hamı şad gündə daha gözəl görünmək istəyir. Hecə deyərlər gözəllik ondur, doqquzu don. Ölkə insanının maddi gəlirinin çox cüzi, qiymətlərin isə bu gəlirlə ayaqlaşmadığını nəzərə alsaq, doqquzuncunu əldə etməyin nə qədər çətin olduğunu görmək çətin olmaz. Burada kirayə verilən geyimlər köməyə gəlir. Toya gedənlərin və toyu olanların əksəriyyəti şad gündə geyimini məhz kirayə götürür. Bununla təzə paltar problemi həll edilsə də, bəzən bu həll yolu yeni - sağlamlıq probleminin özülünü qoymuş olur.
Paytaxtda müştərilərə xidmət edər bir çox məşhur kirayə paltar mağazaları var. Maraqlı detal odur ki, artıq qadınlarla yanaşı kişilər də kirayə kostyum xidmətindən istifadə etməyə başlayıblar. Kişi müştərilərindən biri bunu maddi vəziyyətlə əlaqələndirir: "Ayda 4-5 toy olur, tez-tez kostyum almaq üçün gərək ayda 2-3 min maaş alasan. Bütün toylara da eyni kostyumlarda getmək olmur. Allah kasıbçılığın üzünü qara eləsin. Pulum olsa nəyimə lazımdı, əlli adamın əynindən çıxan kostyumu geyinim. Min cür xəstəlik var. Amma yenə də sağ olsunlar ki, camaatı nəzərə alıb burada belə bir şərait yaradıblar".
Satıcı Şəhla xanım deyir ki, hazırda qadınlardan çox kişilər toylara kirayə paltar geyinməyə üstünlük verirlər: "İlk vaxtlar bizdən ancaq toyu olan bəylər kostyum götürüb geyinirdilər. Sonra toya gedən kişilər də gəlib bizdən kirayə kostyum götürməyə başladılar. Əslində, bu onlar üçün çox əlverişli variantdır. Çünki hər adamın imkanı yoxdu 200-300 manat verib kostyum alsın, gəlib 40-50 manat verib geyinirlər".
Lakin kirayə bazarın daimi müştərilər daha çox xanımlardır. Demək olar ki, çox nadir halda toyu olan xanım gəlinlik donunu alır. Gəlinlik və donların kirayə verildiyi mağazalar isə heç bir instansiya tərəfindən yoxlanılmır. Təbii ki, bu zaman təmizlik və dizinfeksiya kimi əhəmiyyətli məsələlər yalnız sahibkarın vicdanından asılı olur.
Statistika göstərir ki, son zamanlar qadınlar yoluxucu xəstəliklərə əsasən gözəllik salonlarında, ginokoloji klinikalarda və bir də kirayə paltarlar vasitəsi ilə düçar olurlar. Kirayə paltarların istifadəçilərinin göbələk, qotur, dəmrov və digər qorxulu dəri-zöhrəvi xəstəliklərə yoxulması qaçılmazdır. Uşaqların isə bu geyimlərdən istifadə etməsi onların həyatları üçün daha təhlükəlidir.
Mütəxəssislər bildirir ki, kirayə verilən paltarlar bir dəfə istifadədən sonra dezinfeksiya edilməlidir. Lakin müşahidələr göstərir ki, kirayə paltar bazarında bu qayda çox halda gözlənilmir.
Respublika Dəri-Zöhrəvi Dispanserinin həkimi, dermatoloq Bella Sultanova mətbuata açıqlamasında bildirir ki, gəlinliklərin kimyəvi təmizlənməyə verilmədən təkrar kirayəyə verilməsi bir sıra təhlükəli dəri xəstəliklərinin yoluxmasına gətirib çıxara bilər: "Bəzi dəri xəstəlikləri var ki, onlar təmasla keçir. Xüsusilə, geyimlə dəri xəstəlikləri daha çox yoluxur. Paltar bədənə sürtüldükcə həmin xəstəliyin infeksiyası parçaya keçir ki, bu yolla da dəmrov, dermosit kimi dəri xəstəlikləri yayıla bilir. Hətta irinli dəri xəstəliyi də bu yolla keçir. Natəmiz, yəni geyildikdən sonra təmizlənməyən gəlinliklər qoturluq, göbələk kimi dəri xəstəliyinə də yoluxdura bilər".
Dermatoloq deyir ki, gəlinliklərin kirayəsi zamanı bu amilə diqqət yetirmək lazımdır. Gəlinlik heç bir halda kimyəvi təmizlənməyə verilmədən təkrar başqasına kirayə verilə bilməz. Gəlinlik seçərkən gənc qızlar dəbə, gəlinliyin modelinə necə diqqət yetirirlərsə, bu amilə də fikir verməlidirlər. Unutmaq olmaz ki, gəlinliyi kimyəvi təmizlənmədən keçmədən geyinməklə insanı eybəcər hala salan, el arasında "ala-tala" kimi tanınan dəmrov növünə yoluxmaq mümkündürdür.
Paytaxtda bəzi gəlinliklər təklif edən mağazalar onu kirayə vermir. Məslən, İtaliya istehsalı olan məşhur "Pronoviaz" gəlinlik donu 2500 manata təklif edilir. Satıcı deyir ki, onlar yalnız sifarişlə işləyirlər və il ərzində yalnız 3-4 gəlinlik gətirirlər: "Bəzən sifarişçilər imtina edir və məcburən geyimi satışa çıxarmalı oluruq. Materialından tutmuş tikilişinə qədər geyimin hazırlanması İtaliyada başa gəlir. Burada yalnız xırda düzəlişlər edirik".
Satıcının dediyinə görə, 2500-5000 manata satılan geyimlər eksklüziv olduğundan bu elə də böyük rəqəm deyil: "Sifarişçilərimiz orta təbəqəyə məxsus ailələrdir. Ümumiyyətlə, əksər insanlar ömründə bir dəfə geyinəcəyi geyim üçün çox pul ödəməyə hazırdır. Bu geyimlər həm toyun, şənliyin gözəlliyini artırır, həm də şəkillərdə, videolentlərdə yadigar qalır. Birmənalı olaraq qəbul edilib ki, toyda hamının diqqəti gəlinin geyimində olur. Bu səbəbdən ailələr gəlinliyə pul xərcləməyə xəsislik etmirlər".
Respublika Dəri-Zöhrəvi Dispanserinin həkim-dermatoloqu Laura Nağıyeva da təsdiq edir ki, kimyəvi təmizləməyə verilmədən təkrar kirayəyə verilən geyimlər, eləcə də gəlinliklər dəri xəstəliklərinə səbəb ola bilər: "Ona görə yox ki, onu geyinən şəxsdə hansısa xəstəlik var. Düzdür, bu da xəstəliyin yayılması üçün səbəbdir, amma kimyəvi təmizləmə bir qədər baha baş gəldiyi üçün mağaza rəhbərliyi adi qaydada paltarları yuyur, ya da heç yumur. Bir müddət çirkli qalan paltarlar isə göbələk, dəmrov, dermosit kimi dəri xəstəliklərinin başlanğıcı ola bilər. Natəmiz, yəni geyildikdən sonra təmizlənməyən gəlinliklər qoturluq, göbələyin ağır forması kimi dəri xəstəlikləri törədə bilər".
Dispanserinin dermotoloqları xaricdən gətirilən geyimlərin əsasən allergiya xəstəliyindən əziyyət çəkənlərin özlərini qorumalarının vacibliyini bildirirlər. Dermatoloq Sevil Quliyevanın dediyinə görə, köhnə paltarlarla allergiyalı xəstələrin orqanizmi təmasda olduqda bunun mənfi təsiri qaçılmaz olur. Yəni, bu vaxt xəstələrin orqanizmində polesiminasiya halı baş verərək, xəstəliyin şiddətlənməsi başlanır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, eyni paltardan fərqli insanlar istifadə edirsə və onlardan biri xəstədirsə, bu halda yolxucu dəri xəstəliklərinin digər şəxslərə yoluxmasına şərait yaranır: "Amma burada xüsusi ilə ekspozisiya müddətinə diqqət etmək vacibdir. Yəni, paltarın bədənlə təmas müddəti əsas amillərdən biridir. Bu gün ölkəmiz üçün bu, o qədər də qoxulu problem deyil. Ancaq ümumiyyətlə, gigiyena baxımından məqsədəuyğun deyil. Xüsusi ilə də yoxlanılan paltarlar alt yox, üst paltarları olur. Sovet dövründə xəstələr daxil olanda onlarda hansı parazitlərin, bitlərin olması yoxlanılır və qeyd olunurdu. Çünki belə amillər paltarda otura bilər. Ancaq mağazada olan adamların özləri buna diqqət etməlidirlər. Dəri və müxtəlif infeksion xəstəliklər belə keçə bilər. Fikrimcə, bunun ehtimalı azdır. Çünki adətən yoxlanılan paltarlar birbaşa bədənə yox, hansısa paltarın üstünə geyinilir. Həm də Azərbaycanda dəri xəstəliklərin statistikası və coğrafiyası geniş deyil. Ona görə də belə vəziyyətlərdə xəstəliklərin yayılması üçün əlverişli şərait yoxdur. Həmçinin hər halda viziul olaraq ora daxil olan şəxs üzərinə baxılır. Hər adam gəlib o paltarı yoxlamır. Eyni zamanda insanların mədəniyyət səviyyəsi bu gün imkan verir ki, o xəstəliklərin yayılması məhdudlaşsın. Ona görə də bu gün üçün bu məsələ ölkəmiz üçün o qədər ciddi hesab edilməməlidir".
Digər həkim-ekspert Rasif Bağırov bildirdi ki, cəmiyyyətə infeksion xəstəliklərə qarşı mübarizə elə səviyyədə aparılmalıdır ki, o, istehlak bazarında nə iləsə əlaqədə olarkən digərilərinə keçmə ehtimalı azalsın: "Yəni, əsas prinsip infeksion xəstəliklərin minimuma endirilməsi üçün aparılan profilaktik tədbirlərdir. Həmin tədbirlər nə qədər yüksək səviyyədə aparılmayacaqsa, elə halların sayında artımlar olacaq. Məsələn, Azərbaycanda bəzi infeksion xəstəlik daşıyıcıları var ki, heç bir qeydiyyatı, nəzarət olmadan müxtəlif insanlar tərəfindən müalicəyə məruz qalırlar. Bunun nəticəsində infeksiya xroniki xarakter alır, yayılmağa başlayır. Paltarların müvəqqəti geyinilməsi də xəstəliklərin yayılmasına şərait yaradır. Ona görə də sterilizasiya tədbirlərinə diqqət etmək vacibdir".
Məsələnin ən dözülməz məqamı isə belə geyimlərdən aztəminatlı ailələrin uşaqlarının da məcburi şəkildə istifadə etməsidir. Uşaqların dərisi daha həssasdır. Ümumiyyətlə, 3-4 yaşına kimi uşaqların bu geyimlərdən istifadəsi ən azı onların həyatlarına qəsddən başqa bir şey deyildir.
Kirayə gəlinliklər bazarının problemi bununla bitmir. Mağazaya daxil olan kimi paltar kirayə verənlərin dəstə ilə müştəriyə yaxınlaşması heç kəsə sirr deyil. Hər bir sahibkar özünün malının kirayələnməsi üçün dəridən-qabıqdan çıxır, paltarın üzərində aksessuarların pulsuz verildiyini desələr də, sonradan əlavə ödənişlər tələb edirlər. Bu isə tərəflər arasında narazılıq yaradır və beh verdiyi üçün müştəri çıxılmaz vəziyyətdə qalır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dəfələrlə bu cür şikayətlərlə onlara müraciət olunduğunu deyir: "Kirayə geyim bazarında istehlakçıların aldadılması hallarına tez-tez rast gəlinir. Külli miqdarda pulun müqabilində götürülən geyim əşyaları geri qaytarılarkən mübahisələr yaranır, müxtəlif bəhanələrlə yenidən pul tələb edilir. Bəzən isə müştəri verdiyi behi geri qaytara bilmir. Bəzən şəxsiyyət vəsiqəsi, hərbi bilet və digər sənədlər girov qoyulur, tərəflər arasında mübahisələr yarandığı halda isə sənədlər geri qaytarılmır". AİB sədri deyir ki, kirayə geyim bazarında müştərilərlə müqavilələr bağlanılmır, göstərilən xidmətin müqabilində çek verilmir. Bu isə külli miqdarda vəsaitin vergidən gizlədilməsinə səbəb olur.
Fizioterapevt Elnarə Alışbəyli mətbuata açıqlamasında qeyd edir ki, belə paltarların müxtəlif infeksiya daşıyıcısı olması ehtimalı yüksəkdir. Həkimin sözlərinə görə bu tip geyimlərin düzgün təmizlənməsi mühüm şərtdir: "Paltarların kirayə və "ikinci əl" satılması əsasən əhalinin orta və aşağı təbəqəsi üçün maddi cəhətdən sərfəli bir alış-veriş növüdür. Burada yalnız üst geyimlərdən söhbət gedə bilər. İnsanların dərisinin epidermis qatında gözlə görünməyən müxtəlif gənələr və s. orqanizmlər yaşayıb fəaliyyət göstərir. Bunların müəyyən növləri insan dərisində müxtəlif xəstəliklər törədə bilər".

Ülviyyə Tahirqızı