
“İranın ticarət gəmilərini atəşə tutması ilk növbədə rəsmi Tehranın Hörmüz boğazında nəzarəti gücləndirmək məqsədi daşıyır. Yəni İran ABŞ ilə əldə edilmiş razılaşmanın müddəti başa çatdıqdan sonra, yəni 60 gün tamam olduqdan etibarən Hörmüz boğazından keçən bütün ticarət gəmilərindən rüsum toplamaq niyyətindədir. Üstəlik, İran rejimi bu addımı atmaqla Hörmüz boğazına dolayısı ilə ərazi iddiası edir. Bu isə 1982-ci ildə qəbul olunmuş Beynəlxalq Dəniz Hüququ Haqqında Konvensiyanın pozulması deməkdir. Yəni Hörmüz boğazı İranın daxili suları deyil, neytral sulardır. Ona görə də İran tərəfi gəmilərin hərəkətinə nəinki mane olur, hətta onların şəxsi heyətinə, mülki insanların həyatına təhlükə yaratmaqla beynəlxalq hüququ kobud şəkildə pozur”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla söyləyib.
M.Abdulla hesab edir ki, İran bu addımı ilə həm də danışıqlar masasında ABŞ-yə diplomatik təzyiq göstərməyə, öz şərtlərini diqtə etməyə çalışır: “Lakin Tehran hakimiyyətinin ticarət gəmilərini atəşə tutması və beynəlxalq ictimaiyyəti Hörmüz boğazını bağlamaqla təhdid etməsi ona baha başa gələ bilər. Çünki İran bununla ABŞ ilə iyunun 18-də imzalanmış Anlaşma Memorandumunu birbaşa pozur. Həmin sənədin 4-cü maddəsində qeyd edilir ki, 60 gün ərzində İran İslam Respublikası müharibədən əvvəlki gəmi hərəkəti səviyyəsinə uyğun olaraq dəniz nəqliyyatının bərpasını təmin edəcək. Həmin 60 günlük müddət başa çatmadığı üçün İran gəmilərin və tankerlərin hərəkətini müharibədən əvvəlki səviyyədə, yəni dinc və təhlükəsiz şəkildə keçidinə şərait yaratmağa borcludur. Eyni zamanda, Memorandumun 5-ci maddəsində yazılır ki, İran İslam Respublikası bütün imkanlarından istifadə edərək Fars körfəzindən Oman dənizinə və əks istiqamətdə ticarət gəmilərinin təhlükəsiz keçidini heç bir ödəniş tələb etmədən və yalnız 60 gün müddətinə təmin edəcək”.
Siyasi şərhçi qeyd edib ki, İran tərəfi ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək üçün daha bir öhdəliyi pozub: “Bütün bunlar isə ABŞ-nin İran mövqelərinə əks-zərbə endirməsi ilə nəticələnə bilər. Prezident Tramp da İrana xəbərdarlıq edərək həm Hörmüz boğazı, həm də nüvə proqramı ilə bağlı razılaşmalara əməl etməyəcəyi təqdirdə, hərbi əməliyyatların daha kəskin şəkildə yenidən başlanacağını deyib. Lakin yaxın günlərdə ABŞ-nin mümkün qədər səbr nümayiş etdirəcəyini düşünürəm. Çünki İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xameneyinin dəfn prosesi başa çatana qədər ABŞ və İsraillə atəşkəs barədə Memorandumdan əlavə gizli razılaşma əldə olunub. İyulun 9-da Xameneyi torpağa tapşırılana qədər nə ABŞ-nin, nə də İsrailin İrana qarşı hər hansı ağır hərbi zərbə vuracağı inandırıcı görünmür. Prezident Tramp özü də dəfni rahat keçirmək üçün İranla bir həftəlik razılaşma əldə olunduğunu bildirdi. Nəzərə almalıyıq ki, Xameneyi ilə vida mərasimində 100-ə yaxın ölkənin dövlət və hökumət başçıları, vəzifəli şəxsləri, siyasi və ictimai xadimləri iştirak edir. Onların təhlükəsizliyinin təmin olunmasına görə yalnız İranın deyil, həm də ABŞ-nin və İsrailin üzərinə böyük məsuliyyət düşür. Ona görə də Hörmüzdə atəşkəsin vaxtaşırı pozulması halları baş versə də bunun yaxın günlərdə genişmiqyaslı döyüşlərə çevriləcəyini gözləmirəm”.
Onun sözlərinə görə, Hörmüz boğazında ticarət gəmilərinin atəşə tutulması İran hakimiyyətində fikir ayrılığının qalmaqda davam etdiyini göstərir: “Məlumdur ki, gəmilərə və tankerlərə atəş İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən açılır. İranda hakimiyyət isə SEPAH-ın əlindədir. Anlaşma Memorandumunu İran tərəfdən prezident Məsud Pezeşkian imzalayıb. Danışıqlarda rəsmi Tehranı təmsil edən spiker Məhəmməd Bağır Qalibaf özünü neytral kimi göstərməyə çalışsa da əslində, SEPAH generalıdır. Yəni SEPAH-ın gizli təlimatı ilə hərəkət edir. Ona görə də SEPAH danışıqlar prosesini sabotaj etməyə çalışır və Pezeşkianın imzaladığı öhdəlikləri istədiyi vaxt sıfırlaya biləcəyini nümayiş etdirir”.
Röya İsrafilova