Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı inzibati prosedurlar elektronlaşdırılır Cəmiyyət

Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı inzibati prosedurlar elektronlaşdırılır

Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı inzibati prosedurlar elektronlaşdırılır

Bu, Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət rüsumu ödənildikdən sonra müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi və elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulur. Bununla yanaşı, qərarın məzmununun təsdiq edilməsi, elektron imza ilə rəsmiləşdirilməsi və elektron xidmətlərin hüquqi əsaslarının dəqiqləşdirilməsi təmin edilir.

Bununla yanaşı, Miqrasiya Məcəlləsinin 43-cü maddəsinə edilən dəyişikliklə müvəqqəti olma müddətinin uzadılmasından imtina üçün əlavə əsas müəyyən edilir. Belə ki, Məcəllənin 41.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən birinin və ya bir neçəsinin təqdim edilməməsidə imtina əsası kimi təsbit olunur.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda terminoloji xarakterli dəyişiklik edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş dəyişikliyə əsasən müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə rüsum nəzərdə tutulmayacaq.

Bundan əlavə, qanun layihəsinə keçid müddəası əlavə edilir. Keçid müddəasına əsasən, Qanun qüvvəyə mindiyi günədək verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərarlar onlarda göstərilmiş müddət başa çatanadək hüquqi qüvvəsini saxlayacaqdır. Həmin qərarlar itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə və ya əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar dəyişdikdə onlar elektron qaydada tərtib ediləcək, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi üçün həmin sistemə ötürüləcək, eyni zamanda müraciət edənin elektron poçt ünvanına göndəriləcəkdir. Bu hallarda qərarın yenidən rəsmiləşdirilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmayacaqdır.

Nəticə etibarilə, qanun layihəsi dövlət xidmətlərinin rəqəmsallaşdırılmasına, sənəd dövriyyəsinin sadələşdirilməsinə, müraciətlərin elektron qaydada icrasının genişləndirilməsinə, inzibati prosedurlarınoperativliyinin artırılmasına və qanunvericiliyin elektron idarəetmə prinsiplərinə uyğunlaşdırılmasına xidmət edir.