“Azərbaycan hökuməti koronavirus probleminin həllində qlobal səylərə töhfə verir” Hadisə

“Azərbaycan hökuməti koronavirus probleminin həllində qlobal səylərə töhfə verir”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət qrup hazırda Azərbaycandadır, “COVID-19”-a cavab planı və 3-6 aylıq milli hazırlığı inkişaf etdirmək üçün milli cavab (reaksiya) komitəsi ilə işləyir.
ÜST-ün Avropa üzrə Regional Ofisinin məlumatında bildirilir ki, ÜST qrupu 6 nəfərdən ibarətdir.
Qrup aşağıda qeyd olunanlarla yanaşı, müxtəlif tədbirlərin görülməsində Azərbaycan hökumətinə yardım edir:
- cavab planlaşdırması;
- zəruri səhiyyə xidmətləri və biznesin davamlılığı;
- keyslərin araşdırılmasından tutmuş milli sınaq laboratoriyalarına qədər nəzarət strategiyası;
- xəstəxana hazırlığı və halların klinik idarə olunması;
- evdə və milli sərhədlərdə infeksiyanın qarşısının alınması profilaktikası və nəzarət;
- zəruri dərman, diaqnostika və sağlamlıq üçün avadanlıqları təmin etmək;
- məlumatları paylaşmaq, icmalar və təsiretmə gücü olanlarla əlaqə yaratmaq və şayiələri idarə etmək üçün risk ünsiyyət strategiyasını hazırlamaq;
- Ağır nəticələri minimuma endirmək üçün səyahət və ticarətlə bağlı tövsiyə olunan tədbirlər barədə məlumatlandırmaq;
- beynəlxalq tərəfdaşlıq çərçivəsində gələcək əməkdaşlıq imkanlarını müəyyənləşdirmək
Məlumatda qeyd olunur ki, bu günə qədər, Azərbaycan az sayda “COVID-19”-a yoluxma halını təsdiqləyib. Ölkə çox sayda “COVID-19”-a yoluxma halı təsdiqlənən İranla sərhəddir.
5 günlük missiya çərçivəsində 9-13 mart tarixində komanda Səhiyyə Nazirliyi və TƏBİB-lə işləyir, milli və regional xəstəxanalara, Qida Təhlükəsizliyi Agentliyi laboratoriyalarına, Azərbaycan Tibb Universitetinə və sərhəd-keçid nöqtələrinə baş çəkir. Missiyaya ÜST-nin Azərbaycandakı nümayəndəliyi dəstək verir.
ÜST-dən sınaq və fərdi qoruyucu vasitələrin təchizatı
Qeyd olunur ki, Azərbaycan ÜST-ün Avropa Regionundakı 17 ölkədən biridir ki, laboratoriya müayinəsi dəstlərini alıb. İlk dəstlər fevral ayında paylanıb, ikinci dəst isə hazırda göndərilməkdədir. Ölkə həm “COVID-19” virusuna yoluxmaqda şübhəli və virusa yoluxduğu təsdiqlənmiş xəstələrə qayğı göstərən tibb işçiləri üçün, həm də şübhəli halları yoxlayan laboratoriya heyəti üçün lazım olan fərdi qoruyucu vasitələr alacaq.

Qlobal cavab səylərinə dəstək

Məlumatda deyilir ki, Azərbaycan hökuməti qonşu ölkələrlə koordinasiyalı şəkildə “COVID-19” problemini həll etmək üçün qlobal səylərə töhfə verir və ÜST-nin strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırıb. Bu plan ÜST də daxil olmaqla beynəlxalq səhiyyə təşkilatları tərəfindən ehtiyac duyulan fəaliyyət və resursları, 2020-ci ilin aprel ayına qədər “COVID-19”-a hazırlaşmaq və ona cavab vermək üçün ölkələrə dəstək məqsədilə prioritet ictimai səhiyyə tədbirlərini həyata keçirməyi əhatə edir. Həmçinin bu plan beynəlxalq koordinasiya və əməliyyat dəstəyini, ölkələrin hazırlığı və cavab əməliyyatlarının miqyasını genişləndirməyi, prioritet tədqiqat və innovasiya işlərini sürətləndirməyi nəzərdə tutur.

Yeri gəlmişkən...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVİD-19) bağlı son məlumatı yayıb.
Martın 13-ə olan məlumata əsasən, 127 ölkədə virusa yoluxma halı qeydə alınıb.
Ümumi yoluxanların sayı 134 768, yeni yoluxanların sayı 102 nəfərdir.
Bildirilib ki, indiyədək xəstəlikdən ölənlərin sayı 4083 nəfərdir. Onlardan 8-i yeni ölüm faktıdır. Koronavirusa yoluxanlardan 70 387 nəfər sağalıb ki, onlardan 1300 nəfəri yeni sağalanlardır.

“Yas mərasimlərində iştirak etmək vacib deyil”

Koronavirusla əlaqədar ölkəmizdə təhsil müəssisələri bağlanıb, bir çox kütləvi tədbirlər təxirə salınıb. Əhaliyə toy və digər el şənliklərinin bir müddət ləğv olunması, yas mərasimlərinin məhdudlaşdırılması tövsiyyə edilib.
Məşədi Dadaş məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin məsələ ilə bağlı açıqlamasında bildirib ki, indiki durumda yas yerlərində insanların kütləvi şəkildə iştirak etməməsi daha məqsədə uyğundur.
“Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı tövsiyəsi var ki, yas mərasimində insanlar kütləvi iştirak etməsinlər. Hətta bəzi mərasim zallarında müəyyən məhdudiyyətlər tətbiq edilib. Bununla bağlı insanlarla maarifləndirmə işləri aparılır. Çünki insanın özünü qoruması ilahi bir vəzifədir, Allah qarşısında məsuliyyətdir. Ona görə də yas mərasimlərində iştirak etmək dini nöqteyi nəzərdən vacib məsələ deyil. Dəfn mərasimi baş tutduqdan sonra insanların yenidən bir yerə yığışması, yas mərasimi verməsi şərt hesab olunmur. Əlbəttə, yası təxirə salmaq olmur. Bu, bizim öz ixtiyarımızda deyil. Ancaq qısa müddətlik iştirak etmək olar”, - deyə ilahiyyatçı qeyd edib.