Qüdrət Həsənquliyev "Xalq Cəbhəsi"nin kollektivini təbrik edib Siyasət

Qüdrət Həsənquliyev "Xalq Cəbhəsi"nin kollektivini təbrik edib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev "Xalq Cəbhəsi" qəzetinin nəşrə başlamasının 25 illiyi münasibətilə qəzetin baş redaktoru Əli Zülfüqaroğlunu və kollektivi təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli Əli bəy! "Xalq Cəbhəsi" qəzetinin fəaliyyətə başlamasının 25 illiyi münasibətilə, Sizi və qəzetin kollektivini təbrik edirəm.
25 illik fəaliyyətində ölkənin mətbuat tarixində özünəməxsus yeri olan "Xalq Cəbhəsi" obyektiv, qərəzsiz və vicdanlı yanaşma sərgiləyib.
"Xalq Cəbhəsi" sadəcə xəbər istehsal edən media quruluşu kimi deyil, bütövlük məfkurəsinin daşıyıcısı kimi yadda qalıb və bu gün də bu ideyalara sadiqlik nümayiş etdirir.
Təbii ki, obyektiv və ədalət prinsiplərinə daim riayət etmək və böyük ideyaların təbliğatçısı vəzifəsinin daşıyıcısı olmaq çox çətin, eyni zamanda şərəfli missiyadır.
Bu gün dünyada köklü dəyişim prosesi gedir və bu bütün sahələrə öz təsirini göstərməkdədir. Amma yeni çağırışlara adekvat fəaliyyət göstərməklə yanaşı, milli dəyərləri və dövlətçilik maraqlarını hər şeyin fövqündə görən və mətbuat sahəsində məktəb funksiyası daşıyan ənənəvi media strukturlarının qorunması da tarixi əhəmiyyət daşıyır.
Bundan sonra da bu ənənələrə sadiq qalacağınıza və uğurlu fəaliyyət göstərəcəyinizə əminəm.
Sizi bir daha təbrik edir, möhkəm cansağlığı və bundan sonrakı fəaliyyətinizdə də uğurlar arzulayıram!".