Psixoloqdan korona tövsiyəsi: Bunu uşaqlara deməyin! Hadisə

Psixoloqdan korona tövsiyəsi: Bunu uşaqlara deməyin!

Koronavirusla bağlı yayılan məlumatların ictimaiyyətdə və ailə daxilində düzgün şərh edilməməsi uşaq psixologiyasına mənfi təsir edir və travmalara yol açır.
Bunu Axar.az-a açıqlamasında uşaqların koronavirusa bağlı məlumatlandırılmasına münasibət bildirən psixoloq Gülnar Orucova deyib. O qeyd edib ki, virusun təhlükə deyil, qorxu kimi aşılanması uşaqların cəmiyyətdən uzaqlaşmasına səbəb ola bilər:
“Hətta ailə içində aparılan yanlış müzakirələr də uşaqlarda bir sıra qorxuların yaranmasına və travmaya səbəb olur. Uşaqlara virusa yoluxmamaq üçün sağlam qidalanmanın, sağlam orqanizmin və gigiyena qaydalarına riayət edilməsinin vacibliyi izah edilməlidir. Bunun onlara düzgün izah edilməməsi, yəni koronavirusun təhlükə deyil, qorxu kimi aşılanması onlarda travma və qorxu hissi yaradır. Əgər uşaqlara “qrip olan, öskürən və s. insanlara yaxın getmə” deyilsə, onlarda digər insanlara qarşı aqressiya yarana bilər. Bu da uşaqlarda cəmiyyətdən uzaqlaşma, ünsiyyət və s. kimi problemlərə yol açır. Uşaqlara elə tövsiyə verilməlidir ki, onların davranışlarına mənfi təsir etməsin. Belə halların yaşanmaması üçün valideynlərin maariflənməsi önəmlidir”.
Psixoloq vurğulayıb ki, bəzi valideynlər səhvə yol verərək uşaqlara tətil günlərinin kompensasiyası üçün yay tətilinin ləğv ediləcəyini söyləyirlər:
“Belə qeyri-rəsmi məlumatlar onlarda məktəbə qarşı qıcıq və narahatlıq hissinin yaranmasına səbəb olur. Bu səbəbdən koronavirusla əlaqədar Operativ Qərargahın verdiyi qərarları onlara düzgün anlatmaq lazımdır”.