Türkiyə: Azərbaycanın D 8-ə qoşulması ilə təşkilat daha qətiyyətli addımlar atacaq Cəmiyyət

Türkiyə: Azərbaycanın D 8-ə qoşulması ilə təşkilat daha qətiyyətli addımlar atacaq

30 ildir D8 müxtəlif coğrafiyalardan olan üzv dövlətləri iqtisadi əməkdaşlıq, həmrəylik və dayanıqlı inkişaf kimi ortaq ideallar ətrafında birləşdirən unikal platforma kimi fəaliyyət göstərir.

“APA-Economics” xəbər verir ki, bunu “D-8 Yüksək Səviyyəli İqlim və Şəhər Dialoqu” tədbirində Türkiyənin D-8 üzrə komissarı Aylin Sekizkök deyib.

Ətraflı
O qeyd edib ki, Azərbaycanın D8-ə qoşulması ilə təşkilat qlobal mühitin sürətlə dəyişdiyi dövrdə öz aktuallığını bir daha təsdiq edib:

“Azərbaycana D8-dəki güclü fəallığına, eləcə də uğurla təşkil etdiyi D8 Həftəsi tədbirinə görə xüsusi təşəkkürümü bildirmək istərdim. Bu tədbir Azərbaycanın təşkilata verdiyi əlavə dəyəri və fəal öhdəliyini nümayiş etdirməklə yanaşı, D8-in yenilənmiş ruhunu da simvolizə edir”.

A.Sekizkök deyib ki, D8-in əsas missiyası üzv dövlətlərdə dayanıqlı, inklüziv və innovativ inkişafı təşviq etməkdir:

“Lakin biz qəbul edirik ki, təşkilat müxtəlif sahələrdə konkret irəliləyişlərə nail olsa da, şəhərsalma və iqlim dəyişikliyi sahəsində kifayət qədər addımlar ata bilməyib. Bu sahələrdə D8 hələ ki, layiq olduğu səviyyəyə çatmayıb.

Azərbaycanın təşkilata qoşulması ilə biz artıq daha güclü bir D8 olaraq bu istiqamətlərdə konkret və qətiyyətli addımlar atmaq imkanına sahibik. Bu baxımdan, Azərbaycanın keçən il uğurla ev sahibliyi etdiyi COP29-dan sonra bu mühüm tədbirə də ev sahibliyi etməsi xüsusi əhəmiyyət kəsb edir. Biz inanırıq ki, COP29-da əldə olunan nəticələr inklüziv, dayanıqlı və iqlimədavamlı şəhər gələcəklərini birgə təşviq etmək imkanlarımızı daha da artıracaq”.

O qeyd edib ki, Azərbaycan artıq D8-ə bağlı İqlim və Enerji Mərkəzinə ev sahibliyi etməyi təklif edib və Türkiyə bu təşəbbüsü qətiyyətlə dəstəkləyir:

“Qlobal ekoloji çağırışların fonunda gələcəyimizi aydın vizion, güclü siyasət və qətiyyətli tədbirlərlə qorumaq məsuliyyətini hamımız bölüşürük.

Buna görə də, hazırkı onillik yol xəritəsi başa çatdıqdan sonra formalaşdırılacaq yeni onillik yol xəritəsində iqlim dəyişikliyi və şəhərsalma ayrıca və prioritet sahə kimi nəzərdə tutulacaq. Biz inanırıq ki, bu səylərin D8-in məqsədləri ilə uzlaşdırılması yalnız ortaq dayanıqlığımızı gücləndirməyəcək, həm də təşkilatımızın inklüziv və dayanıqlı gələcəyin formalaşdırılmasında müasir və qabaqcıl platforma olaraq qalmasını təmin edəcək”.