“#Evdə qal, şeir söylə” adlı bədii qiraət müsabiqəsi Hadisə

“#Evdə qal, şeir söylə” adlı bədii qiraət müsabiqəsi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin keçirdiyi (ADMİU) IV bədii qiraət müsabiqəsi “#Evdə qal, şeir söylə” adlanır. ADMİU-dan bildirilib ki, ənənəvi hal alan bədii qiraət müsabiqəsi ötən il İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub. İki nominasiya üzrə - ADMİU-nun və digər ali məktəblərin tələbələri arasında keçirilən müsabiqədə ümumilikdə 94 tələbə iştirak edib.
Bu il isə yarışma sərbəst mövzudadır. Təşkilat komitəsi koronavirus pandemiyasının yayılması ilə əlaqədar sosial təcrid tədbirləri və karantin şərtlərini nəzərə alaraq müsabiqənin onlayn rejimdə keçirilməsini qərara alıb. Münsiflər heyətinə Teatr sənəti fakültəsinin Səhnə danışığı kafedrasının müəllimləri - Əməkdar artist, dosent Azad Şükürov, dosent Nadir Hüseynov, Əməkdar artist, dosent Mahirə Yaqubova, Xalq artisti Mehriban Zəki, Əməkdar artist, dosent Ağalar Bayramov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kəmalə Mehdiyeva və Bakı Kitab Mərkəzinin direktoru, yazıçı, publisist Günel Anarqızı daxildir. Martın 16-da başlayan iki mərhələdən ibarət müsabiqəsinin birinci mərhələsi artıq yekunlaşıb. Birinci mərhələyə qatılan 31 tələbədən 24-ü növbəti mərhələyə keçmək imkanı qazanıb. Seçim prosesində nitqin səlisliyi, aydınlığı, heca və məntiqi vurğuların düzgün ifadəsi, sözaltı mənanın çatdırılması, jest, mimika, səs tonu kimi meyarlar əsas götürülüb.
Final mərhələsindən sonra müsabiqənin yekun nəticələri açıqlanacaq. I, II və III yerin qaliblərini dəyərli hədiyyələr, diplom və pul mükafatı gözləyir. Karantin rejimi bitdikdən sonra müsabiqənin bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.