Ötən il Qubaya gələn xarici turistlərin sayı 2015-ci illə müqayisədə 36,4 dəfə artıb Hadisə

Ötən il Qubaya gələn xarici turistlərin sayı 2015-ci illə müqayisədə 36,4 dəfə artıb

Quba Azərbaycanın ən zəngin turizm potensialına malik olan rayonlarındandır. Hazırda rayonda 51 mehmanxana fəaliyyət göstərir, 10-a yaxın yeni turizm obyektinin tikintisi isə davam etdirilir. Ötən il Quba Destinasiya Menecmenti Təşkilatının fəaliyyətə başlaması, keçirilən ənənəvi festivallar rayona yerli və əcnəbi turistlərin marağını daha da artırıb. Müqayisə üçün qeyd edim ki, 2015-ci ildə Qubaya 942-si xarici olmaqla, ümumilikdə, 23 min 761 nəfər turist gəlmişdisə, 2019-cu ildə xarici turistlərin sayı 36,4 dəfə artaraq 34 min 328 nəfərə çatıb. Ümumilikdə isə turistlərin sayı 2,8 dəfə artaraq 66 min 870 nəfər olub.
Bunu Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
Onun sözlərinə görə, dövlətimizin başçısının sərəncamları ilə həyata keçirilən yol infrastruktur layihələri başa çatdıqdan sonra rayona gələn turistlərin sayı daha da artacaqdır. “İndi rayonun Xınalıq, Qonaqkənd, Buduq, Qırız və Yerfi kimi ucqar kəndlərində dünyanın hər yerindən turistlərə rast gəlmək mümkündür”, - deyə o bildirib.