“Bu, Avropanın Ukrayna müharibəsinin həllində diplomatik imkanları genişləndirmək niyyətini göstərir” Dünya

“Bu, Avropanın Ukrayna müharibəsinin həllində diplomatik imkanları genişləndirmək niyyətini göstərir”

“Almaniya kansleri Fridrix Merzin Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğv oluna biləcəyi barədə açıqlaması Avropanın Ukrayna müharibəsinin həllində diplomatik imkanları genişləndirmək niyyətini göstərir. Burada əsas məqam ondan ibarətdir ki, Almaniya sanksiyaların dərhal aradan qaldırılmasını təklif etmir. Sülh danışıqlarında əldə olunacaq konkret nəticələrə uyğun olaraq tədricən yumşaldılmasını nəzərdə tutur. Yəni sanksiyalar artıq həm də Rusiyaya danışıqlarda razılaşmanı əldə etmək üçün mümkün siyasi alət kimi nəzərdən keçirilir”.

Bu sözləri xalqcebhesi.az-a siyasi ekspert Polad Mehdiyev deyib.

P.Mehdiyev əlavə edib ki, Merzin ərazi məsələlərində təmas xəttini başlanğıc nöqtəsi kimi göstərməsi də diqqət çəkir: “Bu yanaşma mövcud hərbi vəziyyətin danışıqlarda nəzərə alınmasını nəzərdə tutur. Lakin təmas xəttinin danışıqlar üçün əsas götürülməsi həmin ərazilərin hüquqi statusunun dəyişməsi və ya Rusiyanın nəzarətində olan ərazilərin onun tərkib hissəsi kimi tanınması demək deyil. Digər tərəfdən, sanksiyaların yumşaldılması məsələsində Avropa daxilində vahid mövqenin formalaşması da vacibdir. Çünki ayrı-ayrı dövlətlərin təhlükəsizlik maraqları və Rusiyaya münasibəti fərqlidir”.

Ekspert düşünür ki, bu açıqlamanın əsas siyasi mesajı Avropanın Rusiya ilə münasibətlərdə diplomatik razılaşma imkanlarını açıq saxlamasıdır: “Lakin sanksiyaların real olaraq ləğvi müharibənin dayandırılması, əldə olunacaq razılaşmalara əməl edilməsi və Ukraynanın təhlükəsizliyinə təminat verilməsi kimi məsələlərdən asılı olacaq”.

Röya İsrafilova