Tərbiyəsiz və savadsız müğənnilər Hadisə

Tərbiyəsiz və savadsız müğənnilər

Arzu Şirinova

İki gün bundan öncə həmkarlarım sosial şəbəkələrdə manıs (buna xalq artisti deməyə dilim gəlmir-A.Ş.) Səməd Səmədovu yaxşıca tənqid elədilər. Haqlıydılar tənqidlərində. Çünki bu manıs (belələri yetərincədir-A.Ş.) o qədər harınlayıb ki, aparıcının "Qurban Pirimov kimdir?" sualına utanıb qızarmadan "əşi mən hardan bilim, heç itlərimin adları yadımda qalmır", cavabını verib. Daha doğrusu tərbiyəsini və savadsızxlığını nümayiş etdirib.
Bir vaxtlar yazmışdım, yenə təkrarlamaq məcburiyyətindəyəm. Bu manıslar (müğənnilərdən söhbət getmir-A.Ş.) cəmiyyəti öz səviyyələrinə endirməyə lap yaxındırlar. Yəni bir addım qalıb ki, cəmiyyətimiz onlarla bərabər səviyyədə olsun. Bu baş verərsə o zaman həm də itimiz, pişiyimiz vasitəsilə bir-birimizlə "qohum" olmaq şansı qazanacağıq. Hecə ki, Hadir Qafarzadə və Səməd Səmədov bu "qohumluğun" bünövrəsini qoymağı düşünürlər.
Keçirəm əsas mətləbə. İtlərinin adlarını yadında saxlaya bilməyən Səməd Səmədov bir neçə il bundan əvvəl Hadir Qafarzadə ilə "qohum" olmağa hazırlaşırdı. "Qohumluq" tellərini isə bir-birinə bağlayan itləri olacaqdı. Yəni Hadir Qafarzadə it "qızını" Səməd Səmədovun "it" oğluna ərə verəcəkdi. Özü də hər ikisi bu "qohumluqdan" çox xoşhal görünürdülər. Hadir Qafarzadə bu qohumluğu özünə şərəf bilir və it "qızının" nəhayət, yaxşı bir ailəyə qismət olduğunu deyirdi. Səməd Səmədov da it "oğluna" hələm-hələm "nəsildən" it "qızı" almağı düşünmürdü. Ancaq təsadüf elə gətirdi ki, hər iki "gənc" bir-birilərini görüb bəyəndilər. Sonrasını da ki, Hadir Qafarzadə ilə Səməd Səmədov həll ediblər. İkinci birincinin evinə elçi gedib, mətləbi açıb və it "qızla" it "oğulun" bir-birini "sevdiklərini" bildirib və "qızı" istəyib. Birinci də "mübarək olsun" deyib, it "qızını" verib.
Təzə "qohumlar" toya hazırlaşıblar. Hər ikisinin arzusu "övladlarına" təmtaraqlı toy eləmək və bütün dost-tanışı bu məclisdə görmək olub. Hətta özlərinin vədinə görə, bu toyda oxumaq üçün dünyanın ən populyar müğənnilərini də dəvət edəcəklər. Məsələn, Şakira, Cenifer Lopes və s. və i.
Bilirsiniz ki, bu ulduzların da bir ölkədən digər ölkəyə toya çağırılmağı ucuz başa gəlmir. Ancaq nə Hadir Qafarzadənin, nə də Səməd Səmədovun umurunda deyil. Hə qədər lazımdır para xərcləyəcəklər, təki "övladları" xoşbəxt olsunlar... Həmin toyun olub-olmaması haqqında mətbuata bilgi verilmədi. Bəlkə də özlərini dilə-dişə salmaq istəməyiblər...
Bu manısların sərsəmləmələrini qoyaq bir kənara, çünki öz səviyyələrində danışıblar. Məsələ burasındadır ki, bu informasiyanın oxunma sayı dövlət üçün, millət üçün əhəmiyyətli hansısa bir informasiyanın oxunma sayından yüz dəfələrlə çox oldu həmin vaxt.
Səbəb isə bu kəslərə geninə-boluna efir verilməsi, jurnalistlərin onların arxasınca düşüb informasiya "dilənməsidir". Bu günlərdə həmkarlarımın biriylə söhbət zamanı dedi ki, 10 il bundan əvvəl manıslar jurnalistlərin arxasınca düşüb yalvarırdılar ki, onlardan kiçik bir müsahibə götürsünlər, hazırda isə bəzi jurnalistlər bu missiyanı yerinə yetirirlər.
Bəli, Azərbaycanda şou-biznes aləmində olan bəzi dələduzlar həm də ölkədə mənəviyyatsızlığın, əxlaqsızlığın, riyakarlığın, ləyaqətsizliyin təbliğiylə məşğuldurlar.
Yuxarıda qeyd elədiyim kimi bir addım qalıb ki, cəmiyyətimiz onlarla bərabər səviyyədə olsun. Bax bundan sonra vay bu millətin halına...