Korona yayılır, ölü sayı isə sürətlə azalır Hadisə

Korona yayılır, ölü sayı isə sürətlə azalır

Martın 11-də pandemiya elan edilən koronavirus dünya iqtisadiyyatına da ziyan vurmaqda davam edir. Artıq 127 ölkədə aşkarlanan virusun bu qədər sürətlə yayılması ölkələrin iqtisadi perspektivlərinə və maliyyə bazarlarının fəaliyyətinə ciddi zərbədir. Bəs Azərbaycanda koronavirusun vurduğu real ziyan nə qədərdir? Ölkədə virusun daha çox yayılması hansı sahələrdə zərərlə müşahidə oluna bilər?
Koronavirus pandemiyası təhlükəsi meydana çıxdığı gündən Azərbaycanda mövsümi qriplərə yoluxma da azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə respirator viruslarla bağlı həkimə müraciət edənlərin sayında kəskin azalma var. Xüsusilə bu ərəfələrdə havaların tez-tez dəyişkən keçməsi uşaqlarda qrip kimi xəstəliklərə səbəb olurdu. Amma hazırda xüsusilə kəskinləşmiş respirator virusları ilə bağlı narahatlıq müşahidə edilmir. Son günlər mövsümi qrip, respirator virusların azalmasını həkimlər, pediatrlar da təsdiqləyir.
Bununla bağlı açıqlama verən pediatr Vaqif Qarayev bildirib ki, məktəblər bağlanandan sonra mövsümi qriplər uşaqlar arasında kəskin azalıb: “İndi tövsiyə olunan gigiyenik qaydalar uşaqlara 3 yaşından aşılanmalıdır. Hazırda heç bir dəyişiklik yoxdur. Sadəcə, epidemiya vaxtı bu qaydalara daha ciddi əməl etməliyik. Uşaqların bu aralar xəstələnməməsinə səbəb koronavirusa görə gigiyenik qaydalara daha çox riayət edilməsi və sıx təmasdan çəkinməkdir. Məktəblərin bağlanması da mövsümi qriplərin kəskin azalmasına əsas səbəblərdəndir”.
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib ki, hazırda orta məktəblərdə tədris ilinin uzadılması müzakirə edilmir: “Hazırda dərs saatlarının kompensasiya olunması üçün işçi qrupu çalışır. Təhlillər aparıldıqdan sonra ümumi format bəlli olacaq. Ümumiyyətlə isə dərs ilinin uzadılması Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir”, - nazirlik rəsmisi bildirib. Qeyd edək ki, ölkədə koronavirus səbəbindən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi martın 3-dən etibarən (martın 27-dək) müvəqqəti dayandırılıb. Bununla əlaqədar orta məktəb şagirdləri üçün itirilən dərs saatlarının bərpa edilməsi məqsədi ilə martın 11-dən “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib. Ali təhsil müəssisələrində isə tədris ilinin iyunun 15-dək davam etdirilməsi barədə Təhsil nazirinin müavini Firudun Qurbanov qərar qəbul edib.
Onu da qeyd edək ki, koronavirus (COVİD - 19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondu virusun geniş yayıldığı ölkələrdə Xaricdə Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin sağlamlıq və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi və zəruri hallarda ölkəmizə qayıtması ilə bağlı təxirəsalınmaz tədbirlər görməkdədir.
Fonddan verilən məlumata görə, bununla yanaşı, yarana biləcək hər hansı təhlükənin qarşısının alınması, eləcə də zəruri tədbirlərin operativ həyata keçirilməsi məqsədilə xaricdə təhsilini davam etdirən proqram iştirakçıları və onların təhsil aldıqları universitetlərlə sıx təmaslar davam etdirilir. “Mütəmadi olaraq, tələbələrin ehtiyacları və müvəqqəti yerləşmə ölkəsində və şəhərindəki vəziyyətlə bağlı məlumatlar alınaraq, təhlil olunur, müvafiq ölkələrdə yerləşən diplomatik nümayəndəliklərimizlə əlaqələndirilir. Zəruri hallarda və tələbələrin istəklərinə uyğun olaraq, onların ölkəmizə qaytarılması təmin olunur. Xaricdə Təhsil Proqramı çərçivəsində hazırda ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, İsveç, Niderland, Norveç və Rusiya Federasiyasının aparıcı universitetlərində gənclərin təhsil prosesi dövlət tərəfindən dəstəklənir. Xaricdə təhsilin maliyyələşdirilməsi üzrə müsabiqə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq, Gənclər Fondu tərəfindən 2019-cu ildə keçirilib. Müsabiqə çərçivəsində 74 ixtisas istiqaməti üzrə ABŞ və Avropanın aparıcı ali təhsil müəssisələrində magistr pilləsi üzrə təhsil almaq hüququ qazanmış gənclər iştirak ediblər. Gənclər Fondu, Koronavirus (COVİD - 19) pandemiyası ilə əlaqədar həmçinin gənclərin beynəlxalq tədbirlərdə iştirakı və beynəlxalq təşkilatlarda təcrübə proqramlarına da müəyyən məhdudiyyətlər tətbiq etməkdədir”, - deyə məlumatda qeyd olunub.
Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Əkrəm Həsənov mövcud iqtisadi ziyanın təhsil sahəsində olduğunu deyib: “Koronavirusun tibbi-nöqteyi nəzərdən yayılmasını proqnozlaşdırmaq çətindir. Çünki hələlik bizdə elə də geniş yayılmayıb. Amma İtaliya hətta restoranları bağlayıb. Orada vəziyyət çox pisdir. Bizdə isə yalnız təhsil müəssisələri bağlanıb. Bunun özü artıq iqtisadi geriləmədir. Təhsil müəssisələri bağlanıbsa, ən azı dərs deməyən müəllimlərə maaş verilir. Biz müəllimlərə deyə bilmərik ki, dərs yoxdur, sizə pul vermirik”. Natiq Cəfərli isə məhsulların idxal və ixracında azalmanı ciddi iqtisadi problem hesab edir: “Real olaraq görünən ziyanlardan biri sərhədlərin bağlanması məsələsidir ki, mal və məhsulların mübadiləsinin zəifləməsinə səbəb olub. İstər İrandan, istər Çindən və digər ölkələrdən gələn məhsulların həcmi və çeşidinin azalması gözlənilir və bu da bazarda müəyyən dərəcədə gərginliyə səbəb ola, qiymət artımına və inflyasiyanın sürətlənməsinə təkan verə bilər”. N.Cəfərli ziyanın turizm sahəsində daha çox müşahidə olunacağını bildirib: “Həm koronovirus, həm də digər siyasi-iqtisadi səbəblərdən neftin qiymətinin düşməsi Azərbaycana, təbii ki, ciddi iqtisadi fəsadlar törədir. Amma ən çox ziyan, əlbəttə ki, turizmə dəyəcək. Novruz bayramı öncəsi turizm obyektləri həmişə hazırlıq görürdülər. Bu dövrdə İrandan təxminən 20-25 min qonaq gəlirdi. İndi, demək olar ki, sıfıra enib. Həm İranla sərhədlər bağlıdır, həm aviareyslər təxirə salınıb. Özü də söhbət təkcə İrandan getmir. Ümumiyyətlə, dünyada insanların səfər etməyə həvəsi ölüb. İnsanlar səfər etmək istəmir və səfər etmək istəmədiyindən, təbii ki, Azərbaycana da gəlməyəcəklər”. Ekspert onu da vurğulayıb ki, turizmə dəyən ziyanın qarşısını almaq üçün bu sahəyə dəstək olunmalıdır: “Hökumət turizmlə, turizm şirkətləri ilə bağlı müəyyən təşviqedici addımlar atmalıdır. Rəsmi olaraq 23 min Azərbaycan vətəndaşı bu sahədə çalışır. Turizm şirkətlərinə müəyyən vergi güzəştləri tətbiq oluna bilər. Ən azından ilin sonuna qədər vergilərdən azad olunması ilə bağlı qərar olsa, bu onların ayaqda qalmasına yardımçı ola bilər”.
İsrail parlamentinin üzvü Orli Levi-Abukasis koronavirusun bioloji silah olduğunu söyləyib. İsrailli deputatın sözlərinə görə, koronavirus heyvandan insana ötürülən xəstəlik deyil. O əvvəlcədən hazırlanmış və testdən keçirilmiş bioloji məhsuldur. Maraqlıdır, doğurdanda koronavirus əvvəlcədən hazırlanmış bioloji məhsuldur yoxsa təmamən təsadüf nəticəsində təbiətin yaratdığı pandemiya? Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər konkret cavab verməyib. Siyasətçinin fikrincə, hər iki versiyanın öz tərəfdarları var. “Bu barədə bir-birinə zidd olan fikirlər yayılır. Həm alimlər, həm təhlükəsizlik ekspertləri, həm siyasətçilər bir-birinə zidd olan müxtəlif fikirlər yayırlar. Bir qrup insan deyir ki, bu təbii şəkildə yayılmış bir virusdur, digər qrup insanlarda deyir ki, bu bioloji silahdır. Ona görə də qəti bir fikir söyləmək çətindir”. Sülhəddin Əkbər onu da qeyd edib ki, bu barədə yalnız bioloji silah mütəxəssisləri düzgün nəticəni söyləyə bilərlər. Lakin onlar həqiqəti bilsələr belə bu barədə danışmaqdan imtina edəcəklər.
Xatırladaq ki, Yeni koronavirus (CoV) dedikdə koronavirusun yeni ştammı nəzərdə tutulur.
İlk dəfə olaraq Çinin Uhan şəhərində qeydə alınmış yeni koronavirus tərəfindən törədilən xəstəlik koronavirus xəstəliyi 2019 (COVID-19) adlandırılmışdır: CO – korona, Vİ – virus və D - xəstəlik (ingilis dilində “disease”) deməkdir. İlk vaxtlar bu xəstəlik “2019 yeni koronavirus”, yaxud “2019-nCoV” olaraq da adlandırılmışdır.
COVID-19 virusu Ağır Kəskin Respirator Sindrom (SARS) ilə eyni virus ailəsi və adi soyuqdəymənin bəzi növləri ilə əlaqələndirilən yeni virusdur.
Bu virusa yoluxmuş insanın tənəffüs damcıları (öskürək və asqırıq nəticəsində yaranan) ilə birbaşa təmas və virus ilə çirklənmiş səthlərə toxunma yolu ilə ötürülür. COVID-19 virusu səth üzərində saatlarla qala bilsə də, adi dezinfeksiyaedici maddə ilə zərərsizləşdirilə bilir.
Simptomlara hərarət, öskürək və təngnəfəslik aid ola bilər. Daha ağır hadisələrdə infeksiya pnevmoniya, yaxud tənəffüs çatışmazlığına səbəb ola bilər. Daha nadir hallarda infeksiya ölüm ilə nəticələnə bilər.
Bu simptomlar COVID-19 xəstəliyi ilə müqayisədə daha çox yayılmış qrip (influenza) və ya soyuqdəymənin simptomlarına bənzərdir. Buna görə də kiminsə məhz COVID-19 xəstəliyinə yoluxduğunu öyrənmək üçün həmin şəxsin test olunması tələb olunur. Əsas profilaktik tədbirlərin eyni olduğunu yadda saxlamaq vacibdir - əllərin tez-tez yuyulması və respirator gigiyena (öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını bağlı zibil qutusuna atın). Bundan başqa qripə qarşı peyvənd də mövcuddur – ona görə də özünüzü və övladlarınızı vaxtında peyvənd etdirməyi unutmayın.