Qulaqcıqdan istifadənin ziyanlı tərəfləri Hadisə

Qulaqcıqdan istifadənin ziyanlı tərəfləri

Alimlər xəbərdarlıq edir ki, müntəzəm qulaqcıqdan istifadə edən musiqisevərlərin sağlamlığı risk altındadır

Yolda, ictimai nəqliyyatda, mağazada qulaqcıqlarla musiqi dinləyən gənclərlə çox rastlaşmaq olur. Belə gənclər bir çox halda yanında baş verən proseslərin belə fərqinə varmadığının şahidi oluruq. Yalnız öz aləmində və virtual dünyasında olan gənclərin həyatına bəzən təhlükə də yaradır bu qulaqcıqlar. Məsələn, ötən il 21 yaşlı İmran Lalayev qulaqcıq taxmasının bədəlini həyatı ilə ödədi. Belə ki, "Koroğlu" metrosunun yaxınlığından keçən dəmir yolu ilə hərəkət edən gəncin elektrik qatarının səsini eşitməməsi qəza ilə nəticələnib. Həticədə qatar onun hər iki ayağını kəsib.
Mütəxəssislər hesab edir ki, yüksək səslə musiqi dinləmək daxili qulaqdakı qulaq sinirlərinə və eşitməni təmin edən qulaq hüceyrələrinə öldürücü təsir edir. Qulaqcığın səs şiddəti birbaşa qulaq pərdəsinə, ordan daxili qulağa və qulaq sinirinə istiqamətləndiyi üçün zərəri çox böyükdür. Davamlı və yüksək səslə musiqi dinləmə qulaqda qalıcı cingildəmə və uğultu meydana gətirir. Sinirlər zədə gördüyü üçün cingildəmə və uğultudan sonra eşitmə itkisi və karlıq meydana gələ bilər. Belə vəziyyətdə isə əvvəl qulaqcıq istifadə edən şəxs sonradan eşitmə cihazı istifadə etmək məcburiyyətində qalır.
Eyni zamanda bir çoxlarının fikirincə, bu amil bir sıra psixoloji problemlərə də yol aça bilir. Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, yüksək səslə və daimi şəkildə musiqi dinləmək, eyni mahnıya qulaq asmaq psixoloji cəhətdən müəyyən problemlərə yaratma ehtimalı böyükdür: "Burada şüuraltı motiv ondan ibarətdir ki, insanda musiqiyə konsentrasiya yaranır. Və bu zaman ətrafla bütün əlaqələr kəsilir. Bu situasiyada insan xəyallarının içində, reallıqdan kənarda yaşadığına, bu an mütəmadi olaraq davam etdiyinə görə, bir müddətdən sonra reallıqla arzularını, arzuladığı həyatı fərqləndirə bilmir. Bu da nəticədə onlarda aqressiya yaradır. İnsanların özünə qapanmasına gətirib çıxarır. Ona görə də xüsusən gənclər və yeniyetmələr diqqətli olmalıdırlar. Nəzərə almaq lazımdır ki, istənilən səsin müəyyən tezlikdən yuxarısı insanda aqressiya yaradır. Bizim gənc və yeniyetmələrimiz bu haqda kifayət qədər maariflənməyiblər. Nəticə olaraq da, gənclərdə sadaladığımız müxtəlif narahatlıqlar baş verir. Başqa bir məqam isə, avtomobildə yüksək səslə musiqiyə qulaq asmaqdır. Bu da potensial qəza şəraitinin yaranmasına gətirib çıxara bilir. Belə ki, bəzən sürücü musiqiyə qulaq asarkən ətrafa qarşı diqqətsiz olur, avtomobilin idarəsini itirir. Ona görə də, bu təhlükələrdən uzaqlaşmaq üçün, yaxşı olar ki, insanlar bu məsələyə xüsusi diqqət yetirsinlər".
Psixoloq Dəyanət Rzayev isə hesab edir ki, deyilən fikirlər gerçəkliyi əks etdirmir. Yükəsk səslər müəyyən əsəb gərginliyi yaratsa da, hər hansı psixoloji pozğunluğa yol açmaz: "Düzdür, yüksək səslər insanlarda vahimə yarada bilir. Amma bu, birbaşa beyinə təsir göstərir. Qulaqcıqlardan istifadə bir çox hallarda zəruridir. Məsələn, ictimai yerlərdə telefonla danışarkən, musiqiyə qulaq asarkən və s. Normal istifadə edildiyi müddətcə heç bir problem yaşanmaz. Amma daimi istifadə edəndə bu asılılıq yaradır. Amma düşünmürəm ki, ciddi psixi pozğunluqlara gətirib çıxarsın. Sadəcə, müəyyən əsəb gərginliyinə səbəb ola bilər".
Ekspertlərə görə, qulaqcıqdan gün ərzində aşağı səslə və qısamüddətli istifadə olunmalıdır. Gün ərzində qulaqcıqdan 1-2 saatdan artıq istifadə olunmaması məsləhət görülür. Qulağında və eşitməsində problem olanlar isə, ümumiyyətlə onu istifadə etməməlidirlər. Alimlər xəbərdarlıq edir ki, müntəzəm qulaqcıqdan istifadə edən musiqisevərlərin sağlamlığı risk altındadır. Daimi qulaqcıqlardan istifadə etmək gələcək nəslin kütləvi karlıqdan əziyyət çəkməsinə səbəb ola bilər.
Otolorinqoloqu Hafiz Mehdiyevin sözlərinə görə, qulaqcıqlar qulağa uyğun seçilməlidir ki, sonradan problem yaşanmasın: "Hər qulağın ölçüsünə uyğun qulaqcıq olmalıdır. Əgər qulaqcıq qulağa uyğun deyilsə, kiçik və ya böyükdürsə, qulağı mexaniki olaraq incidir. Ayaq ölçüsünə uyğun olmayan ayaqqabılar narahatçılıq yaratdığı kimi, qulaqcıqlarda da belə narahatlıqlar yaranır. Bundan əlavə, elə qulaqcıqlar var ki, onlar qulaqdan düşməsin deyə, qulaqcıqların baş hissəsinə başlıq keçirilir ki, bu da qulaqda narahatçılığa gətirib çıxarır".
Həkim bildirir ki, yüksəs səslə nəyisə dinləmək qulaqlari hədsiz zədələyir: "Necə ki, keyfiyyətsiz eynək istifadə etmək gözün görmə tonusunu aşağı salır, keyfiyyətsiz qulaqcıqdan da uzun müddət istifadə etmək eşitmə zəifliyinə gətirib çıxarır. Bu cür qulaqlıqlarda mövcud olan səs zamanla daha da pisləşir. Dükanlarda heç bir firmaya aid olmayan qulaqcıqlar satılır ki, onlardan istifadə qulaqlara mənfi təsir edir. Buna görə insanlara tövsiyə edirik ki, markası bəlli olan qulaqcıqlardan istifadə etsinlər. Elə qulaqcıqlar var ki, qulaq kanalının içinə salınır. Belə qulaqcıqlara insanlar daha çox üstünlük verir. Qulaq pərdəsinə nə qədər yaxından səs verilərsə, qulaqların zədə alması ehtimalı daha çoxdur. 1 metrdəki partlayışın səsi ilə 10 metrdəki partlayışın səsi qulağa necə təsir göstərirsə, qulağın içinə verilən səs də eyni təsiri göstərir".
Hafiz Mehdiyev deyir ki, qulaqcıqlar zamanla vərdiş halını alır və dinlənilən səs kifayət etmir: "Musiqi hansı yüksəklikdə dinlənilirsə - dinlənilsin, bir müddət sonra səs qulağa kifayət etmir və yavaş-yavaş yüksəldilir. Təbii ki, bu da qulağa hədsiz ziyan verir. Bəzən xəstə müraciət edir, lakin sonradan aydınlaşır ki, bu, tamamilə qulaqcığın yaratdığı fəsaddır. Qulaqcıqlar həm mexaniki narahatçılıq, həm də sağlamlıq baxımından ziyanlıdır, odur ki, istifadə olunmasa yaxşıdır".
Yeri gəlmişkən, satışda keyfiyyətsiz qulaqcıqlar kifayət qədərdir. Satıcılar bildirir ki, hazırda alıcılar ən çox qulaq kanalına daxil olan qulaqcıqları bəyənirlər. Çünki bunlar qulaqda birdəfəlik oturur və qulaqdan düşmür. Ucüz qulaqcığı hətta 3 manata da almaq mümkün olduğu halda orijinal qulaqcıqların qiyməti 15 manata qədər yüksəlir.
Statistik məlumatlar göstərir ki, Rusiyada karlaşma həddi cavanlaşır. Belə ki, əvvəllər karlaşma 70 yaşdan sonra müşahidə olunurdusa, indi 30-40 yaşında insanlar bundan əziyyət çəkir.
Otolorinqoloq Altun Əliyevin sözlərinə görə, qulaqcıqlar sayəsində bu gün hər 10 xəstədən 7-sinin qulağında problem var. Dinlənilən musiqinin şiddəti və qulaq asma müddəti normadan çox olarsa, eşitmə ilə bağlı ciddi problemlər yarana bilər: "Kiçik yaşlarından etibarən musiqi dinləmək üçün qulaqcıqlardan istifadə edilməsi eşitmənin itirilməsi riskini ortaya qoyur. İstifadəçilər bu riski minimuma endirmək üçün bəzi tədbirlər görməlidir. Səs şiddətinə bağlı olaraq inkişaf edən akustik ziyan, tipik olaraq daxili qulaqda "ilbiz" adı verilən hissədəki eşitmə hüceyrələrində və ya sinirlərində meydana gəlir. Buna əlavə olaraq fərdlərdə bildikləri və ya fərqində olmadıqları bəzi sistemik xəstəliklərin varlığı da daxili qulaqda eşitməni zəifləməsinin daha sürətlə inkişaf etməsinə səbəb olur. Gənclərin böyük bir əksəriyyəti yüksək səslə musiqi dinlədikdən sonra qulaqda cingildəmə, uğultu və eşitmədə azalma kimi əlamətlərlə qarşılaşırlar. Halbuki bu tip əlamətlər qalıcı bir ziyana da işarə ola bilər. Bu vəziyyətdə səs şiddətini azaltmaq və ya musiqi dinləməyə bir müddət ara vermək lazımdır".
Aparılan araşdırmalar göstərir ki, 85 desibel şiddətindəki səslərə 8 saatdan çox məruz qalan qulaq eşitmə gücünü yarı- yarıya itirir. Bu müddətlər 88 desibel üçün 4 saat, 91 desibel üçün 2 saat və 100 desibel üçün 15 dəqiqə şəklində bölünür. Gündə 90 dəqiqədən artıq qulaqcıqla musiqi dinlənilməməlidir. İnsan səsi normal danışıq zamanı 30, qışqırdığı zaman 60 desibel olur. Bunu nəzərə alaraq 60 desibeldən yuxarı musiqi dinləməmək qulaq üçün faydalıdır. Daxili qulağı narahat edən yüksəklikdə musiqi dinləmək akustik travmalar yarada bilir.
Otolorinqoloq bildirir ki, qulaqcıq səsdən əlavə qulağa infeksiya keçməsinə də səbəb olur. Qulaqcıqlar bir nəfər tərəfindən istifadə olunmalı, fərdə məxsus olmalıdır. Lakin o demək deyil ki, fərdə məxsus olan qulaqcıqlar qulağı infeksiya riskindən qoruyur: "İstifadə olunan qulaqcıqların çoxunun başlığı rezindən olur. Belə qulaqcıqlar qulaq yolunun tərləməsinə və infeksiya yaranmasına səbəb olur. Buna görə, istifadə olunan qulaqcıq hər yarım saatdan bir 5-10 dəqiqə müddətinə qulaqdan çıxarılmalıdır. Qulaqcıqdan bir nəfər istifadə etsə belə hər istifadədən əvvəl nəm salfetlərlə silinməlidir".
Cihazın çıxardığı səslər qədər, qulaqcıqların tipləri də əhəmiyyət kəsb edir. Hansı qulaqcıq tipinin daha etibarlı olduğunu bilmək üçün çöldən nə qədər səs alıb-almamasına diqqət yetirmək lazımdır. Ətrafdakı səs-küy yüksəldikcə istifadəçilər cihazlarının səsini yüksəldirlər. Qulaqcıq seçimi edərkən xaricdən ən az səs alan qulaqlıqlar seçim edilməlidir. Qulaqcıqların tək tərəfli istifadə edilməsi də düzgün deyil. Təktərəfli və yüksəksəsli musiqi dinləmək tək qulağı zəiflədir, diqqət yayındırır. Bir sözlə, hansı qulaqcıq olmasından asılı olmayaraq qulaqcıqlardan müəyyən aralıqla istifadə etmək və mümkün qədər musiqini az səslə dinləmək lazımdır.
Psixoloq Nail Cəlilin sözlərinə görə, qulaqcıq onu istifadə edən adamı tamam başqa, yad, müəyyən mənada mistik, mövcud olmayan, virtual bir aləmə daşıyır. Qulaqcıqdan davamlı istifadə əksər hallarda istifadəçinin əsəblərinə mənfi təsir edir, hətta kəskin emosional stress yaradır. Bu isə nəticədə psixi travmalara səbəb olur: "Belə insanların çoxunda qulaqcığa ikili münasibət yaranır. Çünki həm qulaqcıqdan həddən artıq istifadə onları bezdirir, həm də alışdıqları üçün bu cihaz olmadan keçinə bilmirlər. Bir qədər təzadlı görünsə də, belə münasibət həm də tənhalıq kompleksi yaradır. Yəni qulaqcıqdan çox istifadə edənlər sosial mühitdən, ətraf aləmdən, insanlardan özlərini təcrid etməyə çalışırlar və getdikcə bu meyil dərinləşir".
Psixoloq düşünür ki, müəyyən hallarda bu cihazdan istifadənin faydası da var. Lakin bu heç də o demək deyil ki, ictimai yerlərdə, metroda, küçədə, insanların sıx toplaşdığı yerlərdə hərəkət edərkən qulaqcıq taxıb ritmik musiqi dinləyə-dinləyə əl-qol atmaq olar: "Bəziləri fikirləşir ki, belələri dəlidir. Əslində bu hərəkətlərdə dəliliyin ilkin əlamətləri özünü göstərir. Ətrafdakılara laqeydlik, etinasızlıq, sosial məsuliyyət hissinin itirilməsi və s. buna misal ola bilər".

Ülviyyə Tahirqızı