Elmi sessiya: Əhməd bəy Ağaoğlunun sosial-siyasi və kulturoloji görüşləri Hadisə

Elmi sessiya: Əhməd bəy Ağaoğlunun sosial-siyasi və kulturoloji görüşləri

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Prezident İlham Əliyevin görkəmli mütəfəkkir, ictimai-siyasi xadim, publisist, yazıçı, islamşünas, hüquqşünas, şərqşünas alim “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 10 aprel tarixli Sərəncamına əsasən “Əhməd bəy Ağaoğlunun sosial-siyasi və kulturoloji görüşləri” mövzusunda elmi sessiya keçirilib.
BXA-dan bildirilib ki, tədbirdə elm və yaradıcılıq işləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sonaxanım İbrahimova görkəmli mütəfəkkirin həyat yolu və fəaliyyətindən danışıb.
Elmi sessiyada Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev “Əhməd bəy Ağaoğlunun siyasi-ideoloji görüşləri”, fəlsəfə üzrə elmlər doktoru, professor Əlikram Tağıyev “Əhməd bəy Ağaoğlunun islamçılıq və turançılıq görüşləri”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, fəlsəfə üzrə elmlər doktoru, professor Mübariz Süleymanlı “Əhməd bəy Ağaoğlunun kulturoloji baxışları”, BXA-nın elmi katibi, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyeva “Əhməd bəy Ağaoğlunun “Üç mədəniyyət” əsərində mədəniyyətlərarası dialoq problemi”, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin metodisti Fəridə Kərimova “Əhməd bəy Ağaoğlunun təhsil illərinə bir nəzər” və Sənətşünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafik Sadıxov “Azərbaycan teatr mədəniyyətinin təşəkkülündə Əhməd bəy Ağaoğlunun rolu” mövzularında məruzələrlə çıxış ediblər.
Sonda Əhməd bəy Ağaoğlu ocağının layiqli nümayəndəsi olan BXA-nın tədris işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sevda Sadıxbəyova görkəmli mütəfəkkirlə bağlı fikirlərini bölüşüb, elmi sessiyanın iştirakçılarına minnətdarlığını bildirib.